- “Müharibənin evlərinə qədər gəldiyini hiss edəcəklər”
Ukraynanın Rusiya ərazisində, xüsusilə hava limanları və kommersiya aviasiyası infrastrukturuna qarşı dron hücumlarını genişləndirməsi hava nəqliyyatının təhlükəsizliyi ilə bağlı yeni müzakirələrə səbəb olub.
Bu cür hücumların Rusiyanın kommersiya aviasiyasına, hava limanlarının fəaliyyətinə və beynəlxalq hava əlaqələrinə mümkün təsirləri diqqət çəkir. Eyni zamanda, belə bir strategiyanın həyata keçirilməsi üçün tələb olunan texniki imkanlar, Qərbin mümkün dəstəyi və Rusiyanın buna qarşı tətbiq edə biləcəyi müdafiə tədbirləri də müzakirə olunur.
Ehtiyatda olan hərbi pilot, ekspert Hüseyn Fazla Rusiya-Ukrayna cəbhəsindəki hazırki vəziyyətlə bağlı Sherg.az-ın suallarını cavablayıb:
-Ukraynanın Rusiyanın kommersiya hava məkanını bağlamağa yönəlmiş addımını necə qiymətləndirirsiniz? Burada əsas məqsəd nədir?
-Ukraynanın Rusiyanın kommersiya hava məkanını bağlamağa yönəlmiş addımı birbaşa təyyarələri vurmaqdan daha çox, mülki aviasiya təhlükəsizlik protokollarından və sığorta mexanizmlərindən bir rıçaq kimi istifadə etməkdir. Bununla Rusiyanı küncə sıxışdırmaq, bu ölkəni “uçuş təhlükəsizliyi” səbəbindən öz hava məkanını məcburən özü bağlamağa vadar etmək məqsədi daşıyan asimmetrik və yıpratma yönümlü yeni strategiyadır. Mülki hava nəqliyyatının pozulması yolu ilə Rusiyanın xarici dünya ilə hava yolu üzərindən əlaqəsinin və ya əlaqələrinin kəsilməsi hədəflənir.
Bu strategiya ilə Rusiyanın da Ukraynada olduğu kimi hava məkanının müharibə səbəbindən faktiki olaraq kommersiya uçuşları üçün əlverişsiz vəziyyətə düşməsi hədəflənir. Beləliklə, hava yolu şirkətlərinin təhlükəsizlik riskləri səbəbindən Rusiyaya kommersiya reyslərini dayandırması və ölkənin hava nəqliyyatı ilə xarici dünya arasındakı əlaqələrinin məhdudlaşdırılması nəzərdə tutulur.
Bu “Rusiya kommersiya hava daşımalarını dron hücumları ilə pozmağa yönəlmiş əsas strategiya” çərçivəsində Wall Street Journal-ın gündəmə gətirdiyi yanaşmanın texniki və taktiki tələblərinə baxmaq vacibdir. Eyni zamanda bunun üçün Ukraynanın Qərb ölkələrindən almalı olduğu dəstəyə və Rusiyanın bu strategiyaya qarşı inkişaf etdirə biləcəyi ehtimal olunan müdafiə-qisas imkanlarına nəzər salmaq lazımdır.
-Yəni Rusiya hava məkanı iflic vəziyyətinə salınmağa çalışılır.
-İlk növbədə bunu vurğulamalıyıq: Ukraynanın əsas məqsədi Rusiya sərnişin təyyarələrini vurmaq deyil, səmanı kommersiya uçuşları üçün “qəbuledilməz dərəcədə riskli” vəziyyətə gətirməkdir.
Bunun üçün Rusiya mülki aviasiya qurumunun, hava limanı operatorlarının kommersiya hava yolu şirkətləri ilə birlikdə dron hücumlarına qarşı təcili fəaliyyət və dağılma planını işə salması lazım gəlir. Məsələn, Moskva hava limanına Ukrayna dronlarının sürü halında hücumu baş verdikdə, bu hava limanının Rusiya mülki aviasiya qanunvericiliyinə əsasən bağlanması, havadakı təyyarələrin yaxınlıqdakı ən uyğun və təhlükəsiz hava limanlarına yönləndirilməsi tələb olunur.
Rusiya qanunvericiliyinə əsasən, hava məkanında naməlum bir obyekt (dron sürüləri və s.) aşkar edildikdə, bölgədəki hava limanlarında dərhal “Bağlama Planı” işə salınır.
Bu vəziyyət Moskva hava limanına eniş və qalxışların tamamilə dayandırılmasına, təyyarələrin digər hava limanlarına yönləndirilməsinə səbəb olur.
Ukrayna Moskva (Şeremetyevo, Domodedovo, Vnukovo), Sankt-Peterburq və Soçi kimi əsas transfer mərkəzlərinə dalğalar şəklində kiçik və ucuz dronlar göndərərək “Bağlama Planı” protokolunu rusların işə salmasına səbəb olacaq. Beləliklə, bu cür dron hücumlarını 7/24 əsasda, davamlı və nizamsız şəkildə həyata keçirdiyi təqdirdə, Ukrayna Rusiyanın hava məkanının müəyyən bölgələrdə öz-özünə bağlanmasını təmin edə bilər.
-Belə hücumlar beynəlxalq aviasiya sığortasına və xarici hava yolu şirkətlərinin Rusiyaya uçuşlarına necə təsir göstərəcək?
-Bu çərçivədə beynəlxalq hava nəqliyyatı sığortası mexanizmi Rusiya hava məkanında yaranan bu yeni “təhlükəsiz olmayan” vəziyyətdən mənfi istiqamətdə təsirlənəcək. Bir bölgənin “müharibə riski zonası” elan edilməsi halında beynəlxalq sığorta şirkətləri (Lloyd’s və s.) həmin hava məkanından istifadə edən təyyarələrin təminatlarını ləğv edə bilər. Bu halda hava nəqliyyatı həyata keçirən şirkətlər Hörmüz boğazının bağlanması ilə dəniz daşımalarında yaşanan yüksək sığorta haqlarının ödənilməsi problemi ilə də üzləşər.
Ukrayna ICAO (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) kimi qurumlara rəsmi bildirişlər göndərər. Beləliklə Rusiya üzərindəki riski şəffaflaşdıraraq, xarici hava yolu şirkətlərinin (Çin, Türkiyə, Almaniya, Körfəz ölkələri, Fransa və s.) Rusiyaya uçuşlarını özləri ləğv etməsi üçün hava məkanının kommersiya uçuşları baxımından artıq təhlükəsiz olmadığına dair təbliğat müharibəsinə də başlaya bilər.
-Elektron müharibə vasitələri və hava limanı infrastrukturuna qarşı hücumlar Rusiya hava məkanının iflic edilməsində hansı rolu oynayır?
-Ukrayna Hava Hərəkətinə Nəzarət (ATC) siqnallarının qarışdırılması (Jamming & Spoofing) kimi texniki üsullardan istifadə etməklə də Rusiya hava məkanını mümkün qədər istifadəsiz vəziyyətə gətirə bilər. Təkcə fiziki dronlardan deyil, Rusiyanın mülki aviasiya radarlarını və GNSS/GPS istiqamətləndirmə sistemlərini elektron müharibə (EH) vasitəsilə çaşdıraraq, hava limanlarının uçuş-enmə zolaqlarına yaxınlaşan mülki təyyarələrin cihazlarla eniş, GPS-lə eniş və s. həyata keçirməsini pozar. Rusiya hava limanlarına enişləri “təhlükəsiz olmayan” vəziyyətə gətirə bilər.
Bu yanaşmanı dəstəkləmək məqsədilə Ukrayna dronları ilə Rusiya hava limanlarının terminal və yanacaq xidmətləri infrastrukturuna nöqtəvi hücumlar təşkil edilə bilər. Hava limanlarının uçuş-enmə zolaqlarını, qüllələrini, radarlarını və ən əsası, hava limanlarını təmin edən təyyarə yanacağı anbarlarını (depo/neft emalı zavodları) dronlarla vuraraq əməliyyatların davamlılığını kəsmək mümkündür. Xarici şirkətlərə məxsus kommersiya təyyarələrinin hücumlardan sonra yaranacaq infrastruktur problemləri səbəbindən Rusiya hava limanlarında günlərlə qalmaq məcburiyyətində qalmasına səbəb olmaq Ukraynanın hədəfləyə biləcəyi istiqamətlərdən biri ola bilər.
-Qərb ölkələrindən Ukraynaya bu strategiya çərçivəsində hansı dəstək gözlənilir?
-Ukraynanın bu miqyasda əməliyyatı tamamilə təkbaşına həyata keçirməsi texniki baxımdan olduqca çətindir. Digər tərəfdən, Qərb müttəfiqlərinin təmin edə biləcəyi ehtimal olunan texniki dəstək sayəsində Ukraynanın bu dron hücumu strategiyasını həyata keçirməkdə çətinlik çəkməyəcəyini düşünürəm.
Hər şeydən əvvəl Ukraynanın hərtərəfli Kəşfiyyat, Müşahidə, Nəzarət və Hədəfləmə dəstəyinə ehtiyacı olacaq. Bunun üçün Qara dəniz və Baltik dənizi üzərində patrul həyata keçirən Britaniyanın (RC-135 Rivet Joint) və Amerikanın kəşfiyyat, müşahidə və nəzarət təyyarələri, dronları, eykləri Rusiya hava hücumundan müdafiə, hava hərəkətinə nəzarət radarlarının mövqelərini, “kor nöqtələrini”, yerləşdirilməsini real vaxt rejimində Ukraynaya ötürə bilər.
Beləliklə də Ukrayna dron sürüləri dalğalar şəklində müəyyən ediləcək təhlükəsiz kor nöqtələrdən və marşrutlardan Rusiya hava limanlarına doğru sızma əməliyyatı həyata keçirər.
-Sizcə elektron müharibə və uzunmənzilli dron texnologiyaları baxımından Qərbin dəstəyi nədən ibarət olacaq?
-Elektron Müharibə və Proqram təminatı dəstəyini Böyük Britaniya, Fransa və Almaniya, bəlkə də ABŞ Ukraynaya verə bilər. Ukrayna dronlarının Rusiya elektron müharibə vasitələrinin müdaxiləsini aşmasına imkan verən süni intellekt əsaslı “avtonom vizual naviqasiya” (Terrain Contour Matching- TERCOM-a bənzər) alqoritmləri və GPS-dən asılı olmayan uçuş proqram təminatı dəstəyi ilə Rusiyanın dərinliklərində yerləşən hava limanlarına asanlıqla çatması mümkün hala gələ bilər.
Həmçinin Ukrayna istehsalı olan Lyutyi, Bober kimi uzunmənzilli (1000+ km) kamikadze dronların istehsalı üçün zəruri mühərrik, kompozit material və avionika komponentlərinin təmin edilməsində Britaniya və Avropa müdafiə sənayesi şirkətlərinin maliyyə, logistika, ehtiyat hissələri, komponent töhfəsi mühüm əhəmiyyət daşıyır.
Qərb dünyasından təmin edilən Uzunmənzilli Dron Texnologiyası və Hissə Təchizatı dəstəyi ilə Ukraynanın dron istehsalı infrastrukturunun xərc-səmərəliliyi artırılaraq bu ölkəyə istehsal proseslərində vaxt qazandırılır. Sürətli istehsal imkanı təqdim edilməyə davam edilir.
Rusiya hava limanlarına başlanması nəzərdə tutulan yeni dron hücumu strategiyası ilə mövcud saylara əlavə olaraq daha çox sayda dron istehsalına Ukraynanın ehtiyacı var. Ukraynanın resursları təkbaşına belə böyük istehsal çeşidini dəstəkləmək üçün kifayət deyil.
-Strategiyanın strateji kommunikasiya və təbliğat müharibəsi istiqaməti necə həyata keçirilə bilər?
-Bəli. Bu dron hücumu strategiyasının mühüm istiqamətlərindən biri də strateji kommunikasiya və təbliğat müharibəsi hissəsidir. Ukraynanın hücumları şişirdilərək, Rusiyanın “hava məkanımız kommersiya uçuşları üçün təhlükəsizdir” kimi açıqlamalarını etibarsızlaşdıracaq şəkildə...Məsələn, Böyük Britaniyanın rəhbərlik etdiyi Qərb blokunun beynəlxalq aviasiya reytinq qurumları vasitəsilə Rusiya hava məkanının “qırmızı zona” elan edilməsi üçün diplomatik təzyiq göstərməsi təşviq edilə bilər.
-Rusiya bu hücumların qarşısını alması mümkündür?
-Rusiyanın nəhəng coğrafiyası səbəbindən hər kvadrat kilometri qorumaq mümkün deyil. Lakin buna baxmayaraq, Ukrayna dron hücumlarına qarşı dünyanın ikinci ən böyük müdafiə sənayesi infrastrukturuna malik bir super gücün əlinin-qolunun bağlanacağını düşünmək sadəlövhlük olardı.
Rusiya çoxqatlı və hərtərəfli hava hücumundan müdafiə sistemlərini hava limanlarına toplamaq ehtiyacı hiss edəcək.
Bununla yanaşı, S-400 və S-300 kimi uzaqmənzilli raketdən müdafiə sistemləri dronlara qarşı effektiv deyil, daha doğrusu, bu sistemlərlə təmin ediləcək tədbirlərin dəyəri kifayət qədər yüksəkdir. Buna görə Rusiya strateji hava limanlarının ətrafında Pantsir-S1, Tor-M2 və ZU-23-2 zenit toplarını yerləşdirərək sıx nöqtəvi müdafiə xətti yaratmağa çalışa bilər.
Bu vəziyyət Ukrayna cəbhəsindəki belə nöqtəvi hava hücumundan müdafiə silahlarının bir hissəsinin kritik Rusiya hava limanlarını Ukrayna dron hücumlarından qorumaq üçün geri çəkilməsi ilə nəticələnər. Bu hərəkət tərzini mənimsədiyi halda, bu dəfə Ukrayna cəbhəsindəki Rusiya birlikləri Ukrayna dronlarına qarşı daha çox dərəcədə özlərini qoruya bilməz vəziyyətə düşərlər.
-Rəsmi Moskvanın elektron müharibə və hava patrulu imkanları bu hücumlara qarşı nə dərəcədə effektivdir?
-Rusiya yenə Genişmiqyaslı Elektron Bastırma (GPS Jamming) yoluna gedəcək. Xüsusilə bütün böyük şəhərlərin və hava limanlarının ətrafında qlobal mövqeləndirmə siqnallarını tamamilə bloklaya bilər. Lakin bu vəziyyət Rusiya mülki təyyarələrinin də naviqasiyasını çətinləşdirəcəyindən, “iki tərəfi iti qılınc” adlandıra biləcəyimiz strateji çıxılmaz vəziyyət Rusiya hərbi hakimiyyətini qarşı-qarşıya qoyar.
Bu arada dronları vurmaq üçün bahalı raketlər əvəzinə helikopterlər (Mi-28, Ka-52) və pervaneli yüngül hücum təyyarələri (Yak-52 modifikasiyaları) ilə “Dron Ovçusu Eskadronları” işə salınar.
Bütün bunlar Rusiya kimi nəhəng bir ölkənin hava məkanını tam mənada təhlükəsiz saxlamağa kifayət etməyəcəyindən, Ukraynanın dron hücumu strategiyasının nəticə əldə etməsinin qarşısını ala bilməyə bilər.
-Bəs Rusiya hansı qisas addımlarına əl atar?
-Rusiya Ukraynanın onsuz da “etibarsız” vəziyyətdə olan mülki aviasiya infrastrukturuna qarşı cavab hücumlarını intensivləşdirə bilər.
Ukraynanın mülki aviasiyası artıq dayanmış olsa da, Rusiya Ukraynanın qərbindəki dəmir yolu şəbəkələrini, logistika mərkəzlərini və çay limanlarını (Dunay limanları) hədəfə alaraq ölkənin bütün nəqliyyat-ticarət damarlarını tamamilə kəsməyə çalıması mümükündür.
Moskva kritik enerji və infrastruktur hücumlarını artıraraq ukraynalıların Kiyevə təzyiq göstərməsi üçün zəmin yarada bilər. Ukraynanın elektrik şəbəkələrinə, təbii qaz anbarlarına və kommunikasiya infrastrukturuna qarşı raket/PUA (Geran-2) yağışını artıraraq Kiyev hökumətini daxili ictimaiyyətin təzyiqi ilə üz-üzə qoymağa çalışar.
Bu cavab əməliyyatlarını tamamlayan şəkildə, Qərb mülki aviasiyasına qarşı gizli-asimmetrik hibrid qisas əməliyyatları həyata keçirməyə cəhd edər. Baltik dənizi və Şimali Avropa üzərində Avropa ölkələrinə məxsus kommersiya təyyarələrinin GPS siqnallarını uzaqdan intensiv şəkildə qarışdırmaq (GPS spoofing) yolu ilə uçuşların pozulmasına səbəb olar.
Avropa hava limanlarına və ya yük təyyarələrinə qarşı gizli sabotaj və ya kiberhücum əməliyyatları (QRU/kiber bölmələr vasitəsilə) həyata keçirməklə Avropa hava məkanını qismən təhlükəsizsiz vəziyyətə gətirə biləcək istənilən əməliyyata əl atar. Nəticədə Avropa ölkələrinin Ukraynanı Rusiya hava limanlarına dron hücumları həyata keçirməməsi barədə xəbərdar etməsinə nail olar.
Ukraynanın PUA istehsalı və komanda mərkəzlərini məhv etmək üçün hava hücumlarını artıra bilər. Rusiya PUA fabriklərini, anbarları və komanda-nəzarət mərkəzlərini hipersəs raketləri ilə (Kinzhal, İskəndər-M) prioritet hədəfə çevirə bilər.
-Ümumilikdə, bu strategiyanın Rusiya üçün iqtisadi və psixoloji nəticələri nə olacaq?
-Nəticə etibarilə, Ukraynanın dron hücumları ilə Rusiya hava məkanını bağlama, təhlükəsizsiz hala gətirmə strategiyası Rusiyaya ağır iqtisadi və psixoloji xərc yükləmək potensialına malikdir.
Rusiya hava məkanının təhlükəsiz hala gətirilməsi Rusiya aviasiya sektorunun çöküşünü sürətləndirə, logistika xətlərində fasilələrə səbəb ola və Rusiya ictimaiyyətində “müharibənin evlərinə qədər gəldiyi” hissini gücləndirə bilər.
Lakin Rusiyanın dərin elektron müharibə imkanları və qeyri-mütənasib raket gücü nəzərə alındıqda, Ukraynanın bu blokadanı davamlı hala gətirməsi üçün on minlərlə dron istehsal etməyə və fasiləsiz kəşfiyyat axını əldə etməyə Qərbin mütləq dəstəyinə ehtiyacı var.