Tramp: "Ərdoğan gəl dedi, gedirəm”

  • “Yəqin ki, onu çox sevindirəcək bir addım atacağam”

ABŞ Prezidenti Donald Tramp NATO-nun gələn ay Ankarada keçiriləcək sammitində iştirak edəcəyini bildirib və bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə əlaqələndirib.

Sherg.az xəbər verir ki, Ağ Evdə NATO-nun baş katibi Mark Rütte ilə birgə keçirdiyi mətbuat konfransında CNN Türk-ün suallarını cavablandıran Tramp, “Ərdoğan gəl dedi, gedirəm”, - deyə bildirib.

Tramp Türkiyənin İranla müharibəyə qoşulmamasından məmnun olduğunu vurğulayaraq, Ərdoğanı “güclü və hörmətli lider” adlandırıb. ABŞ lideri Türkiyə prezidentinin ölkəsini sevdiyini və uğurlu idarə etdiyini qeyd edib.

CNN Türk-ün F-35 qırıcıları və reaktiv mühərriklərin Türkiyəyə satışı ilə bağlı sualını cavablandıran Tramp, “Yəqin ki, onu çox sevindirəcək bir addım atacağam”, - deyə bildirib.

ABŞ prezidenti Türkiyənin NATO daxilində mühüm yer tutduğunu və güclü müdafiə sənayesinə malik olduğunu vurğulayıb. Onun sözlərinə görə, Türkiyənin müdafiə sektorunda fəaliyyət göstərən minlərlə şirkəti NATO məkanında mühüm rol oynayır.

ABŞ-ın vitse-prezidenti Cey Di Vens isə Türkiyəyə F-35 satışı məsələsinin hazırda araşdırıldığını və qərarın ABŞ qanunvericiliyinə uyğun şəkildə veriləcəyini bildirib.