Şuşadan ucalan səs

Media Forumunun qlobal miqyas alması Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli platforma oldu


Şuşa şəhərində "Heydər Əliyev İli" çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü münasibətilə təşkil edilən "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" Qlobal Forumu yekunlaşıb. 3 gün davam edən forumda yerli və xarici media nümayəndələri, eyni zamanda, ekspertlər iştirak edib. Forum ərzində "Medianın gələcəyi: Rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər və medianın rolu", "Mediada investisiya və istehlak tendensiyaları", "Təhlükəsizlik məsələləri" adlı sessiyalar keçirildi, iştirakçılar və çıxışçılar arasında interaktiv müzakirələr aparılıb. 

Həmçinin Qlobal Forum çərçivəsində bəzi "side-event"lər (paralel tədbirlər), sərgi və təlimlər də keçirilib. Qeyd edək ki, Şuşa Qlobal Media Forumuna 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Həmçinin Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edib. Tədbirdə iştirak edən əcnəbi nümayəndələr arasında “Anadolu” agentliyinin baş redaktoru Yusif Özhan, Avropa Xəbər Agentliklər Alyansının Baş katibi Aleksandru Giboi, TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman və başqa media nümayəndələri olub. Forum 4 paneldə keçirilib. “Yeni media jurnalistikasına keçid: konvergensiya və yeni imkanlar” adlı birinci paneldə əsas mövzular ənənəvi medianın problemləri, konvergensiya prosesi, yeni mediada feyk xəbər ilə mübarizə olub. Müzakirə olunan əsas mövzular ənənəvi medianın problemləri, konvergensiya prosesi, yeni mediada feyk xəbər ilə mübarizəni əhatə edib. Emin Musəvinin moderatorluğu altında keçirilən birinci paneldə çıxış edənlər TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman, Bolqarıstanın BTA İnformasiya Agentliyinin İnformasiya Siyasəti üzrə baş direktorun müavini Evgenia Doitcheva, “Əl-Cəzirə” Media İnstitutunun təlimlər üzrə meneceri Mohammad Talal Abdulkarim, “Haqqin.az” analitik veb-saytının rəhbəri Eynulla Fətullayev və başqaları olub. “Media etikası: rəqəmsal mühitdə jurnalistlərin peşə davranışı” adlı ikinci paneldə mediada plüralizm, media etikasının aktual problemləri, yeni media və etika müzakirə predmeti olub. “Media etikası: rəqəmsal mühitdə jurnalistlərin peşə davranışı” adlı ikinci paneldə müzakirə olunan əsas mövzular mediada plüralizm, media etikasının aktual problemləri, yeni media və etika olub. ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media proqramının direktoru Şəfəq Mehrəliyevanın moderatorluğu altında keçirilən ikinci paneldə Avropa Xəbər Agentlikləri Alyansının Baş katibi Aleksandru Giboi, “Real” Təhlil İnformasiya Mərkəzinin Baş direktoru Mirşahin Ağayev, “Anadolu” agentliyinin Baş direktorun müavini, baş redaktor Yusuf Özhan və başqaları çıxış ediblər. “Azərbaycan mətbuatında Şuşa izi” panelində Zəfər tarixi Azərbaycan mediasının əsas mövzusu kimi, Şuşanın qələm sahibləri və qəzeti ətrafında fikir mübadiləsi aparılıb. Milli Məclisin deputatı, “Azernews” qəzetinin baş redaktoru Sevil Mikayılovanın moderatorluğu ilə keçirilən üçüncü paneldə İraq Respublika Strateji Araşdırmalar Mərkəzinin direktoru Matz Muhy Abdulhamid Obada, “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, “Yeni Musavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu və “Azad Şuşa” saytının baş redaktoru, işğaldan əvvəl “Şuşa” qəzetinin baş redaktoru olmuş Kərim Kərimli çıxış ediblər. Sonuncu “Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq perspektivləri” panelində isə əsas mövzular Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq perspektivləri, Azərbaycan-Türkiyə media platforması, Türk Dövlətləri Təşkilatı çərçivəsində media əməkdaşlığı olub. ADA Universiteti nəzdində Siyasi tədqiqatlar və nəşrlər üzrə direktor Damjan Krnjevic Miskovicin moderatorluğu ilə keçirilən sonuncu paneldə AZƏRTAC-ın İdarə Heyəti sədri Aslan Aslanov, Türk Dövlətləri Təşkilatının layihə direktoru Ersin Aydoğan, Özbəkistan Prezident Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktorunun birinci müavini Dilşod Saidconov və başqaları çıxış ediblər. 
Şuşa Forumunda rəqəmsal media mühitində transformasiya, media mühitinin müzakirələri və süni intellektin jurnalistikaya, media sahəsinə təsiri çox ciddi müzakirə olunub. Çap mediası, ənənəvi media və yeni media arasındakı fərqlər və yeni media dövründə bizim ənənəvi mediamızın dünyadakı ənənəvi medianın rolu və bundan sonrakı fəaliyyət istiqamətləri üzrə dərin müzakirələr aparılıb. Eyni zamanda, Forum çərçivəsində media savadlılığının dezinformasiyaya qarşı mübarizə üsulu kimi əsas istiqamət olduğu vurğulanıb. Bununla bağlı media ekspertləri ilə təcrübə mübadiləsi həyata keçirilib. 
Forum iştirakçıları Şuşa şəhərinin tarixi məkanları və əsrarəngiz təbiəti ilə də tanış olublar. Qonaqlar əvvəlcə Şuşa qala divarlarını ziyarət ediblər. Burada onlara Şuşa şəhərinin tarixi, qala divarlarının tikilməsi barədə məlumat verilib. Bildirilib ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub, alınmazlıq simvolu olub. İşğal dövründə qala divarları erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb. Sonra Forum iştirakçıları Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin qoyulduğu Şuşa şəhər mərkəzi meydanına gəliblər. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşı qonaqlara şəhər və güllələnmiş heykəllər barədə məlumat verib. Bildirilib ki, işğal zamanı ermənilər heykəlləri Ermənistana apararaq əritmək istəyiblər. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər Azərbaycana gətirilib və Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra həmin heykəllər əvvəlki yerlərinə qaytarılıb. Qonaqlar Şuşada Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı, Şuşa qalasının Gəncə qapısı, Yuxarı Gövhər Ağa məscidi, Mehmandarovların malikanəsi, Qazançı kilsəsində olublar. Gəzinti zamanı işğal dönəmində mədəniyyət abidələrimizə ermənilər tərəfindən vurulan ziyan, qədim artefaktlarımızın saxtalaşdırılması barədə də məlumat verilib. Bildirilib ki, Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl simasının, tarixi və mədəniyyət abidələrinin bərpasına start verilib. Sonda Cıdır düzünə gələn qonaqlar buradan açılan əsrarəngiz mənzərəni seyr ediblər. Onlar Şuşa şəhəri ilə tanışlıqdan zəngin təəssüratla ayrılıblar. Forum çərçivəsində dünyanın əlli ölkəsindən media və televiziya idarəçiləri, jurnalistlərin qatıldığı tədbir qarşılıqlı şəbəkələşmə, təcrübə və biliklərin mübadiləsi üçün əvəzsiz platforma rolunu oynadı. Forumun Azərbaycan mədəniyyətinin nüvəsi Şuşada, Qarabağda baş tutması yalan və dezinformasiya cərəyanları içində boğulan dünyada həm də Azərbaycan həqiqətlərinin çatdırılması üçün bir mexanizm kimi milli maraqlarımızın müdafiə alətidir. Ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq dünya yeni dördüncü sənaye inqilabının astanasındadır. Adına texnoloji inkişaf dediyimiz yeni şərtlər dünyanın ictimai, siyasi, iqtisadi mənzərəsini və bu sahədəki ənənəvi qaydaları dəyişir. Hökumətlər, cəmiyyətlər, ictimai-siyasi institutlar rəqəmsal texnologiyaların idarəçiliyinə adaptasiya olunur. Rəqəmsal texnologiyaların idarəçiliyinə adaptasiya olunan yeni dünyada yeni mexanizmlər qlobal səviyyədə ənənəvi siyasi-ictimai quruluşların dəyişməsinə səbəb olur. Dördüncü sənaye inqilabının astanasında rəqəmsallaşan siyasət, iqtisadiyyat, sənaye, təhsil, mədəniyyət və digər sahələrdə gedən proseslərdə ölkələr ümumi məqsədə xidmət edən və ən əsası bütün maraqları əhatə edən strategiya axtarışındadırlar. Günümüzdə texnoloji resurslar qlobal səviyyədə cəmiyyətin ehtiyacı və istəyini formalaşdırır. Yeni reallıqlarda media diplomatiyasının üzərinə yeni siyasi linqivistika, dinlərarası dözümlülük və mədəniyyətlərarası mübadilə ritorikasını formalaşdırmaq kimi mühüm bir vəzifə durur. 
"İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə "Sherg.az"a açıqlamasında Şuşa Qlobal Media Forumu həqiqətlərimizin təbliğində mühüm platformadır. Baş redaktor vurğulayıb ki, Forum öz işini başa çatdırsa da, müzakirə edilən məsələlər, ən əsası dövlət başçısı İlham Əliyevin üç saata yaxın yerli və xarici media nümayəndələrinin suallarını cavablandırarkən Azərbaycanın, regionun gələcəyi, həmçinin dəyişən dünyada baş verən hadisələrlə bağlı söylədiyi fikirlər ölkə və dünya mətbuatında geniş şərh olunmaqdadır: "Prezident İlham Əliyevin çıxışının mahiyyətində daha çox gələcəklə bağlı hədəflər öz əksini tapdı. Dövlət başçısı Azərbaycanın gələcəyi ilə bağlı fikirlərini belə ifadə etdi ki, prinsip etibarilə strateji inkişaf istiqamətləri bir çox illər bundan əvvəl müəyyən edilib. Yeganə məqam odur ki, həyat öz dəyişikliklərini əlavə edir və dəyişən reallıqları planlarımıza inteqrasiya etməli oluruq. İşğal altındakı ərazilərin azad olunmasından sonra  sosial-iqtisadi məsələlər ön planda dayanır. Çünki Azərbaycanda siyasi proseslər düzgün istiqamətdə gedir.

 Cəmiyyətdə gələcəyimizin əsas məsələləri üzrə  həmrəylik var. Birinci planda, dayanıqlı inkişaf məsələləri dayanır. İstənilən şəraitdə və vəziyyətdə iqtisadiyyatın  dayanıqlı olmasını təmin etməliyik. Valyuta ehtiyatlarımızı artırırıq, idarəetmə sistemini təkmilləşdiririk. Bütün bunlar  əlavə imkanlar qazandırır. Hazırkı dövrün əsas çağırışı olan Ermənistanla münasibətlərin tənzimlənməsinə gəldikdə isə dövlət başçısı bildirdi ki, sülh müqaviləsinin imzalanmasına nail olsaq, Cənubi Qafqazda vəziyyət sağlamlaşacaq və bu bölgə yüksək risk zonasından çıxmış olacaq. İnvestorlar ilk növbədə, potensial və mümkün riskləri nəzərə alırlar. Ermənistanla münasibətlərin tənzimlənməsi bu sualı gündəmdən çıxaracaq. Münasibətlərin normallaşması həm Azərbaycan,  həm də Ermənistan iqtisadiyyatı üçün  daha genişmiqyaslı planların gerçəkləşdirilməsinə imkan verəcək. Təbii ki, burada Qarabağın və Şərqi Zəngəzurun malik olduğu potensial da nəzərdə tutulur. Hazırda bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılmasının prioritetliyini nəzərə alsaq, işğaldan azad edilmiş ərazilərimizin bu sahədə zəngin potensiala malik olduğu inkaredilməzdir".
V.Rəhimzadə bəyan edib ki, dövlət başçısı İlham Əliyevin tapşırığı ilə Media Forumunun qlobal miqyas alması Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli platforma oldu: "Prezident İlham Əliyev bunu belə əsaslandırdı ki, ötən il  Şuşada Azərbaycanın media nümayəndələrinin birinci Forumu keçiriləndə  bu tədbirdə iştirak etməyib. Prezident Administrasiyasına göstəriş verildi ki, gələn dəfə bu tədbiri beynəlxalq Forum səviyyəsində təşkil etmək lazımdır: “Bu, artıq baş verir və mən qərara aldım ki, gəlim burada iştirak edim. Mən bu tədbirdə çıxışçı kimi təqdim edilmişdim. Ancaq mən hesab etdim ki, burada uzun-uzadı çıxış etməyə ehtiyac yoxdur. Hesab etdim ki, bu sorğu-sual daha maraqlı olar”. 

Baş redaktor onu da əlavə edib ki, dövlət başçısı İlham Əliyev Azərbaycanın informasiya blokadasının yarılmasında  mətbuatın böyük işlər gördüyünü bildirdi. İşğal dövründə tutduğu vəzifədən asılı olmayaraq hər bir vətənpərvər azərbaycanlı torpaqlarımızın azadlığa qovuşmasına gedən yolu hər an yaxınlaşdırmaq üçün səylər göstərirdi. Ölkə Prezidenti “Azərbaycan mediasının bu sahədəki fəaliyyəti, o cümlədən ona görə qiymətlidir ki, dünya ictimaiyyətinə təkcə beynəlxalq hüquq prizmasından yox, ümumi insani prizmadan üzləşdiyimiz problemi çatdırmaq üçün bizim birinci vasitəmiz media olmuşdur. Ona görə mən media nümayəndələri ilə əvvəlki dövrlərdə, yəni işğal dövründə görüşlər əsnasında hər zaman bunu qeyd edirdim. Qeyd edirdim ki, biz daha çox beynəlxalq auditoriyaya çıxmalıyıq” fikirləri  mətbuatın qarşısında dayanan vəzifələri yerinə yetirdiyinə işarədir". 

Baş redaktor vurğulayıb ki, dövr dəyişir, qarşıya yeni vəzifələr qoyulur: 
"Azərbaycan mediası da zamanın tələbinə uyğun olaraq təkmilləşir, cəmiyyətin gözləntilərində də fərqlilik özünü aydın  şəkildə büruzə verir. İşğal, eyni zamanda, 44 günlük İkinci Qarabağ müharibəsi dövründə cəmiyyət keçmiş Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər barədə dolğun məlumatların əldə edilməsində nə qədər maraqlı idisə, hazırkı dövrün, postmünaqişə  mərhələsinin tələbləri fərqlidir. Burada Qarabağın və Şərqi Zəngəzurun dirçəlməsi, sülh müqaviləsinin imzalanması ilə bağlı hazırkı vəziyyət barədə informasiyalar ictimaiyyət üçün daha çox maraqlıdır. Yazılı və elektron KİV-lər bu tələbatın ödənməsi üçün bütün səylərini səfərbər edir. Dövlət başçısı forumdakı çıxışında bu çağırışı etdi ki, bu gün yenə də öz həqiqətlərimizi sübut etməyə məhkumuq. Çünki bizə qarşı bu gün yenə də kampaniya davam edir. Qələbəmizi həzm edə bilməyən, uğurlarımıza qısqanclıqla yanaşan, bizə qarşı açıq informasiya savaşına çıxanlara  tutarlı, real arqumentlərlə cavab verməliyik və veririk. Məhz bunun nəticəsidir ki, bu gün bütün bu iftiralara, böhtanlara, yalanlara baxmayaraq, Azərbaycanın sözü, Azərbaycan xalqının, dövlətinin haqlı səsi eşidilir və bunun əsas aləti bizim media resurslarımızdır. Ona görə cəmiyyətdə mövcud olan həmrəylik və birlik, bax, bu üstünlüyü bizə təmin edir".
V. Rəhimzadə əlavə edib ki, tövsiyələrə gəldikdə dövlət başçısı İlham Əliyev Azərbaycan mediasının müstəqilliyinin cəmiyyətimizin inkişafı üçün başlıca şərtlərdən biri olduğunu qeyd etdi. Onu da bildirdi ki, mediada sağlamlaşma prosesi uğurla gedir: "Xalqın maraqlarına zidd, dövlət maraqlarına zərbə vura biləcək yazılar artıq çox nadir hallarda üzə çıxır. Bu, yenə də media nümayəndələrinin məsuliyyətindən xəbər verən amildir. Dövlət başçısının tövsiyəsi bu oldu ki,  belə də davam edin". Baş redaktor Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi Şuşanın bir çox beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etdiyini bildirib: "Lakin 49 ölkənin 150 media nümayəndəsinin  Şuşada bir araya gəlməsinin tamamilə fərqli özəlliyi var. Mətbuatın ictimai fikrə təsir imkanlarının genişliyini nəzərə alsaq bu sayda  media nümayəndəsinin  mədəniyyət paytaxtımız Şuşada toplaşaraq həqiqətlərimizi bu məkandan eşitmələri, ən əsası Şuşanın timsalında  ermənilərin digər işğaldan azad edilmiş ərazilərimizdə törətdikləri vəhşiliklər barədə aydın təsəvvürə malik olmaları təbliğat işinin yüksək səviyyədə həyata keçirilməsi üçün böyük imkandır. Dövlət başçısı İlham Əliyev yerli və xarici media nümayəndələrini maraqlandıran sualları  cavablandırmaqla yaradılan bu imkanı daha da zənginləşdirdi. Azərbaycanın, eyni zamanda, regionun  bugünü və gələcəyi ilə bağlı müəyyənləşdirilən  model təqdim edildi. Şuşa Qlobal Media Forumu hədəflərə nail olmaq üçün təcrübə mübadiləsinə, səylərin birləşdirilməsinə geniş yol açacaq. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, dövlət başçısı İlham Əliyev hədəflərə çatmaq üçün yol xəritəsini təqdim etdi və bu fikri diqqətə çatdırdı ki, biz hədəfə doğru gedirik, bir çox hədəflərə çatmışıq. Bəzi hədəflər var ki, biz hələ onlara çatmamışıq, amma onlara da çatacağıq".