Tədbirə Türkiyədən ölkəmizdə səfərdə olan qonaqlar da böyük heyətlə qatılıblar. Tədbir iştirakçıları Azərbaycan və Türkiyənin ərazi bütövlüyü uğrunda döyüşən şəhidlərimizin ruhunu yad ediblər.
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov rəhbərlik etdiyi təşkilatın ənənəvi olaraq Bakının işğaldan azad edilməsinin ildönümünü qeyd etdiyini vurğulayıb və bu tarixi hər il bayram kimi qeyd etməyin ATXƏM-in gündəliyinə daxil olduğunu söyləyib.
İ. İsmayılov 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ən ağır dönəmində Azərbaycana qardaş köməyinə gələn Qafqaz İslam Ordusunun xilaskar missiyasını tarixi faktlarla təhlil edib. O, Azərbaycan-Türkiyə dostluq-qardaşlığına toxunaraq, qeyd edib ki, iki ölkə arasındakı münasibətlər bütün dünya üçün bir örnəkdir.
Millət vəkili, Prof.dr. Anar İsgəndərov çıxış edərək, Qafqaz İslam Ordusunun yaranmasını və Azərbaycandakı xilaskar missiyasını, eyni zamanda 105 il öncəki Qafqazlardakı ağır siyasi, hərbi vəziyyəti təhlil edərək, müasir dövrdəki gerçəkliklə müqayisə edib.
Millət vəkili Hikmət Məmmədov bildirib ki, Qafqaz İslam Ordusu zamanında Azərbaycanın xilasına yetişməsəydi, indi regionda bizim üçün çox acınacaqlı mənzərə olardı. Biz bu gün də bölgəmizdəki durumun ciddiliyini anlayırıq və ötən əsrin əvvəlində qardaş Türkiyəmizdən olan dəstəyin bənzərini bu gün də müşahidə edirik.
YAP Qaradağ rayon təşkilatının sədri dr. Qafar Əliyev, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Böyük Turançı Şəmistan Əlizamanlı da çıxış edərək, Nuru Paşanın rəhbərliyi altında Qafqaz İslam Ordusunun Azərbaycandakı misilsiz qəhramanlıqlarından danışıblar, onları əsl xilaskarlar adlandırıblar.
Daha sonra Qafqaz İslam Ordusunun şərəfinə ziyafət verilib.