Qazaxıstanda yeni Konstitusiya üzrə referendumun yekun nəticələri açıqlanıb - YENİLƏNİB

Qazaxıstanda yeni Konstitusiya layihəsi üzrə martın 15-də keçirilmiş ümumxalq səsverməsinin yekun nəticələri açıqlanıb.

APA-nın Astanaya ezam olunmuş əməldaşının məlumatına görə, bu barədə Qazaxıstanın Mərkəzi Seçki Komissiyasının keçirtdiyi brifinqdə bildirilib.

Rəsmi məlumatlara əsasən, referendumda iştirak edən vətəndaşların 87,15 faizi yeni Konstitusiya layihəsini dəstəkləyib. Ümumilikdə 7 milyon 954 min 667 nəfər əsas qanunun yeni redaksiyasının qəbul edilməsinə səs verib.

Eyni zamanda seçicilərin 9,83 faizi və ya 898 min 99 nəfər təklif olunan sənədə qarşı səs verib.

Bundan əlavə, 146 mindən çox bülleten etibarsız hesab edilib.

Komissiyının məlumatına görə, səsvermədə seçici fəallığı 73,1 faiz təşkil edib. Qazaxıstan qanunvericiliyinə əsasən, referendumun baş tutmuş hesab edilməsi üçün seçicilərin azı yarısının səsvermədə iştirakı tələb olunur.

Xatırladaq ki, referendum çərçivəsində vətəndaşlara bir sual təqdim olunub: “Kütləvi informasiya vasitələrində 12 fevral 2026-cı il tarixində dərc edilmiş Qazaxıstan Respublikasının yeni Konstitusiya layihəsini qəbul edirsinizmi?”

Prezident Kasım Jomart Tokayevin təşəbbüsü ilə hazırlanmış yeni Konstitusiya layihəsi ölkənin siyasi idarəetmə sistemində bir sıra dəyişiklikləri nəzərdə tutur.

Sənədə əsasən, Qazaxıstanda iki palatalı parlament sistemindən bir palatalı parlament modelinə keçid planlaşdırılır. Həmçinin deputatların yalnız partiya siyahıları əsasında seçilməsi nəzərdə tutulur və özünü namizəd irəli sürmə institutu ləğv edilir.

Layihədə qanunvericilik təşəbbüsü hüququna malik olan yeni məsləhətçi qurum – Xalq Şurasının yaradılması da nəzərdə tutulur. Daha əvvəl bildirildiyinə görə, bu qurumun tərkibinə prezident tərəfindən təyin edilən 126 nəfərin daxil olması planlaşdırılır.

Bundan başqa, yeni Konstitusiya layihəsində vitse prezident vəzifəsinin təsis edilməsi və bu vəzifəyə təyinatın dövlət başçısı tərəfindən həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda prezidentə dövlət idarəetmə sistemində əsas vəzifələrə parlamentin razılığı olmadan təyinatlar aparmaq səlahiyyəti verilir.