"Partiya əvvəlki şəkildə fəaliyyətini davam etdirə bilməyəcək və daxili parçalanma ehtimalı getdikcə artır"
"Hətta Özgür Özəl yenidən partiya rəhbərliyinə qayıtsa belə, köhnə CHP modelinin əvvəlki təsir imkanlarını geri qaytarması real görünmür"
Türkiyənin ana müxalifət partiyası olan CHP-də siyasi böhran daha da dərinləşir. Ankara Məhkəməsinin partiyanın son qurultayının qərarını ləğv etməsi və Kamal Kılıçdaroğlunun yenidən sədr təyin olunması partiya daxilindəki gərginliyi artırıb. Qarşılıqlı ittihamlar, fövqəladə qurultay çağırışları və yeni partiya yaradılması ilə bağlı iddialar müzakirə predmetinə çevrilib.
Partiyanın Qrup sədri Özgür Özəl ilk dəfə açıqlayıb ki, keçmiş CHP sədri Kamal Kılıçdaroğlu həbsdə olan Əkrəm İmamoğlu ilə görüşündə ona partiya rəhbərliyi təklif edib.
Özəl həmçinin CHP-də fövqəladə qurultay tələbi ilə bağlı artıq 804 imzanın toplandığını, bu sayın 900-1000-ə çatdığını bildirib. Onun sözlərinə görə, partiyada dəyişiklik tələbi güclənməkdə davam edir.
Yeni partiya yaradılması ilə bağlı iddialara da münasibət bildirən CHP rəsmisi qeyd edib ki, belə bir ssenari ən pis ehtimal kimi nəzərdən keçirilsə də, əsas məqsəd CHP-ni tərk etmək deyil.
Mövzunu şərh edən siyasi şərhçi Azər Həsrət Sherg.az-a açıqlamasında bildirib ki, Azərbaycan cəmiyyəti və dövləti prinsip etibarilə qardaş Türkiyənin daxili siyasi proseslərinə müdaxilə etmir və oradakı qarşıdurmalarda tərəf kimi çıxış etmir. Bununla belə, həmsöhbətimiz qeyd edib ki, Türkiyədə baş verən siyasi hadisələr Azərbaycanda da diqqətlə izlənilir və CHP daxilində yaşanan böhran xüsusi maraq doğurur.
A. Həsrətin fikrincə CHP-də gedən proseslər daha çox emosional və daxili qarşıdurma xarakteri daşıyır. Onun qənaətinə görə, Özgür Özəlin ətrafında artıq kifayət qədər geniş siyasi və ictimai dəstək formalaşıb və partiyanın müəyyən hissəsi onu yeni lider kimi qəbul edir:
“Kamal Kılıçdaroğlunun yenidən sədr postuna qaytarılması və qurultay qərarının məhkəmə yolu ilə ləğv olunması CHP-ni ciddi siyasi sınaq qarşısında qoyub. Partiya əvvəlki şəkildə fəaliyyətini davam etdirə bilməyəcək və daxili parçalanma ehtimalı getdikcə artır. Hesab edirəm ki, Özgür Özəl üçün ən real variantlardan biri artıq CHP daxilində vaxt itirmək deyil, yeni siyasi platforma formalaşdırmaqdır. Özəlin yeni partiya quraraq liderliyini təsdiqləməsi üçün həm ictimai dəstək, həm də siyasi potensial mövcuddur.
Siyasi şərhçinin sözlərinə görə, Özgür Özəl bu fürsətdən düzgün istifadə edərsə, geniş seçici auditoriyasının dəstəyini qazana bilər: “CHP əvvəlki siyasi gücünü və nüfuzunu bərpa etməkdə çətinlik çəkəcək. Hətta Özgür Özəl yenidən partiya rəhbərliyinə qayıtsa belə, köhnə CHP modelinin əvvəlki təsir imkanlarını geri qaytarması real görünmür. Lakin Özgür Özəlin yarada biləcəyi yeni siyasi qüvvə CHP-nin bütün elektoratını öz ətrafında toplamaq gücündə olmasa da, Türkiyə siyasətində seçki baryerini keçə biləcək və müəyyən təsir imkanları qazana biləcək yeni müxalif platformaya çevrilə bilər”.