TDT-nin varlığını artıq geosiyasi güclər qəbul edir

"Təşkilat daxilindəki inteqrasiya prosesləri getdikcə daha dərin və geridönməz hal alır. Dövlətlərin inteqrasiyası üçün vahid dil, valyuta, bank, vahid ordu, iqtisadi əlaqələrin inkişafı prosesləri üzərində işlər davam edir"
Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;
Türkiyənin İstanbul şəhərində Azərbaycanın təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin dövlət başçılarının xarici siyasət məsələləri üzrə köməkçiləri/məsləhətçilərinin qeyri-rəsmi görüşü keçirilib. İclasda TDT-nin gündəliyində duran məsələlərin müzakirəsi üçün Katibliyin rəsmiləri, eləcə də TDT-yə üzv dövlətlərin nümayəndə heyətləri iştirak ediblər. Görüş zamanı iştirakçılar əsas diqqəti TDT fəaliyyətinin inkişafına yönəldib, üzv dövlətlər arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinin zəruriliyini vurğulayıblar. İştirakçılar Qazaxıstanın ev sahibliyi edəcəyi 10-cu TDT Zirvə Toplantısının təşkili ilə bağlı məsələləri də müzakirə ediblər.
Sammit zamanı imzalanacaq sənədlərin Türk dünyasında əlaqələrin gücləndirilməsi və ortaq məqsədlərin irəlilədilməsi baxımından əhəmiyyətini qeyd ediblər. Görüş zamanı beynəlxalq və regional təşkilatlarla əməkdaşlığın genişləndirilməsi məsələsi də müzakirə olunub. Nümayəndə heyətləri regionda və onun hüdudlarından kənarda sabitliyi, firavanlığı və sülhü təşviq etmək üçün əməkdaşlıq və birgə təşəbbüslər üçün potensial imkanları araşdırıblar. Toplantı Türk Dünyasına Baxış - 2040 və TDT 2022-2026 Strategiyaları çərçivəsində TDT-nin inkişaf edən qlobal mühitdə türk dövlətləri arasında daha dərin əməkdaşlığı inkişaf etdirmək öhdəliyinə uyğun olaraq konstruktiv dialoq və strateji planlaşdırma platforması rolunu oynayıb. 
Türk Dövlətləri Təşkilatı türk xalqları arasında hərtərəfli əməkdaşlıq məqsədilə yaradılmış dövlətləri birləşdirən beynəlxalq təşkilatdır. Bu təşkilat Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstanın təşəbbüsü ilə 2009-cu il oktyabrın 3-də Türk Şurası adı ilə yaradılmışdı. Həmin gün həm də Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü elan edilib və bu tarix Türk Şurasının yaradılmasının ildönümü hesab olunur. 2021-ci ilin noyabrın 12-də İstanbulda keçirilən Türk Şurası Liderlərinin VIII Zirvə toplantısında Türk Şurasının rəsmi adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlandırıldı. Türk Şurasının yaradılmasında məqsəd türkdilli ölkələr arasında əməkdaşlığı dərinləşdirmək, regional sülh və sabitliyə töhfə vermək olub. Razılaşmaya əsasən, ölkələr xarici siyasət məsələlərində vahid mövqedən çıxış etməli, terrorizm və cinayətkarlığa qarşı mübarizədə fəaliyyətləri əlaqələndirməli, ticarət və investisiyalar üçün əlverişli mühit yaratmalı, hərtərəfli iqtisadi inkişafı təmin etməli, elm, texnologiya, elmi-texniki sahədə əməkdaşlığı genişləndirməlidir. 
Qeyd edək ki, təşkilatın üzvü olan beş ölkə: Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, müşahidəçilər - Macarıstan və Türkmənistandır. Türkdilli dövlətlərin əməkdaşlığının əsasını ortaq tarixi-mədəni irs, ortaq dil təşkil edir. Prezident İlham Əliyev bəyan edir ki, bu gün biz türk dövlətləri arasındakı birlikdən danışarkən gələcəyə baxırıq. Türkdilli xalqları ortaq mədəniyyət, adət-ənənələr, milli-mənəvi və dini dəyərlər, tarixi köklər, etnik əlaqələr birləşdirir və bu amillər qarşılıqlı səmərəli fəaliyyət üçün əsas təməldir. Hazırda bu əlaqələrin əhatə dairəsi çoxşaxəlidir. Türk dövlətlərinin səciyyəvi xüsusiyyətləri ortaq dəyərlərdir. Bu dövlətləri qeyd etdiyimiz kimi əsrlər boyu mövcud olan bir sıra amillər bağlayır. Türk dövlətlərinin birliyindən danışarkən ilk olaraq göz önünə  gələn heç şübhəsiz ki, Azərbaycan-Türkiyə dostluğu, qardaşlığıdır. 
Məsələn, 2020-ci ildə dünya İkinci Qarabağ müharibəsi dövründə türk dünyasının, ələlxüsus Türkiyənin və Azərbaycanın əzminin, prinsipiallığının və qüdrətinin şahidi oldu. 44 gün ərzində Azərbaycan Türkiyənin mənəvi dəstəyi ilə Ermənistan üzərində tam hərbi Qələbə qazandı. Bu gün Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında geniş quruculuq-bərpa işləri aparılır. Müharibənin bitməsindən dərhal sonra Qarabağ bölgəsində genişmiqyaslı bərpa və infrastruktur quruculuğu işlərinə başlanılması, əhəmiyyətli layihələrin icrasının şahidi olmaq, hava limanlarının, Zəfər yolunun qısa zaman ərzində istifadəyə verilməsi, "Böyük Qayıdış"ın başlanması da Azərbaycan dövlətinin inkişafının sürətini, gücünü göstərir. Lakin bu işdə Azərbaycan yenə də tək deyil. Qarabağın yenidən çiçəklənməsində qardaş Türkiyə başda olmaqla digər türkdilli dövlətlər də öz dəstəyini əsirgəmirlər. Azərbaycanın 28 ildən sonra hərbi Qələbə qazanması qardaş Türkiyəni də qürurlandırır, eyni zamanda Türk dünyası üçün çox şey ifadə edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə Türk dünyasının Ali Ordenini təqdim edərkən bu fikirləri səsləndirmişdi: “Azərbaycanın ərazi bütövlüyünü yenidən təmin etməsi Türk dünyasının birliyini və bərabərliyini genişləndirib. Qarabağın azadlığının rəmzi olan “Xarıbülbül” türk dünyası üçün Zəfərin müjdəçisi olub”. Türkiyə lideri IX Zirvə Görüşündə çıxışı zamanı da Azərbaycanı Qələbəsinin ikinci ildönümü münasibətilə təbrik etdi və xatırlatdı ki, qardaş ölkə haqlı mübarizəsində olduğu kimi, sülh axtarışında da Azərbaycanın yanındadır. Azərbaycanın ərazi bütövlüyünü istər işğal dövründə, istərsə də İkinci Qarabağ müharibəsindən sonra daim dəstəkləyən digər dövlətlər Qazaxıstan və Özbəkistandır. Dost ölkə Qazaxıstan işğaldan azad olunan torpaqlarımızın abadlaşdırılması işində yaxından iştirak edir. 
Politoloq Azər Qasımov "Sherg.az"a açıqlamasında bildirib ki, geosiyasi olaraq yeni dünya düzəni formalaşması dövründə Türk Dövlətləri Təşkilatının yaradılması dövrün tələbi və labüd reallıq idi. Ekspertin sözlərinə görə, TDT yarandığı andan mərhələlərlə inkişaf etməkdə davam edir: 
"Türk Dövlətləri Təşkilatına üzv olan ölkələr, Türkiyə və Azərbaycan başda olmaqla türk dövlətlərinin tarixi bağlarını, eyni soy-kökə sahib olduqlarını və öz üzərlərinə düşən məsuliyyətlərini başa düşür, anlayırlar. Təbii ki, bu istiqamətdə görülməli işlər çoxdur. Əsas odur ki, TDT yaradılıb və bu təşkilatın varlığını geosiyasi güclər qəbul etməyə başlayıblar. Təşkilat daxilindəki inteqrasiya prosesləri getdikcə daha dərin və geridönməz hal alır. Dövlətlərin inteqrasiyası üçün vahid dil, valyuta, bank, vahid ordu, iqtisadi əlaqələrin inkişafı prosesləri üzərində işlər davam edir".
 Analitik vurğulayıb ki, qlobal təhlükələr fonunda təşkilatın daha sıx birləşməsi mütləqdir: 
"Birlikdə beynəlxalq güclər qarşısında vahid mövqe göstərmək təşkilatın əsas vəzifəsidir. Hesab etmək olar ki, keçirilən formal və qeyri-formal görüşlər bu istiqamətdə atılacaq addımların vahid mərkəzdən idarə edilməsi üçün çox vacibdir və real güc kimi ortaya çıxmaq üçün zamanla yarışılır. Hadisələr hər an ciddi və təhlükəli nəticələr verə biləcək istiqamətdə inkişaf edir. Bu baxımdan, TDT-nın təşkilatlanmasını sona çatdırmaq ən böyük istəyimizdir".
İsmayıl Qocayev