Tbilisi Brüsseli Gürcüstana münasibətini dəyişməyə çağırdı

“Avropa İttifaqı (Aİ) Gürcüstana münasibətini yenidən nəzərdən keçirməlidir”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan xarici işlər naziri Maka Boçorişvili deyib.

“Kaya Kallas Aİ məsələlərindən Gürcüstana qarşı vasitə kimi istifadə etməyə davam edir, əgər kiminsə dəyişməsi lazımdırsa, bu, Brüssel bürokratiyasıdır. Gürcüstana münasibətlərini dəyişməlidirlər. Biz heç vaxt Aİ ilə dialoqdan imtina etməmişik, hətta onların bu qədər qətiyyətlə müzakirə etdikləri vacib məsələlərdə belə”, - Boçorişvili bildirib.

Nazir qeyd edib ki, Gürcüstan hökuməti xalq tərəfindən seçilib və ölkəsinin maraqlarını müdafiə edir: “Kaya Kallasın nəyi bəyənmədiyi bəlli deyil”.

Aİ-nin xarici işlər üzrə ali nümayəndəsi Kaya Kallas bundan əvvəl bəyan edib ki, ittifaqın 26 üzvü Gürcüstana qarşı yeni sanksiyalatın tətbiqi məsələsində ortaq mövqeyə malik olsa da, üzv dövlətlərdən biri buna mane olur. Onun sözlərinə görə, Brüssel dialoqu bərpa etmək üçün Gürcüstanın əvvəllər qəbul edilmiş qanunlarının ləğvində israrlıdır.