- "Biz ortaq keçmişin varisləri olduğumuz kimi, həm də ortaq gələcəyin qurucuları olmalıyıq"
“Prezident İlham Əliyevin Türkmənistana səfərini Azərbaycan – Türkmənistan qardaşlığının möhkəmlənməsi, Mərkəzi Asiya – Azərbaycan işbirliyinin dərinləşməsi və Türk dünyasının qarşılıqlı bağlılığının möhkəmlənməsi baxımından qiymətləndirdikdə, bu səfərin necə böyük önəm daşıdığı aydın görünəcək”.
Bu fikri Sherg.az-a açıqlamasında şair, publisist, Dünya Gənc Türk Yazarlar Birliyinin qurucu-başqanı olmuş Beynəlxalq "ALAŞ" ədəbi mükafatı laureatı Əkbər Qoşalı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qardaş və dost ölkə Türkmənistana növbəti işgüzar səfərinin ölkələrimiz, eyni zamanda Türk dünyası və Orta Asiya regionu üçün önəmindən danışarkən bildirdi.
Ə.Qoşalı qeyd etdi ki, Azərbaycan Prezidentinin qardaş Türkmənistana səfərini Xəzər qonşusu və qan qohumu olan iki ölkə arasında diplomatik münasibətlərin inkişafı konteksti ilə birgə, bütövlükdə Mərkəzi Asiya – Azərbaycan işbirliyinin yeni keyfiyyət mərhələsinə keçidi baxımından dəyərləndirə bilərik: 
- Bu səfərin siyasi, iqtisadi, yükdaşıma, bağlantılar və mədəni-humanitar ölçüləri vardır. Ən başlıcası isə odur ki, söhbət artıq ayrı-ayrı dövlətlərin ikitərəfli münasibətlərindən daha geniş, qarşılıqlı çıxarlara və ortaq gələcək təsəvvürünə əsaslanan bölgəsəl işbirliyi modelindən gedir. Bəli, Azərbaycanla Türkmənistanı birləşdirən bağların dərin tarixi, etnomədəni və mənəvi kökləri var. Hər iki xalq oğuz-türk mədəniyyətinin daşıyıcısıdır. Dilimiz, ədəbiyyatımız, musiqimiz, xalçaçılıq gələnəklərimiz, mənəvi dəyərlərimiz ortaq sivilizasiya yaddaşının müxtəlif təzahürləridir. Bu anlamda Xəzər bizi ayıran su hövzəsi kimi çıxış etmir, o, bizi tarixən birləşdirən, bu gün isə strateji işbirliyi imkanlarını genişləndirən ortaq məkandır. Xəzər Azərbaycan və Türküstanın tarixdə olduğu kimi böyük gələcəkdə də ortaq “mavi Vətən”i olacaq.
Prezident İlham Əliyevin Türkmənistana səfərinin önəmi, ilk növbədə, məhz tarixi yaxınlığın çağdaş geosiyasi və geoiqtisadi məzmunla zənginləşməsini önə çəkən Ə.Qoşalı bildirdi ki, Azərbaycan və Türkmənistan arasında bağların inkişafı Transxəzər yükdaşıma dəhlizinin, Orta dəhlizin, enerji və logistik işbirliyi baxımından önəmli gələcək vəd edir. Mərkəzi Asiya dövlətlərinin Avropa və digər beynəlxalq bazarlarla əlaqələrinin şaxələndirilməsində Azərbaycanın tranzit və kommunikasiya imkanları özəl yer tutur. Digər önəmli məsələ, əlbəttə, Türk dünyasının inteqrasiyasıdır. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyənin Türk Dövlətləri Təşkilatı çərçivəsində işbirliyi, Türkmənistanın isə bu təşkilatda müşahidəçi statusu ortaq çalışmalar üçün geniş imkanlar açır. Bununla yanaşı, Tacikistanla inkişaf edən münasibətlər göstərir ki, Azərbaycan – Mərkəzi Asiya yaxınlaşması yalnız etnik və dil qohumluğuna əsaslanmır. Bu, daha geniş bölgəsəl tərəfdaşlıq və qarşılıqlı güvən fəlsəfəsidir: 
- Mən bu prosesin mədəniyyət ölçüsünü ayrıca vurğulamaq istərdim. Çünki iqtisadi layihələr dövlətləri yaxınlaşdırırsa, mədəniyyət xalqların yaxınlığını davamlı edir. Ortaq ədəbi irsin öyrənilməsi, yaradıcı birliklərin işbirliyi, universitetlərarası bağlar, media platformları, ortaq nəşrlər və gənclərlə iş mübadiləsi bu inteqrasiyanın mənəvi infrastrukturunu formalaşdıra bilər. Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərinin inkişafında yeni institusional mexanizmlərin meydana çıxması da diqqətəlayiqdir. Belə mexanizmlər qarşılıqlı güvəni diplomatik açıqlamalar səviyyəsindən çıxararaq, onu davamlı işbirliyinə çevirmək imkanı yaradır.
Fikrimcə, burada daha böyük bir tarixi anlam vardır: bir zamanlar İpək Yolu üzərində mədəniyyətlərin görüşdüyü coğrafiya bu gün yeni yükdaşıma şəbəkələri, rəqəmsal əlaqələr, enerji layihələri və ortaq humanitar təşəbbüslər üzərindən yenidən bir-birinə bağlanır. Lakin bu dəfə həmin yaxınlaşmanın önəmli fərqi müstəqil dövlətlərin öz milli çıxarları əsasında, bərabərhüquqlu tərəfdaşlar kimi işbirliyi qurmasıdır. Bütün bu amillər nəzərə alınmaqla Prezident İlham Əliyevin Türkmənistana səfərini Azərbaycan – Türkmənistan qardaşlığının möhkəmlənməsi, Mərkəzi Asiya – Azərbaycan işbirliyinin dərinləşməsi və Türk dünyasının qarşılıqlı bağlılığının artması baxımından qiymətləndirməkdə haqlıyıq.
Biz ortaq keçmişin varisləri olduğumuz kimi, həm də ortaq gələcəyin qurucuları olmalıyıq. Bu gələcəyin siyasi dayağı – qarşılıqlı güvən, iqtisadi dayağı – qarşılıqlı yarar, mənəvi dayağı isə ortaq mədəniyyət və bir-birinin özünəməxsusluğuna sayğıduyarlıqdır.