"ABŞ, Avropa İttifaqı ölkələri, eləcə də Türkiyə Nikol Paşinyanın seçkilərdə qalib gəlməsi üçün əlindən gələni etməlidir"
“Erməni İnqilab Federasiyası” (“Daşnaksütyun” terror təşkilatı – red.) bu gün və ya sabah qarşıdan gələn parlament seçkilərində iştirak formatını açıqlayacaq.
“Hraparak” qəzeti məlumatına görə, partiya təkbaşına və ya ittifaq çərçivəsində iştirakla bağlı mövqeyini bildirməkdən imtina edib: “Deputat Kristine Vardanyan açıqlamanı gözləməyə çağırsa da, əldə etdiyimiz məlumata görə, “Daşnaksütyun” bu dəfə də Robert Köçəryanla ittifaqda iştirak etmək qərarına gəlib. Bunu açıq şəkildə elan etməyə bilərlər, amma dolayı yolla bu barədə məlumat verəcəklər.”
Politoloq Abutalıb Səmədov “Sherg.az”a açıqlamasında Ermənistanın sabiq Prezidenti Robert Köçəryan parlament seçkilərində Samvel Karapetyanın rəhbərlik etdiyi blokun tərkibində iştirak edəcəyini xatırladıb:
“Məlumdur ki, Rusiya yönümlü qüvvələr bu blokda birləşmək qərarına gəliblər və Kreml də həmin bloka aktiv dəstək nümayiş etdirir. Söhbət sahibkarlardan, erməni kilsəsindən və Robert Köçəryanın rəhbərlik etdiyi partiyadan gedir. İndi bu bloka “Daşnaksütyun” terror təşkilatı da qoşulmaq istəyir. Bu addım Rusiyayönümlü qüvvələrin parlament seçkilərində qalib gəlmək şansını xeyli artıracaq.
Serj Sarkisyanın rəhbərlik etdiyi partiyanın da bu bloka qoşulması tamamilə mümkündür. Hətta digər müxalifət partiyaları da təkbaşına seçkilərə getməyin çətinliyini anlayıb, sözügedən bloka qoşulmaq barədə qərar qəbul edə bilərlər. Bu isə Nikol Paşinyanın rəhbərlik etdiyi partiyanın parlament seçkilərində qələbəsini xeyli çətinləşdirə, hətta mümkünsüz edə bilər”.
A.Səmədovun sözlərinə görə, Ermənistanın Baş naziri bu gün Ermənistanda ən populyar siyasətçilərin başında gəlsə də, erməni cəmiyyətində Paşinyanı dəstəkləyən qüvvələrin sayı get-gedə azalmaqdadır:
“Onun populyarlığı seçkiləri udmaq üçün təkbaşına kifayət qədər ciddi səbəb deyil. Amerika Birləşmiş Ştatları, Avropa İttifaqı ölkələri, eləcə də Türkiyə Nikol Paşinyanın seçkilərdə qalib gəlməsi üçün əlindən gələni etməlidir.
Rusiyayönümlü qüvvələrin Ermənistanda hakimiyyətə gəlməsi Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarını bloklaya, yekun sülh sazişini düyünə sala bilər. Zəngəzur dəhlizinin açılması məsələsinə də ciddi maneə törədə bilərlər. Ermənistanın yenidən Rusiya forpostuna çevrilməsi sadəcə Ermənistanın özü üçün yox, bütünlükdə Cənubi Qafqaz regionu üçün arzuolunan hal deyil.
Ümid edək ki, Ermənistan Xarici İşlər nazirinin Vaşinqtona səfəri və keçirəcəyi görüşlər parlament seçkiləri ərəfəsində qərbin fəallaşmasında mühüm mərhələ olacaq və ABŞ ilə Avropa Birliyi Ermənistandakı parlament seçkilərində ən azı Rusiya qədər öz namizədlərini dəstəkləməyə çalışacaqlar”.