Donetskdə Rusiyanın nəzarətində olan qondarma "respublika"nın rəhbəri Denis Puşilin Slavyansk İstilik Elektrik Stansiyası yaxınlığında yerləşən Nikolayevkanın kənarında şiddətli döyüşlərin davam etdiyini bildirib.
Sherg.az xəbər verir ki, onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri istilik elektrik stansiyasının ərazisini güclü istehkam rayonuna çevirərək oranı silah və hərbi texnikanın yerləşdirilməsi üçün baza kimi istifadə edir.
Puşilin həmçinin iddia edib ki, Krasnı Limanda Ukrayna bölmələri müqaviməti dayandırıb. O bildirib ki, Rusiya hərbçiləri zirzəmilərdə gizlənən qüvvələrə qarşı şəhərdə təmizləmə əməliyyatlarını davam etdirirlər.
Xatırladaq ki, iyulun 3-də Rusiya Silahlı Qüvvələrinin Konstantinovkanı tam nəzarətə götürdüyü açıqlanmışdı. Rusiya Prezidenti Vladimir Putin Birləşmiş Qoşun Qruplaşmasının idarəetmə məntəqələrindən birində keçirilən müşavirədə Konstantinovkanı Donetsk vilayətinin tam nəzarətə götürülməsi baxımından əsas şəhər adlandırmışdı. O, həmçinin Rusiya qüvvələrinin xüsusi hərbi əməliyyat zonasının bütün istiqamətlərində təşəbbüsü qoruduğunu bildirmişdi.