- Sədrəddin Soltan: Müharibədən sonra Tehran üçün ən vacib diplomatik qapı Bakı oldu
Ötən gün Bakı, İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı Konfransının 20-ci sessiyasına ev sahibliyi edib. Qurum müharibə və humanitar böhrandan zərər çəkmiş müsəlman icmalarına yardım göstərilməsinə, eləcə də qadın və uşaq hüquqlarının humanitar prinsiplər əsasında qorunmasına xidmət edir.
Azərbaycan 35 illik üzvlük dövründə prinsipial həmrəylik mövqeyi ilə fərqlənməyi bacarıb. İran-ABŞ-İsrail qarşıdurması zamanı, İran tərəfindən Naxçıvana atılan dronlara baxmayaraq, Azərbaycan Tehrana humanitar yardım göstərməyi əsirgəməyib. Tədbirdə, İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf da iştirak edib. İranlı diplomat İslam ölkələrini yeni nizam qurmağa çağırıb. Prezident İlham Əliyev, Qalibafa müraciətində İranda müharibənin bitməsinin Azərbaycanda böyük sevinc hissi ilə qarşılandığını bildirib. Qeyd edək ki, İslam Zirvə Konfransının 16-cı Sessiyası 2027-ci ildə Azərbaycanda keçiriləcək.
Mövzu ilə bağlı Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan Sherg.az-a bildirib ki, İƏT-in Parlament İttifaqı Konfransının 20-ci sessiyası, ABŞ-İsrail-İran müharibəsindən sonra keçirilən ən mühüm tədbirlərdən biridir:
“Regional təhlükəsizlik mövzularının aktiv müzakirəsi və İslam dünyasına yönələn birlik çağırışları, tədbirin strateji əhəmiyyətini nümayiş etdirən əsas göstəricilərdir. Sessiyanın Parlament İttifaqı formatında keçirilməsi və üzv dövlətlərin qanunverici orqanlarının rəhbərlərini bir araya gətirməsi, təşkilatın legitimlik çəkisini və qərarlarının siyasi təsir gücünü artırır. Lakin Qalibaf toplantıda çıxışı zamanı İsrail və ABŞ ilə müharibədə özlərini qalib ölkə kimi göstərməyə və regional güc mərkəzi kimi təqdim etməyə çalışırdı. Hesab edirəm ki, Qalibafın tədbirdə iştirakı əsasən buna hesablanıb”.
Politoloqun sözlərinə görə, toplantının ölkəmizdə baş tutması Tehrana Bakı ilə münasibətlərdə yaranan canlanmanı möhkəmləndirmək baxımından ən yaxşı fürsət verib:
“Müharibədən əziyyət çəkən İrana, İslam ölkələri arasında ilk yardım əlini uzadan Azərbaycan oldu. Qalibafın Bakı səfərinin pərdəarxası hədəflərindən biri də çətin günlərdə göstərilən dəstəyə görə minnətdarlıq mesajını Azərbaycan rəhbərliyinə çatdırmaqdır. Ölkəmizin İrana humanitar dəstəyi Tehran hökuməti tərəfindən müsbət qiymətləndirilir. Bunu Prezident Məsud Pezeşkianın telefon danışıqları və rəsmi məktublaşmalarında görmək mümkündür. Bütün bunlar iki qonşu dövlətin artıq münasibətlərdə yeni bir normallaşma dövrünə qədəm qoyduğundan xəbər verir. Bir sözlə, bu sammit İranın müharibədən sonrakı dövrdə, regional mövqeyini bərpa etmək və çətin günlərdə ona dəstək olan qonşusuna siyasi-diplomatik mesaj ünvanlamaq üçün fürsət qapısı rolunu oynayır”.