Saakaşvilinin reytinqinin yüksəlməsi hələ real siyasi üstünlük demək deyil - ŞƏRH

  • Gürcüstan müxalifətinin əsas problemi üzə çıxdı, daxili çəkişmələr vahid cəbhəyə mane olur

Gürcüstanda siyasi mübarizənin mənzərəsi ilə bağlı diqqətçəkən nəticələr açıqlanıb. Ölkənin keçmiş prezidenti Mixeil Saakaşvili reytinqinin hakim "Gürcü Arzusu" Partiyasının qurucusu Bidzina İvanişvili və Baş nazir İrakli Kobaxidzenin göstəricilərinə çatdığını bildirib. Onun sözlərinə görə, sorğuda hər üç şəxsin reytinqi 35-36 faiz təşkil edir, digər partiyaların heç biri isə 3 faizlik həddi keçə bilmir.

Saakaşvili bu nəticəni müxalifətin diqqətini hakimiyyətə qarşı mübarizədən daha çox ona qarşı yönəltməsi ilə əlaqələndirir. O hesab edir ki, müxalifət bu yanaşma ilə siyasi təsirini itirir və vəziyyətdən çıxış yolu onun ətrafında birləşməkdir.

Keçmiş prezidentin açıqlaması Gürcüstanda müxalifətin mövqeyi və hakimiyyətlə siyasi rəqabətin gələcəyi barədə müzakirələri yenidən gündəmə gətirib. Saakaşvilinin reytinqinin hakimiyyətin əsas simaları ilə eyni səviyyədə olduğunu bildirməsi onun siyasi nüfuzuna dair iddiaları ön plana çıxarsa da, bu nəticələrin ölkədəki real siyasi qüvvələr nisbətini nə dərəcədə əks etdirdiyi ayrıca diqqət tələb edir.

Mövzu ilə bağlı politoloq Tural İsmayılov Sherg.az-a bildirib ki, Saakaşvilinin reytinq iddiası Gürcüstanda siyasi balans müzakirələrini yenidən gündəmə gətirir:

 “Mixeil Saakaşvilinin öz reytinqinin Gürcüstanın hakim partiyasının liderləri ilə eyni səviyyəyə çatdığını bildirməsi ölkədəki siyasi rəqabətin mürəkkəb xarakterini göstərir. Ancaq bu cür bəyanatları qiymətləndirərkən sorğunun metodologiyasına, respondentlərin sayına, araşdırmanın keçirildiyi tarixə və seçicilərin real davranışına diqqət yetirmək lazımdır. Siyasi şəxsin öz reytinqi barədə açıqlaması özlüyündə ölkədə siyasi balansın dəyişdiyini sübut etmir.

Saakaşvilinin Gürcüstan siyasətində hələ də diqqət mərkəzində qalması onun əvvəlki prezidentlik dövründən miras qalan siyasi nüfuzu, tərəfdarlarının fəallığı və müxalifət daxilində tutduğu mövqe ilə bağlıdır. Bununla belə, siyasi tanınmışlıqla cəmiyyətin geniş dəstəyini qazanmaq eyni məsələ deyil. Uzun illərdir davam edən siyasi rəqabət Gürcüstan seçicilərinin müxtəlif qruplara bölündüyünü və siyasi üstünlüklərin yalnız bir şəxsin nüfuzu ilə müəyyənləşmədiyini göstərir”.

Müsahibimizin fikrinə əsasən, müxalifətin daxili qarşıdurması vahid siyasi alternativ yaratmaq imkanlarını məhdudlaşdırır:

“Saakaşvilinin müxalifət daxilindəki rəqabətlə bağlı irəli sürdüyü fikirlər də diqqətəlayiqdir. Müxalifət qüvvələrinin əsas enerjisini bir-biri ilə mübarizəyə sərf etməsi onların seçicilər qarşısında vahid siyasi alternativ kimi çıxış etmək imkanlarını məhdudlaşdıra bilər. Lakin məsuliyyəti yalnız müxalifətin ayrı-ayrı liderlərinin üzərinə qoymaq da düzgün olmaz. Gürcüstan siyasətində əsas məsələ siyasi qüvvələrin şəxsi qarşıdurmalardan kənara çıxaraq cəmiyyətə hansı proqramı, idarəçilik modelini və gələcək inkişaf istiqamətini təklif edə bilməsidir”.

Politoloq qeyd edib ki, Saakaşvilinin reytinqinin yüksəlməsi hələ real siyasi üstünlük demək deyil:

“Saakaşvilinin reytinqinin yüksəldiyi barədə iddiası müxalifət daxilində onun siyasi çəkisini yenidən gündəmə gətirə bilər, amma bu, hakimiyyətlə rəqabətin nəticəsinin dəyişəcəyi anlamına gəlmir. Oktyabrın 19-da yayılan açıqlamada Saakaşvili hakim partiyanın daxili sorğusuna istinad edərək öz reytinqinin Bidzina İvanişvili və İrakli Kobaxidzenin göstəricilərinə çatdığını bildirib. Bununla belə, həmin rəqəmlərin müstəqil sorğu məlumatları ilə təsdiqlənməsi vacibdir.

Gürcüstanın siyasi gələcəyini müəyyənləşdirəcək əsas amil ayrı-ayrı siyasətçilərin reytinq iddiaları deyil, ölkədə sabitliyin, dövlət institutlarının fəaliyyətinin və cəmiyyətin gözləntilərinin nə dərəcədə uzlaşdırılması olacaq. Hakimiyyətlə müxalifət arasındakı rəqabət də şəxsi ittihamlardan daha çox konkret siyasi proqramlar və ictimai etimad üzərində qurulduğu halda ölkənin siyasi sisteminə fayda verə bilər”.