Terror qruplaşmaları az qala İranla Pakistanı müharibəyə sürükləyəcəkdi - POLİTOLOQ

  • Elxan Şahinoğlu: Üçüncü ölkələr İranın daxili sabitliyini pozmaq və mərkəzi hakimiyyəti zəiflətmək üçün terrorçu qruplaşmalardan alət kimi istifadə edirlər

Yaxın Şərq uzun illərdir terror şəbəkələrinin və radikal silahlı qruplaşmaların əsas fəaliyyət meydanlarından birinə çevrilib. Xüsusilə İran bir tərəfdən müharibələrin yaratdığı ağır iqtisadi və təhlükəsizlik fəsadlarının öhdəsindən gəlməyə çalışır, digər tərəfdən isə ölkə daxilində fəaliyyət göstərən silahlı qruplaşmalarla mübarizə aparır.

Terrorçuların əsas hədəsi isə yerli polis əməkdaşlarıdır. Son iki gün ərzində, İranın Sistan və Bəlucistan əyalətində iki polis əməkdaşı silahlı qrupların qurbanına çevrilib. Naməlum silahlılar polis əməkdaşına atəş açdıqdan sonra hadisə yerindən qaçıblar. Hələlik hücumun məsuliyyətini heç bir qruplaşma öz üzərinə götürməyib.

Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Sherg.az-a bildirib ki, İranın Sistan və Bəlucistan bölgəsi hər zaman gərginliyi ilə seçilib:

“Bəlucistan Pakistan və İran arasında bölünən ərazidir. Orada uzun illərdir ki, müxtəlif silahlı qruplaşmalar polislərə hücum edirlər. Bu gün baş verən prosesləri müharibə ilə əlaqələndirmək olmaz. Çünki terror qruplaşmaları həmin ərazilərdə daim aktiv fəaliyyət göstərərək, silahlı hücumlar təşkil ediblər. Bölgədə terrorçulara qarşı mübarizə aparan yalnız hərbi birliklər və polis qüvvələridir. Məhz buna görə, onları öldürməyi üstün tuturlar. Silahlı qruplar, xalqı hədəf alıb gözdən düşmək istəmirlər. Məsələn “Ceyş əl-Ədl” adlı silahlı qruplaşma, Sistan və Bəlucistan bölgəsində fəaliyyət göstərir. Əsasən bəluclardan ibarət sünni silahlı qrupdur. Xuzistan əyalətində isə ərəb əhalisinin müstəqilliyi uğrunda mübarizə aparan Azadlığı Uğrunda Ərəb Mübarizə Hərəkatı yerləşir. Onlar İran hökumətinin bölgədə apardığı ayrı-seçkilik siyasətinə qarşı mübarizə apardıqlarını iddia edirlər”. 

Politoloqun sözlərinə görə, terror qruplaşmaları, Pakistanda da təhükəsizlik orqanlarının qəsdinə dayanıblar:

“Polis dəstələrinin hərəkət zamanı mühasirəyə alınması və şəxsi heyətin amansızlıqla qətlə yetirilməsi terrorçuların dövlətə qarşı tətbiq etdiyi əsas taktikalardandır. Hətta SEPAH-ın 2024-cü ilin yanvarında Pakistanın Bəlucistan əyalətindəki “Ceyşül-Ədl” düşərgələrinə zərbələr endirməsi, İslamabadın adekvat hərbi cavabı ilə nəticələnmişdi. Terror qruplaşması az qala, iki ölkə arasında müharibəyə səbəb olacaqdı. Üçüncü ölkələr İranın daxili sabitliyini pozmaq və mərkəzi hakimiyyəti zəiflətmək üçün terrorçu qruplaşmalardan alət kimi istifadə edirlər. Məsələn Amerika və İsrailin radikal kürdlərlərlə əlaqələri genişdir. Hətta Tramp kürd qüvvələrinə silah, maliyyə və hərbi dəstək verdiklərini gizlətmir. Xuzistan və Bəlucistan əraziləri geridə qalmış bölgə olduqlarına görə oradakı problemləri kökündən həll etmək çox çətindir”.