Rubio: ABŞ İranla konstruktiv dialoq qurmaq niyyətindədir

ABŞ İranla konstruktiv dialoqa başlamaq və yeni razılaşmalar əldə etmək niyyətindədir.

Sherg.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurası ilə görüşdə bəyan edib.

Rubionun sözlərinə görə, Vaşinqton Tehranla müsbət nəticələr verə biləcək danışıqlara açıqdır və tərəflər arasında yeni sazişin əldə olunmasına ümid edir.

ABŞ diplomatiyasının rəhbəri vurğulayıb ki, Vaşinqton istənilən qiymətə deyil, real, yoxlanıla bilən və icrasına zəmanət verilən razılaşma istəyir.

"Biz saziş istəyirik, lakin hər hansı sazişi deyil. Yaxşı, real və icrasına nəzarət edilə bilən razılaşma istəyirik", – deyə Rubio bildirib.

Qeyd edək ki, iyunun 21-də İsveçrənin Bürgenştok şəhərində İran və ABŞ nümayəndələri arasında Qətər və Pakistanın vasitəçiliyi ilə texniki danışıqlar keçirilib. Tərəflər 60 gün ərzində yekun razılaşmanın əldə olunması üçün yol xəritəsi üzərində razılığa gəldiklərini və danışıqların davam etdirilməsi mexanizmi yaratdıqlarını açıqlayıblar.

Müzakirələrin əsas mövzuları İranın nüvə proqramı, sanksiyaların ləğvi və tərəflər arasında münasibətlərin normallaşdırılmasıdır.