Rusiya və Ermənistanı sərt ayrılıq gözləyir - Politoloq Atayev

  • Paşinyan Moskvanı hələ də aldatmağa çalışır, amma həqiqət artıq ortadadır

Ermənistanın Baş naziri Nikol Paşinyan bazar ertəsi parlamentdə çıxışı zamanı ölkəsinin yaxın vaxtlarda Avropa İttifaqına üzvlük üçün rəsmi müraciət edəcəyini bildirib. Bundan sonra isə Ermənistanın Avrasiya İqtisadi İttifaqında qalması, yoxsa Avropa İttifaqına qoşulması ilə bağlı referendum keçirilməsi planlaşdırılır.

Sherg.az xəbər verir ki, politoloq Artur Atayev “Radio KP”nin efirində Paşinyanın açıqlamasını şərh edib.

Atayevin sözlərinə görə, Paşinyan yeni heç nə deməyib, lakin Ermənistanın Aİ-yə üzvlük prosesində yeni siyasi mexanizm irəli sürüb.

“Ermənistan Aİ-yə üzvlük üçün müraciət edir. Əgər müraciət rədd olunmasa, Paşinyan Avropa İttifaqına üzvlüklə bağlı referendum keçirəcək. O, referendumun keçirilməsində Aİİ ölkələrinin çağırışını əsas götürdüyünü vurğulayıb”, - politoloq bildirib.

Atayev hesab edir ki, bu yanaşma referendumun keçirilməsini yenidən təxirə salmağa imkan verir. Onun sözlərinə görə, Paşinyan uzun müddətdir “iki stulda oturmağa” çalışır.

Politoloq Rusiyanın Ermənistanla “yumşaq və sivil ayrılıq” ehtimalının artıq aradan qalxdığını düşünür.

Onun fikrincə, Paşinyanın Qərbə yönələn siyasəti və Rusiyanın çağırışlarına məhəl qoymaması Ermənistan rəhbərliyinin seçim etdiyini göstərir.

“Paşinyan qərarını artıq verib. Onun ritorikasındakı sərtlik bunu göstərir. Ermənilər artıq heç bir yumşaq ayrılığa ümid etməməlidirlər”, - Atayev deyib.

Atayev bildirib ki, Ermənistanın Rusiya ilə münasibətlərindəki mümkün qopma digər Aİİ ölkələri ilə əlaqələrə də təsir göstərə bilər.

Onun sözlərinə görə, indiyədək Rusiya Aİİ daxilində Ermənistanın maraqlarının əsas müdafiəçisi olub. Rusiya bu dəstəyi dayandırarsa, Ermənistanın Avrasiya İqtisadi İttifaqındakı mövqeyi zəifləyə bilər.

Politoloq Ermənistanın Aİ-yə üzv olması halında Gümrüdəki 102-ci Rusiya hərbi bazasının gələcəyinin də sual altında qala biləcəyini deyib.

Onun fikrincə, bazanın fəaliyyətinin dayandırılması Gümrüyə ciddi iqtisadi zərbə vura bilər. Atayev bazanın şəhərdə çoxsaylı iş yerləri yaratdığını və yerli sakinlərin gəlirlərinə təsir etdiyini qeyd edib.

Paşinyanın Aİ-yə üzvlük planını Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da şərh edib.

Peskov bildirib ki, Ermənistanın Aİ-yə üzvlük məsələsində Türkiyənin təcrübəsini xatırlamaq lazımdır:

“Üzvlük üçün müraciətdən sonra artıq onilliklər keçib, amma məsələ hələ də öz həllini tapmayıb”.

Qeyd edək ki, Türkiyənin Aİ-yə üzvlük müraciətindən təxminən 40 il keçib.