Putin rus xalqını uzunmüddətli müharibəyə hazır olmağa çağırır - Aydın Sezer

  • Bu çıxış hərbçilər, bürokratlar, siyasətçilər və geniş ictimaiyyət arasında birlik və konsolidasiyanı gücləndirməyə yönəlmiş cəhddir

Rusiya Prezidenti Vladimir Putin hərbi akademiyaların məzunları ilə qeyri-rəsmi görüşdə deyib ki, “Rusların Rusiyaya ehtiyacı var; Rusiyanın maraqları ilə başqa heç kim maraqlanmır”. O, əlavə edib ki, “Heç kim! Heç kim ölkəmizin maraqlarına xidmət edən şeylərlə maraqlanmır. Çünki bu, səndən və məndən başqa heç kimin ehtiyacı yoxdur. Amma bizim buna ehtiyacımız var”.

Xarici siyasət üzrə türk ekspert Aydın Sezer Sherg.az-a bildirib ki, ilk növbədə bu, orduya və hərbi qulluqçulara ünvanlanmış bir mesajdır:

"Mesajdan yalnız hərbi qulluqçular deyil, siyasi elita və idarəedici təbəqə də öz payını aldı. Bununla yanaşı, Putinin çıxışı Rusiya cəmiyyəti və geniş ictimai kütlələr üçün də müəyyən mesajlar ehtiva edir. Putin burada Rusiyaya sədaqət, dövlətə və vətənə bağlılıq anlayışına istinad edir. O xüsusilə ölkəyə bağlılıq məsələsini ön plana çıxarır.

Məlum olduğu kimi, müharibə gözləniləndən daha uzun çəkdi. Bunun həm insan itkiləri, həm iqtisadi xərclər, həm də sosial həyat baxımından ciddi nəticələri oldu. Rusiya beynəlxalq platformalarda müəyyən mənada təklənməyə məruz qaldı. Məhz bu kontekstdə Putin bildirir ki, “Qərb bizi yox sayır”, yəni Rusiyanı görməzdən gəlir. Eyni zamanda, Ukrayna müharibəsini Rusiyanın legitim hesab etdiyi proses kimi təqdim edir".

Analitik qeyd edib ki, Putin Rusiyanın öz gücünə arxalanmalı olduğunu, öz ayaqları üzərində dayanmasının vacibliyini vurğulayır:

"O, həmçinin Rusiyanın zəif bir dövlət olmadığını, bütün çətinliklərə baxmayaraq müstəqil şəkildə ayaqda qala bildiyini qeyd edir. Başqa sözlə, bu çıxış mahiyyət etibarilə ruhlandırıcı və motivasiyaedici xarakter daşıyır.

Mesaj hərbçilər üzərindən bütövlükdə cəmiyyətə və siyasi dairələrə ünvanlanır. Eyni zamanda, danışıqlar prosesinin çıxılmaz vəziyyətdə olması fonunda Putin mövcud çətinliklərin bir müddət də davam edə biləcəyi mesajını verir". 

Ekspert vurğulayıb ki, Putin cəmiyyəti müharibənin yaxın və dərhal başa çatacağı ilə bağlı gözləntilərə qapılmamağa, uzunmüddətli sınaqlara hazır olmağa çağırır:

"Ümumilikdə isə, bu çıxış hərbçilər, bürokratlar, siyasətçilər və geniş ictimaiyyət arasında birlik və konsolidasiyanı gücləndirməyə yönəlmiş cəhddir".