Qarabağın haqq səsi...

Ərdoğan BMT-də bir dünya lideri kimi danışdı

Sabir Rüstəmxanlı: "“Qarabağ Azərbaycan torpağıdır, əlavə heç bir status söz mövzusu ola bilməz”, “Zəngəzur dəhlizi açılmalıdır” sözləri antiterror tədbirlərinə başqa don biçməyə çalışanlara verilən tutarlı cavab idi”

  Türkiyə hər zaman olduğu kimi Qarabağda keçirilən antiterror tədbirləri çərçivəsində də Azərbaycana tam dəstəyini ifadə edib. Qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 78-ci sessiyasındakı çıxışı zamanı vurğuladı ki, Ermənistan tərəfi tarixi fürsəti dəyərləndirmədiyi bacarmır. Ərdoğan bəyan edib ki, Ermənistan başda Zəngəzur dəhlizi olmaqla, verdiyi sözləri yerinə yetirmir: "Tək millət, iki dövlət şüarı ilə hərəkət etdiyimiz Azərbaycanın ərazi bütövlüyünü qorumaq yönündə atdığı addımları dəstəkləyirik. Artıq hər kəsin qəbul etdiyi kimi, Qarabağ Azərbaycan torpağıdır. Bunun xaricində hər hansı status qəbuledilməzdir”. Antiterror tədbirləri zamanı xarici işlər naziri Ceyhun Bayramovla Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında da görüş keçirilib. Nazirlər Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik əlaqələrindən irəli gələn məsələləri, eləcə də bölgədəki son vəziyyəti müzakirə ediblər. Nazir Ceyhun Bayramov həmkarını regiondakı son vəziyyət və lokal antiterror tədbirləri barədə məlumatlandırıb və bu tədbirləri şərtləndirən amilləri diqqətə çatdırıb. Türkiyəli nazir Hakan Fidan hər zaman olduğu kimi Azərbaycanın suveren ərazilərində həyata keçirilmiş addımları dəstəklədiklərini diqqətə çatdırıb. Görüşdə qarşılıqlı maraq doğuran digər beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
  Millət vəkili Sabir Rüstəmxanlı Türkiyə lideri Ərdoğanın BMT kürsüsündən Azərbaycana misilsiz dəstəyindən danışıb. Deputat vurğulayıb ki, Ərdoğan BMT-nin yüksək kürsüsündən bütün dünyaya Türkiyə ilə Azərbaycanın “bir millət, iki dövlət” olduğu həqiqətini gur səslə bəyan etdi: "Azərbaycanın əziz dostu bütün dünyanın diqqət mərkəzində olan sessiyadan bir dünya lideri kimi danışdı. Ona qədər çıxış edən heç bir dövlət başçısı Yer üzündə hər kəsi narahat edən məsələləri belə geniş və hakimiyyətləri məsuliyyətə çağıran bir şəkildə dilə gətirməmişdi. Dünyada ildən-ilə artan aclıq, terror, ədalətsizlik, irqi və dini ayrı-seçkilik, Yer səthinin və atmosferin çirklənməsi, bölücülük savaşları, mənəvi dəyərlərin aşınması, ailə ənənələrinin dağıdılması ilə insanlığın üzləşə biləcəyi fəlakətlər, böyük güclərin terroru dəstəkləyən riyakar və ikiüzlü siyasəti, antiislam olayları, beynəlxalq qurumların yenilənməsi hörmətli Ərdoğanın qaldırdığı problemlərin yalnız bir hissəsidir. Bunların hamısı çağdaş sivilizasiyanı təhdid edən mövzulardır və Türkiyə prezidentinin dilindən səslənməsi köksümüzü qürurla doldurdu".
  Parlament üzvünün sözlərinə görə, onu ən çox sevindirən o kürsüdən Prezident Ərdoğanın Ermənistanın işğalçılıq siyasətinin nəticəsində Qarabağda yaranmış duruma qiymət verməsi və bu məsələdə Türkiyənin Azərbaycanı birmənalı şəkildə dəstəklədiyi haqqında söylədiyi fikirlər oldu: "“Qarabağ Azərbaycan torpağıdır, əlavə heç bir status söz konusu ola bilməz”, “Zəngəzur dəhlizi açılmalıdır” sözlərinin dünyada tanınan böyük bir dövlət başçısının dilindən səslənməsi antiterror tədbirlərinə başqa don biçməyə çalışanlara verilən tutarlı cavab idi. Gedən proseslər və hörmətli Ərdoğanın çıxışı illərlə süngüylə qarşılanan Türk Birliyi ideyasının gələcəyimizə yönəlmiş böyük yol və ideal olduğunu bir daha nümayiş etdirdi. Türkiyə rəhbəri Ərdoğanın və Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu yolda gördükləri iş, çəkdikləri zəhmət ən yüksək hörmət və ehtirama layiqdir”.