Sərhədlərin açılması Paşinyanın siyasi gələcəyindən asılıdır - TƏHLİL

Oqtay Qasımov: “Türkiyə-Ermənistan münasibətlərinin tam bərpası, Bakı-İrəvan arasında imzalanacaq yekun sülh müqaviləsindən sonra mümkündür”

Ermənistanın Baş naziri Nikol Paşinyan parlament seçkiləri öncəsi, Azərbaycan və Türkiyə ilə diplomatik təmasları genişləndirib. 44 günlük müharibənin yükü altında əzilən Ermənistan iqtisadiyyatı, Azərbaycan və Avropa İttifaqının göstərdiyi dəstəyə əsasən nisbətən dirçəlməyə başlayıb.

Ermənistanın qarşısında duran əsas məqsədlərdən biri də beynəlxalq arenada söz sahibi olan Türkiyə ilə münasibətlərin inkişaf etdirilməsidir. Ermənistan-Türkiyə birgə işçi qrupunun aprelin 28-də baş tutan iclasında, Gümrü-Qars dəmir yolunun bərpası və istismarı üzrə də danışıqlar aparılıb. Artıq Ankara və İrəvan arasında ticarətin başladılması məqsədilə görülən hazırlıq işləri yekunlaşıb. Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Öncü Keçelinin sözlərinə görə, sərhəd qapılarının açılması istiqamətində texniki fəaliyyətlər davam etdirilir. Diqqət çəkən əsas məqamlardan biri də, Avropa İttifaqının bu addımı dəstəkləməsi oldu.  

Mövzu ilə bağlı siyasi şərhçi Oqtay Qasımov Sherg.az-a bildirib ki, Ermənistan və Türkiyə arasında normallaşma prosesi 2022-ci ildə başlayıb:

“Bu prosesi həyata keçirmək üçün keçirilən çoxsaylı görüşlərdə, müxtəlif istiqamətlərdə layihələr hazırlanıb. Hazırda üçüncü ölkə vətəndaşlarının Ermənistan-Türkiyə sərhədindən keçidi və elektrik şəbəkələrinin gələcəkdə əlaqələndirilməsi məsələləri üzrə müzakirələr aparılır. Bundan əlavə, Gümrü dəmir yolunun texniki vəziyyəti üzrə araşdırmalar davam etdirilir. Ticarət əlaqələrinin inkişafı və sərhədlərin açılması istiqamətində atılan addımlar çərçivəsində, martın 11-dən etibarən Türk Hava Yolları İrəvana müntəzəm uçuşlara başladı”. 

Analitik sözlərinə görə, görülən bütün tədbirlər, Azərbaycanla razılaşdırılmış formada və koordinasiya əsasında icra olunur:

“Normallaşma istiqamətində tərəflərin son mərhələyə gəlib çatdığını desək, yanılmarıq. Sadəcə olaraq, sülh yolunda atılan addımlara mane olan problemlərin həlli, Ermənistanda keçiriləcək parlament seçkilərindən asılıdır. Əgər Paşinyan hakimiyyəti yenidən əlində saxlayıb, konstitusiyada Azərbaycan və Türkiyəyə qarşı mövcud olan ərazi iddialarını ləğv edərsə, yekun sülh müqaviləsinin imzalanması daha tez baş tutacaq. Nəticədə Türkiyə ilə sərhədlərin tam açılmasına əngəl törədən amillər aradan qalmış olacaq”. 

Ekspert qeyd edib ki, Avropa İttifaqı daim Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşmasına maraq göstərib: 

“Xatırlayırsınızsa, 2009-cu ildə Türkiyə və Ermənistan arasında imzlanan “Sürix Protokolu”na vasitəçilik və şahidlik edən tərəflər Avropa İttifaqı, Rusiya və ABŞ idi. Lakin həmin dövrdə bəzi kommunikasiya və normallaşma mexanizmləri tam şəkildə həyata keçmədi. Bunun əsas səbəblərindən biri, vasitəçi aktorların Türkiyə-Ermənistan və Bakı-İrəvan münasibətlərini bir-birindən ayrı proseslər kimi idarə etmək istəyi idi. Bu proses Türkiyə hökumətinin qəti etirazı nəticəsində dayandırıldı. 2020-ci ildə Azərbaycan öz ərazilərini azad etdikdən sonra Bakı və Ankara Cənubi Qafqazda sülh prosesini irəli aparmaq məqsədilə, koordinasiyalı şəkildə birgə fəaliyyət planının icrasına başladılar”. 

O.Qasımovun fikrincə, Ermənistanla normallaşma prosesinin birgə fəaliyyətə əsaslanması, hər iki qardaş ölkədə cəmiyyətin buna isti münasibət bəsləməsinə səbəb olub:

 “Türkiyə tərəfi dəfələrlə bəyan edib ki, Türkiyə-Ermənistan münasibətlərinin tam bərpası, Bakı-İrəvan arasında imzalanacaq yekun sülh müqaviləsindən asılıdır. Bölgədə sülhün bərqərar olması, Ermənistanın Avropa ilə quru nəqliyyat əlaqələrinin daha sürətli formalaşmasına şərait yaradacaq. Avropa İttifaqı isə Türkiyə üzərindən Ermənistana daha rahat çıxış imkanı əldə edəcək. Aİ son 4-5 ildə bölgədə təsir gücünü açıq şəkildə artırmağa çalışır. Burada Fransanın da maraq və fəaliyyətini diqqət mərkəzində saxlamaq lazımdır”.