Sosial şəbəkələr Azərbaycanda ciddi hüquqi çərçivəyə salınacaq - GÜNDƏM

Qanun qüvvəyə mindikdən sonra onun icrası üçün sosial media platformalarına 12 ay vaxt veriləcək

Yəni əgər Meta, Google və TikTok kimi platformalar bu qanunun tələblərinə əməl etsələr, Türkiyədə olduğu kimi Bakıda da onların ofisləri açılacaq 

Uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin edilməsi məqsədilə hazırlanan qanun layihəsi ictimai müzakirəyə çıxarılıb. Layihəyə görə, 16 yaşadək uşaqlar üçün müəyyən ediləcək sosial şəbəkələrdə hesab açılması qadağan olunur. 16-18 yaş qrupu üçün isə valideyn razılığı, valideyn nəzarəti və əlavə təhlükəsizlik mexanizmləri nəzərdə tutulur.

MEDİA-nın təşkilatçılığı ilə keçirilən müzakirələrdə müvafiq dövlət qurumları, media subyektləri və jurnalist təşkilatlarının səlahiyyətli nümayəndələri, həmçinin əlaqəli sahələr üzrə məsul şəxslər, rəqəmsal məzmun yaradıcıları və ekspertlər iştirak ediblər.

Tədbirdə çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, uşaqların erkən yaşlardan sosial şəbəkələrdən nəzarətsiz istifadəsi gələcəkdə müxtəlif psixoloji və sosial problemlərə yol aça biləcəyini göstərir: “İnkişaf etmiş ölkələrdə uşaqlar üçün zərərli hesab edilən, onların fiziki və psixoloji sağlamlığına mənfi təsir göstərən sosial media istifadəsinin məhdudlaşdırılması istiqamətində müxtəlif qanunvericilik tədbirləri həyata keçirilir.

Müasir diaqnostik təhlillər erkən yaşlarda tənzimlənməyən sosial şəbəkə istifadəsini gələcəkdə müxtəlif problemlərə səbəb ola biləcəyini aşkarlayıb. Ölkəmizdə İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik bir neçə əsas aspekti əhatə edir və uşaqların rəqəmsal mühitdə daha təhlükəsiz şəkildə fəaliyyət göstərməsini hədəfləyir. Bu qanun layihəsi rəqəmsal dünyanın mövcud problemlərindən qorunma baxımından mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə müvafiq dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsi də vacib hesab olunur”. 

O həmçinin bildirib ki, nəzərdə tutulan dəyişikliklər internet provayderləri və rəqəmsal platformaların uşaqların inkişafı ilə bağlı sosial və hüquqi məsuliyyətini artıracaq, eyni zamanda vətəndaşların rəqəmsal təhlükələrdən və informasiya risklərindən qorunmasına xidmət edəcək.

Əhməd İsmayılov qeyd edib ki, layihə çərçivəsində yaş yoxlaması üçün toplanan şəxsi məlumatların saxlanılması və reklam məqsədilə üçüncü tərəflərə ötürülməsi qadağan olunur. Eyni zamanda, yetkinlik yaşına çatmayan şəxslərin sosial şəbəkələrdə paylaşdığı məlumatların sonradan tam silinməsi hüququ da nəzərdə tutulub: “Qanun layihəsi rəqəmsal təhlükələrdən qorunma, sağlam informasiya mühitinin formalaşdırılması və uşaqların mənəvi-intellektual inkişafının müdafiəsi baxımından mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, qanunun effektiv tətbiqi üçün valideynlər, müəllimlər və cəmiyyət arasında rəqəmsal maarifləndirmənin gücləndirilməsinin vacib olduğu qeyd edilib”.

Elektron Təhlükəsizlik Xidmətinin Əməkdaşlıq və Kommunikasiya sektorunun müdiri Həvva Hüseynli isə bildirib ki, qanun layihəsi əsasən kütləvi məzmun paylaşımı və geniş əlaqə imkanları yaradan sosial media platformalarını əhatə edir. Onun sözlərinə görə, qanun layihəsində bütün sosial şəbəkələrə məhdudiyyətlərin tətbiqi nəzərdə tutulmur:

“Burada yaş məhdudiyyəti tətbiq edilən sosial media platformaları anlayışı xüsusi yer alır. Müvafiq dövlət qurumları həmin siyahını formalaşdıracaq. Uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi, eləcə də təhsil, səhiyyə və işgüzar fəaliyyətlərə çıxış məhdudlaşdırılmayacaq”.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov bildirib ki, Azərbaycanda məktəbyaşlı uşaqların 64%-i sosial mediadan aktiv istifadə edir və onlar gündə 5 saatdan çox vaxtını rəqəmsal platformalarda keçirir:

“İstifadə daha çox TikTok və WhatsApp üzərindən həyata keçirilir. Valideynlərin 43%-i isə övladlarının sosial media istifadəsinə nəzarət edə bilmədiyini etiraf edir. Layihənin məqsədi sosial medianı qadağan etmək deyil, uşaqlar üçün daha təhlükəsiz mühit yaratmaqdır. Bu çərçivədə 16 yaşadək şəxslərin sosial mediadan istifadəsinə məhdudiyyət, 16–18 yaş aralığında isə valideyn razılığı ilə istifadə nəzərdə tutulur. Eyni zamanda “sonsuz sürüşdürmə” kimi istifadəçini platformada uzun müddət saxlamağa yönələn funksiyalara da məhdudiyyətlərin tətbiqi planlaşdırılır”.

Sözügedən tədbirdə iştirak etdiyini xatırladan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Fərid Pərdəşünas sosial media qanunu ilə bağlı detallara diqqət çəkib. O, Sherg.az-a bildirib ki, təklif olunan qanun layihəsi əsasən sosial media platformalarının Azərbaycanda daha ciddi hüquqi çərçivəyə salınmasını hədəfləyir:

“Yeni yanaşmaya görə, xarici platformalar ölkədə fəaliyyət göstərmək üçün rəsmi qeydiyyatdan keçməli, filial və ya əlaqə mərkəzi yaratmalı, Azərbaycan dilində operativ kommunikasiya təmin etməlidirlər. Qanun layihəsi hazırlanarkən aidiyyəti qurumlar qlobal sosial media şirkətlərini məlumatlandırıblar. Onlar da əməkdaşlığa hazır olduqlarını bildiriblər. Qanun qüvvəyə mindikdən sonra onun icrası üçün sosial media platformalarına 12 ay vaxt veriləcək. Yəni əgər Meta, Google və TikTok kimi platformalar bu qanunun tələblərinə əməl etsələr, Türkiyədə olduğu kimi Bakıda da onların ofisləri açılacaq və Azərbaycan dilində dəstək xidmətləri yaradılacaq. Qanun pozuntularına qarşı mərhələli sanksiya mexanizmi də nəzərdə tutulur. İlk mərhələdə xəbərdarlıq, daha sonra 100 min və 300 min manatadək inzibati cərimələr tətbiq olunur. Tələblər yerinə yetirilmədiyi halda iqtisadi məhdudiyyətlərə - o cümlədən reklam gəlirlərinin bloklanmasına və bank köçürmələrinin məhdudlaşdırılmasına qədər gedən tədbirlər planlaşdırılır. Son mərhələdə isə ciddi pozuntular davam edərsə, məhkəmə qərarı ilə mərhələli şəkildə internet trafikinin azaldılması nəzərdə tutulur”.

F. Pərdəşünas qeyd edib ki, layihənin diqqət çəkən hissələrindən biri də platformaların dizayn və funksional məsuliyyətidir:

““Sonsuz sürüşdürmə”, avtomatik video oynatma kimi istifadəçini platformada daha uzun saxlamağa xidmət edən xüsusiyyətlərin məhdudlaşdırılması tələb olunur. Bu, xüsusilə uşaqların rəqəmsal asılılıq riskinin azaldılması məqsədi daşıyır. Burada əsas prinsip ondan ibarətdir ki, dövlət birbaşa şəxsi məlumatlara müdaxilə etmir, məsuliyyət platformaların üzərinə qoyulur və onlar yetkinlik yaşına çatmayanların sistemə daxil olmasının qarşısını almalıdırlar. Vəsiqə və ya mygov tələbi olmayacaq. Platformalar istifadəçiləri mobil nömrə, e-poçt ünvanı və bank kartı məlumatları vasitəsilə identifikasiya etdikdən sonra həmin məlumatları dərhal siləcəklər. Bu metod bir çox ölkədə özünü doğruldub və böyük şirkətlər qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstəriblər. Azərbaycan isə bu günə qədər kiçik bazar kimi qiymətləndirilirdi və onlar iqtisadi baxımdan bu bazara kifayət qədər önəm vermirdilər. Bundan sonra isə qanun onları buna məcbur edəcək. Lakin bütün bunlar praktikada, təbii ki, yayınma hallarının tam qarşısını ala bilməz. Sonda məsuliyyət yenə də valideynlərin və ailələrin üzərinə düşəcək. Davamlı maarifləndirmə işi də bu proseslə paralel şəkildə mütləq aparılmalıdır”.