Putin ilk dəfə: Oliqarxlardan pul istədiyi iddia olunur

Rusiya prezidenti Vladimir Putinin Ukrayna müharibəsi üçün rus oliqarxlardan maliyyə dəstəyi istədiyi iddia edilib.

Sherg.az xəbər verir ki, "Financial Times" qəzetinin məlumatına görə, Putin aparıcı iş adamlarını bir araya toplayaraq Rusiyanın Ukraynanın şərqində yerləşən Donbas bölgəsinin tamamını nəzarətə götürənə qədər müharibəni davam etdirəcəyini bildirib.

Bu səbəbdən o, Kremlin büdcəsinə dəstək vermələrini istəyib.

Putin həmçinin İranla bağlı müharibə fonunda Rusiya neftinə yönələn marağın müvəqqəti xarakter daşıdığını qeyd edib.

Məlumata görə, iki rus iş adamı bu çağırışa dərhal müsbət cavab verib. Süleyman Kerimov Rusiyaya 100 milyard rubl (təxminən 1 milyard 80 milyon dollar) həcmində töhfə verməyə hazır olduğunu bildirib.

Qəzet əlavə edib ki, son 4 ildə davam edən müharibə dövründə Putin ilk dəfədir ki, birbaşa oliqarxlardan maliyyə dəstəyi istəyir.