Rusiya Azərbaycanın tərəfində olacaq - Mehman Əliyevdən PROQNOZ (MÜSAHİBƏ)

  • “Xarici riskləri görmürəm, əsas problemimiz daxildir” 
  • “Yaxın aylarda siyasi dəyişikliklər olacaq”
  • “Zəngəzur dəhlizi son mərhələdədir”
  • “20 ildir danışırıq, amma heç nə dəyişmir”

Azərbaycan-Ermənistan münasibətlərində sülh gündəliyi, Bakı ilə Qərb arasında münasibətlərin yeni mərhələsi və Cənubi Qafqazda dəyişən geosiyasi reallıqlar regionun əsas müzakirə mövzularından olaraq qalır. Xüsusilə sülh prosesində əldə olunan irəliləyişlər fonunda tərəflər arasında siyasi risklərin nə dərəcədə aradan qalxdığı, Azərbaycanın ABŞ və Avropa İttifaqı ilə münasibətlərində hansı yeni xəttin formalaşdığı və regionda artan geosiyasi rəqabətin Bakının xarici siyasətinə təsirləri diqqət çəkir.

Bununla yanaşı, “Tramp marşrutu” ətrafında yaranan müzakirələr Cənubi Qafqazın təhlükəsizlik arxitekturası ilə bağlı yeni suallar doğurur

Bütün bu prosesləri nəzərə alaraq, Azərbaycanın qarşıdakı dövrdə üzləşə biləcəyi əsas imkanları və riskləri, xarici siyasətdə mümkün dəyişiklikləri və regionun gələcək siyasi mənzərəsi barəsində tanınmış jurnalist Mehman Əliyevlə həmsöhbət olduq.

Sherg.az müsahibəni təqdim edir:

-Azərbaycan-Ermənistan münasibətlərində sülh prosesinin yeni mərhələyə keçdiyi bildirilir. Sizcə, hazırkı proses real və davamlı sülhə doğru gedir, yoxsa tərəflər arasında hələ də ciddi siyasi risklər qalır?

- Əsas məsələ odur ki, hələlik sülh sazişi yoxdur. Bu, ciddi məsələdir. Düzdür, Azərbaycan tərəfi daha çox iqtisadi əməkdaşlığa, nəqliyyat və digər istiqamətlərə üstünlük verir. Yəni, Azərbaycan tərəfinin problemi yoxdur. Biz istənilən an sülh sazişini imzalamağa hazırıq. Ermənistan tərəfində isə əngəllər mövcuddur. Paşinyan müəyyən addımlar atır, radikal müxalifətin qarşısını almağa çalışır. Bu, daha çox keçmiş Qarabağ klanı və onun ətrafında baş verənlərlə əlaqəlidir. Həmçinin xalqın etimadını qazanmağa çalışır və mövqelərini daha da gücləndirmək istəyir ki, konstitusion qərar veriləndə, yəni referendum keçiriləndə, lazımi səsləri əldə edə bilsin. Çünki Ermənistan tərəfi də, sülh sazişinin imzalanmasında çox maraqlıdır. Çünki onlar başa düşürlər ki, bundan sonra yolların açılması, normallaşma və.s. mümkün olacaq. Onlar artıq soyqırımı ideyasından və platformasından uzaqlaşmaq istəyirlər. Həmçinin Rusiyadan uzaqlaşırlar və onlar üçün Türkiyə, Azərbaycan və İranla münasibətlər qurmaq lazımdır. məsələ, əslində, vaxtdır. Burada böyük bir problem görmürəm. Hakimiyyətlər, hökumətlər səviyyəsində ciddi əməkdaşlıq və anlaşma var. 

-Sülh prosesi və sülh müqaviləsi ilə bağlı proqnozlarınız nədir? Yaxın dövrdə imzalana bilərmi?

-Ermənistan 2027-ci ilə qədər referendumu keçirməyə çalışacaq. O vaxta qədər isə xeyli addımlar atılacaq. Çünki bunun baş verməsi üçün Azərbaycanda səylər göstərir. Artıq qrşılıqlı ticarət həyata keçirilir. Hətta Başqa ölkələrin malları da bizim ərazimizdən keçərək Ermənistana gedir. Türkiyə tərəfindən də artıq, sülh sazişini gözləmədən sərhədin açılması məsələsi gündəmdədir. Yolların açılması istiqamətində ciddi proses gedir. Mən hesab edirəm ki, yaxın aylarda siyasi dəyişikliklər olacaq. Digər tərəfdən Avropa İttifaqı Ermənistan üçün öz bazarını açır. Alternativ olaraq Rusiya bazarını əvəz etmək və oraya çıxış yaratmaq istəyir. Biz görürük ki, Ermənistana hər tərəfdən dəstək var ki, tutduğu yolla gedə bilsin. Bu, əslində, Paşinyan hakimiyyətinə böyük dəstək və yardımdır. Sazişin hələ imzalanmamasına baxmayaraq ciddi dəyişikliklər baş verir. Biz bunu hər gün görürük. Hesab edirəm ki, yaxın zamanlarda proseslər daha da aktivləşəcək.

-Azərbaycanın ABŞ və Avropa İttifaqı ilə münasibətlərində son dövrdə müəyyən canlanma müşahidə olunur. Sizcə, Bakı Qərblə münasibətlərdə yeni balans axtarır? 

-Bizim ən böyük problemimiz Qarabağ idi. Çünki biz hər dəfə Qərb ilə işbirliyi və əməkdaşlıq quranda ikili standartlarla qarşılaşırdıq. Deyirdik ki, siz insan hüquqlarından, azadlıqlardan danışırsınız, amma bir milyon qaçqının vəziyyəti nəzərə alınmır. Məsələ həll olundu. Bəlkə də, daha uğurlu nəticə əldə olundu. Yəni, Azərbaycan tam təmizləndi, azad olundu. Əsas məsələ getdi. Başqa ciddi bir əngəl yoxdur. Ona görə də münasibətlərin yenidən qurulması və inkişafı üçün zəmin yaranır. İkinci məsələ odur ki, Rusiyanın təsirləri regionda çox güclü idi. Biz bundan ehtiyat edirdik. Çalışırdıq ki, balansı daha çox qoruyaq, Rusiya burada problem yaratmasın. İndi isə biz görürük ki, son zamanlar Rusiya ilə münasibətlərdə müəyyən dəyişikliklər var. Rusiya Ukrayna müharibəsinə girdikdən sonra regiondan daha da uzaqlaşıb, daha da zəifləyib. Hətta Ermənistanda məsələni Rusiya qoşunlarının çıxarılması məsələsi qarşıya qoyulur. Ona görə də bu mənada Azərbaycan üçün əlverişli vəziyyət yaranır ki, daha aktiv, sürətli, geniş əlaqələr qursun. Çünki Azərbaycanın əsas iqtisadi münasibətləri Avropa ilədir. 

=Cənubi Qafqazda Rusiya, İran, Türkiyə və Qərb arasında rəqabət dərinləşir. Sizcə, Azərbaycan bu geosiyasi rəqabətdə özünü hansı xətt üzrə aparmalıdır?

-Rəqabət həmişə olub. Sovet İttifaqı dağılandan sonra burada əsas aparıcı qüvvə Rusiya idi. Sonra yavaş-yavaş neft kontraktları imzalandı, neft layihələri inkişaf etdi və bundan sonra burada Qərbin çəkisi artmağa başladı. Bu işdə daha çox Avropa İttifaqının və digər Qərb ölkələrinin rolunu görürük. Əgər nəzərə alsaq ki, biri güclənir, o birisi zəifləyir, bu vəziyyətdə bizim hakimiyyət də ona uyğun olaraq hərəkət edir. Əlbəttə ki, təzyiq daha çox həmin güclü ölkələrdən və güclü tərəflərdən gələcək. Biz burada Çini də nəzərə almalıyıq. Çinin də regionda çox ciddi maraqları var və bunu gizli şəkildə həyata keçirir. Lakin hesab edirəm ki, Azərbaycan üçün daha əlverişli vəziyyət yaranır ki, daha aktiv və müstəqil siyasət apara bilsin. Biz əslində bunu da görürük. Bu İlham Əliyevin apardığı siyasətdə özünü büruzə verir.

-Türkiyənin Cənubi Qafqazda artan rolu barədə nə deyə bilərsiniz?

Türkiyənin rolu Qafqazda faktiki olaraq artır. Türkiyə birbaşa, birinci növbədə Qərbin müttəfiqidir, NATO üzvüdür. Onun daha çox aparıcı ticarət münasibətləri Qərblə qurulur. O, bunun bir hissəsidir. Ona görə də Türkiyə üçün də burada daha əlverişli vəziyyət yaranır. Türkiyə burada rəqabəti əsasən Rusiya ilə aparırdı. Qarabağ müharibəsi də onu göstərdi ki, Rusiya Türkiyənin bu prosesdə iştirakına etiraz etmir. Vəziyyət dəyişib. Rusiyanın nüfuzu və gücü çox azalıb. Ermənistan da bunu dərk edir. Ona görə çalışır ki, Türkiyə ilə münasibətləri yaxşılaşdırsın və münasibətlər qursun. Onlar Türkiyənin çəkisini və imkanlarını kifayət qədər yaxşı bilirlər, anlayırlar. Türkiyə Cənubi Qafqazda üçbucaq şəklində siyasət apara bilir.

-Rusiya Təhlükəsizlik Şurası rəsmisinin Tramp marşrutunun ABŞ-yə Ermənistan-İran sərhədinə yaxın ərazidə hərbi və kəşfiyyat infrastrukturu yerləşdirmək imkanı yaradacağı barədə açıqlamasını necə qiymətləndirirsiniz? Bu, həqiqətən Cənubi Qafqazda yeni təhlükəsizlik reallığının formalaşması deməkdir, yoxsa Moskvanın layihəyə qarşı siyasi təzyiq cəhdi kimi qəbul edilməlidir?

- Bilirsiniz, “Tramp marşrutu” deyəndə əslində söhbət Zəngəzur dəhlizindən gedirdi. Zəngəzur dəhlizi Sovet vaxtında işləyib, sonra dondurulub. Rusiya bu dəhlizin işləməsində daha çox maraqlıdır. Düzdür, bəlkə Rusiya istərdi ki, dəhlizə özü nəzarət etsin. Amma artıq vəziyyət , zaman dəyişib. Rusiya başa düşür ki, bunu təkbaşına edə bilməyəcək. Ona görə Rusiya liderliyi Amerikaya həvalə edib və buna etiraz etməyəcək. Çünki Avropa ilə Cənub-Şərq bazarını və Rusiyanı bağlayan ən qısa marşrut budur. Ona görə Rusiya çalışacaq ki, Zəngəzur dəhlizi işləsin. Çünki marşrutlar nə qədər çox olsa, o qədər Rusiya üçün faydalıdır. Mən 2016-cı ildə bu istiqamətlə bağlı məqalə yazmışdım. Orada bildirmişdim ki, Rusiya Ermənistanı cəzalandıracaq. Çünki Ermənistan imkan vermirdi ki, bu yol açılsın. Mənim fikrimcə, bu, Qarabağ məsələsi ilə bağlı idi. Ona görə Rusiya Azərbaycanın tərəfində olacaq. İndi dəhliz son mərhələdədir, 42 kilometrdir, amma çox strateji əhəmiyyət kəsb edir. İndi “Tramp marşrutu” qoyublar, amerikalılar operator olacaq. Yaxşı olardı ki, o konsorsiuma çevrilsin. Və burada, necə ki, bizim neft kontraktımızda müxtəlif dövlətlər, o cümlədən Türkiyə, İran, Rusiya, Britaniya, Çin və s. iştirak edir. Yaxşı olardı burada da olsun. Bu, bizim üçün daha çox zəmanət deməkdir. 

-Ümumilikdə, 2026-cı ilin qalan hissəsinə baxanda Azərbaycanın qarşısında daha böyük imkanlar dayanır, yoxsa risklər?

-Mən xarici riskləri görmürəm, açığı. Biz monitorinqlər aparırıq. Monitorinqlər göstərir ki, xarici siyasətdə vəziyyət yaxşıdır. Bizim problemimiz daxildir. Daxili problemlərdə isə əsas məsələ iqtisadiyyatın inkişafıdır. İnflyasiya çox ciddidir. Dollar bahalaşır, ərzaq bahalaşır. Devalvasiyadan 10 ilə yaxındır keçib. Yəni iqtisadiyyatın canlanması, qeyri-neft sektorunun inkişafı, kənd təsərrüfatı və s. istiqamətində çox ciddi məsələlər var. Onun üçün də çox ciddi islahatlar aparılmalı, tədbirlər görülməlidir. Hakimiyyət də bunu başa düşür. İxracın 90 faizini neft və neft məhsulları təşkil edir. Amma biz 20 ildir danışırıq ki, iqtisadiyyatın diversifikasiyasını həyata keçiririk və s. Amma heç nə dəyişmir. Bizdə kiçik və orta sahibkarlığın iqtisadiyyatda payı 10 faizdir. Lakin 70-80 faiz olmalıdır