"Onun İran cəmiyyəti üzərində real təsiri yoxdur. Bunu Qərbdəki analitiklər də çox yaxşı bilirlər"
İranda və beynəlxalq səviyyədə gərginlik artmaqdadır. Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Araqçinin dəvətinin geri çevrilməsi, Omanda Tehran-ABŞ dialoqunun keçiriləcəyi regionda yeni hərbi və siyasi ssenarilərin gündəmə gələcəyinə işarə edir.
Sherg.az-a açıqlama verən türk politoloq Engin Özer tərəflər arasında hər hansı bir razılaşmanın əldə olunmasının çətin olduğunu vurğulayıb:
"Münhen Təhlükəsizlik Konfransı ilə bağlı olaraq Araqçinin dəvətinin geri çevrilməsi dialoqun qopduğunu göstərir. Böyük ehtimalla qarşıdakı bir həftə ərzində İrana hava zərbələri endiriləcək. Son siqnallar da məhz bu istiqamətdədir.
Belə görünür ki, tərəflər arasında razılaşma əldə olunmayacaq. Lakin buradan Qərbin xüsusilə də ABŞ-nin İranda rejim dəyişikliyi istədiyi nəticəsi diqqətdə saxlanılmalıdır. Çünki rejim dəyişikliyi proqnozlaşdırılması çətin olan nəticələr doğura bilər.
İran çoxparçalı, etnik baxımdan son dərəcə rəngarəng bir ölkədir. Belə bir şəraitdə yeni qurulacaq hakimiyyətin bütün bu qrupları bir arada saxlaya bilməsi olduqca çətin olacaq. Bu isə Qərbin arzuladığı ssenari deyil".
Politoloq Rza Pəhləvi məsələsinin daha çox siyasi təzyiq və şantaj aləti kimi göründüyünü deyib:
"Rza Pəhləvinin İran cəmiyyəti üzərində real təsiri yoxdur. Bunu Qərbdəki analitiklər də çox yaxşı bilirlər. Onun hətta 5 faiz dəstək toplaya bilməsi belə şübhəlidir. Deməli, bu fiqur sadəcə vasitə kimi istifadə olunur.
Əslində ABŞ-nin İrandan əsas tələbləri bunlardır: İnqilab Keşikçilərinin siyasi sistemdən tam kənarlaşdırılması, neft sahəsində müəyyən razılaşmaların əldə olunması və İranın Çinlə bağladığı strateji anlaşmaların dayandırılması. Hazırkı mərhələdə Vaşinqton üçün bunlar kifayətdir.
Bu səbəbdən də mövcud rejimin tam dəyişdirilməsindən çox, onun müəyyən qədər yumşaldılaraq Qərbin maraqları istiqamətində hərəkət etməsi istənilir".
Ekspert ciddi problemlərin olduğunu söyləyib:
"Proses dalana dirənib. Lakin vurğulamaq lazımdır ki, Rza Pəhləvinin İran cəmiyyəti üzərində faktiki olaraq heç bir təsiri yoxdur".