Rusiya və seçkilərlə əlaqədar Ermənistana xüsusi qrup göndərilir

Avropa İttifaqı (Aİ) Avropa Siyasi Birliyinin İrəvanda keçirilən sammiti fonunda Rusiyadan hibrid təhlükələrə qarşı mübarizə məqsədilə mülki ekspertlərdən ibarət xüsusi qrup göndərməklə Ermənistana dəstəyini əhəmiyyətli dərəcədə genişləndirir.

Teleqraf xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Britaniya nəşri bildirib ki, Brüssel iyunun 7-də keçiriləcək parlament seçkiləri ərəfəsində kiberhücumları neytrallaşdırmaq, informasiya manipulyasiyasına qarşı mübarizə aparmaq və qanunsuz maliyyə axınlarının qarşısını almaq üçün iki il işləyəcək 20-30 mütəxəssisdən ibarət qrup göndərmək niyyətindədir.

Mənbə hesab edir ki, bu addım xüsusilə 7 iyun parlament seçkiləri ərəfəsində Rusiyanın müdaxiləsinin qarşısını almaq üçün vacibdir:

“Ermənistanın istiqamətini tədricən Qərbə doğru dəyişməsinə baxmayaraq, Moskva regionda təsirini qorumaq üçün iqtisadi təsirlərindən istifadə etməyə davam edir. Kreml artıq ticarət məhdudiyyətlərindən istifadə etməyə başlayıb, Ermənistan mineral sularının və konyak idxalını qadağan edib, eləcə də İrəvan Avropa ilə inteqrasiyanı dərinləşdirməyə davam edərsə, ucuz enerji resurslarının tədarükünün kəsilməsi ilə bağlı xəbərdarlıq edib.

Amma Baş nazir Nikol Paşinyanla Aİ-nin yüksək vəzifəli liderləri Ursula fon der Leyen və Antonio Koşta arasında İrəvanda keçiriləcək görüş dönüş nöqtəsi kimi qiymətləndirilir və burada təkcə təhlükəsizlik məsələləri deyil, həm də nəqliyyat əlaqələrinin yaxşılaşdırılması, yaşıl keçid və viza liberallaşdırılması ilə bağlı dialoqun başlanması müzakirə olunacaq”.