Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul etdi

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə layihəsini təsdiqləyib.

Teleqraf xəbər verir ki, səsvermədə Avropa Parlamentinin 445 üzvü qətnamə layihəsini dəstəkləyib, 37-si əleyhinə səs verib, 97-si bitərəf qalıb.

“Hakim “Gürcü Arzusu” Partiyası tərəfindən Gürcüstanda müxalifət partiyalarını qadağan etmək cəhdləri” adlı qətnamə altı müxtəlif siyasi fraksiyadan təxminən 70 deputat tərəfindən hazırlanıb.

Avropa Parlamentinin üzvləri qətnamədə Avropa İttifaqı və üzv dövlətləri “Gürcü Arzusu”nun lideri Bidzina İvanişvili, Baş nazir İrakli Kobaxidze, parlament sədri Şalva Papuaşvili və hakim partiyanın baş katibi Kaxa Kaladzeyə qarşı sanksiyalar tətbiq etməyə çağırırlar. Qeyd edilir ki, Gürcüstanda siyasi partiyaların qadağan edilməsinə yönəlmiş istənilən cəhd ölkəni Avropa İttifaqından uzaqlaşdırır.

Qətnaməyə əsasən, Gürcüstan hökumətinə qarşı tədbirlər görülməlidir. Bildirilir ki, Gürcüstanda demokratiya, media azadlığı, insan hüquqları və qanunun aliliyi baxımından vəziyyət getdikcə daha da pisləşir.

Sənəddə bu proseslərin demokratik cəhətdən geriləyən Gürcüstanı Rusiya və Belarusa çevirə biləcəyi vurğulanır.

Avropa Parlamentinin üzvləri Gürcüstanda vəziyyətin getdikcə pisləşməsinə cavab olaraq konkret nəticələr əldə etmək üçün Aİ və əksər üzv dövlətlərin davamlı hərəkətsizliyindən təəssüflənirlər.