Tramp istəsə də, Türkiyəyə F-35 verməkdə əli-qolu bağlıdır - Hərbi ekspert Hüseyn Fazla

  • “Nə Tramp, nə Rubio, nə də Vens bu problemi təkbaşına həll edə bilər”
  • “Türkiyənin F-35 proqramına qayıdışının qarşısında iki böyük maneə var”

ABŞ Prezidenti Donald Trampın Türkiyənin F-35 proqramına mümkün qayıdışı ilə bağlı açıqlamaları yenidən Ankara-Vaşinqton münasibətlərində müdafiə əməkdaşlığı məsələsini gündəmə gətirib. NATO zirvəsi ərəfəsində əsas diqqət ABŞ-dan KAAN milli döyüş təyyarələri üçün F-110 mühərriklərinin alınması, Ankaranın F-35 proqramına qayıdışı və Türkiyəyə qırıcı təyyarələrin tədarükü ilə bağlı mümkün qərar və razılaşmalara yönəlib. 

Ehtiyatda olan hərbi pilot, ekspert Hüseyn Fazla Sherg.az-ın mövzu ilə bağlı suallarını cavablayıb:

-Tramp Türkiyənin F-35 proqramına qayıdışı ilə bağlı nə qərar verə bilər?

-Tramp nəticə etibarilə hökumətin başçısıdır. Amma əslində onu məhdudlaşdıran iki qanun var.

Birincisi, CAATSA adlandırdığımız- ABŞ-nin düşmənləri ilə sanksiyalar vasitəsilə mübarizə qanunudur. Bu qanun 2017-ci ildə Rusiyanın müdafiə və kəşfiyyat sektorlarına qarşı qəbul edilib. Qanuna görə, həmin sektorlarla əhəmiyyətli səviyyədə əməkdaşlıq edən şirkət və ya ölkələrə də sanksiyalar tətbiq oluna bilər.

Türkiyəni də S-400 məsələsinə görə bu qanun çərçivəsində sanksiyalar siyahısına daxil etdilər.

İkincisi isə ABŞ-nin NDAA adlandırılan Milli Müdafiə Səlahiyyətləndirmə Qanunudur. Qanunu hər il Konqres yenilənir. Bu, Müdafiə Nazirliyinin büdcəsini, xərclərini və hərbi siyasətini müəyyən edən əsas çərçivə sənədidir. Qanunun 2020-ci il versiyası xüsusilə əhəmiyyətlidir. Orada 1245-ci maddə var. Həmin maddə Türkiyənin F-35 proqramına qayıda bilməsi üçün müəyyən şərt qoyur.

-Həmin şərt nədən ibarətdir?

-Rus istehsalı olan S-400 sistemlərini Türkiyənin yoxlanıla bilən şəkildə istifadədən çıxartdığının sübut edilməsi tələb olunur. Bu sistemlərin heç bir əməliyyatda istifadə olunmayacağına, yaxud artıq əməliyyat qabiliyyətinə malik olmadığına dair təminat verilməsi istənilir.

Bununla yanaşı, ABŞ Müdafiə və Dövlət Departamentləri bu vəziyyəti sertifikasiya etməlidirlər. Yəni onların nümayəndələri yerində yoxlama aparmalı, Türkiyənin verdiyi məlumatların doğru olduğunu təsdiqləyən sənəd hazırlamalı və həmin sənədi Konqresə təqdim etməlidirlər. Bundan sonra Konqres “Türkiyəyə qarşı sanksiyaların davam etməsinə ehtiyac qalmayıb, çünki S-400 məsələsi həll olunub” qərarını verə bilər.

Hazırda bu iki qanun qüvvədə qalır.

-Son dövrlərdə bu məsələ ilə bağlı hansı variantlar müzakirə olunur?

-Daha əvvəl Tom Barakın bir açıqlaması oldu. O bildirdi ki, məsələ “cərrahi diplomatik addımlarla” həll edilə bilər. Müxtəlif variantlar səsləndirilirdi: məsələn, S-400-lərin üçüncü bir ölkəyə verilməsi və ya Türkiyədə, bəlkə də İncirlik bazasında paketlənərək saxlanılması kimi təkliflər müzakirə olunurdu.

Bunlar, əlbəttə, sadəcə fikir səviyyəsində səsləndirilən ehtimallardır, konkret qərarlar deyil.

Nəticə etibarilə məqsəd Türkiyənin S-400 sistemlərindən istifadə etmədiyinə təminat verəcək mexanizm tapmaqdır. Bunun müqabilində isə Trampın müəyyən addım ataraq F-35-lərin Türkiyəyə verilməsinə şərait yaratması barədə fikirlər irəli sürülür.

-Hazırda əsas məsələ həqiqətən F-35-lərlə bağlıdırmı?

-Əslində hazırkı mərhələdə məsələ Trampın bəhs etdiyi F-35 və hətta F-16 Viper təyyarələrindən daha çox Türkiyənin KAAN layihəsinin inkişaf və istehsal prosesi ilə bağlıdır.

Türkiyə özünün 5-ci nəsil, yüksək texnologiyalı reaktiv mühərrikini hazırlamaq üzərində ciddi şəkildə işləyir. Lakin bu, vaxt tələb edən prosesdir. Mühərrik hazırlandıqdan sonra onun çoxsaylı sınaqları keçirilməlidir. Sertifikasiya, kvalifikasiya və müxtəlif standartlara uyğunluq yoxlamaları aparılmalıdır. Bundan əlavə, mühərrikin illərlə təyyarə üzərində sınaqdan keçirilməsinə ehtiyac var.

Bu proses tamamlanana qədər Türkiyənin ABŞ-dan tələb etdiyi mühərriklər hazırda F-16-larda da istifadə olunan F-110 reaktiv mühərrikləridir.

Türkiyə artıq bundan əvvəl 10 ədəd belə mühərrik alıb. Yaxın vaxtlarda uçuşlara başlayacaq KAAN təyyarələrinin prototiplərində məhz bu mühərriklərdən istifadə olunacaq.

Bildiyimiz kimi, KAAN iki mühərrikli təyyarədir və hər təyyarə üçün iki mühərrik tələb olunur.

Bu mühərriklər sınaq uçuşlarında istifadə ediləcək və burada hər hansı problem yoxdur.

Təqvim müəyyən qədər dəyişə bilər. Amma nəticə etibarilə Türkiyə ABŞ-yə 80 ədəd F-110 mühərrikinin alınması üçün müraciət edib.

-Bu məsələ daha əvvəl də gündəmə gəlib. Həmin dövrdə vəziyyət necə idi?

-Xatırlayırsınızsa, ötən il Prezident Ərdoğanın ABŞ səfərindən sonra xarici işlər naziri Hakan Fidan açıqlama verdi ki, Milli Döyüş Təyyarəsi KAAN üçün lazım olan F-110 mühərrikləri ilə bağlı irəliləyiş əldə olunmayıb. Bu məsələ o zaman da geniş müzakirə olundu.

Daha sonra isə bir qədər əvvəl qeyd etdiyim Tom Barakın açıqlamaları gündəmə gəldi.

Ancaq buna cavab olaraq ABŞ dövlət katibi Rubionun 4 iyun 2026-cı il tarixli açıqlaması var. Rubio bildirdi ki, məsələ siyasi deyil, federal qanunlarla bağlıdır və hökumətin bu sahədə sərbəst hərəkət etmək imkanı yoxdur. O qeyd etdi ki, Konqres onların əl-qolunu bağlayıb və buna görə də diplomatik yollarla məsələni həll etmək mümkün deyil.

-Bu halda Trampın açıqlamalarını necə qiymətləndirmək olar?

Tramp verilən suallara cavab olaraq müəyyən fikirlər səsləndirir. Amma, məsələn, “F-35-ləri verək” və ya bu prosesi necə idarə edəcəklərini açıq şəkildə deyə bilmir.

Əlbəttə, Tramp belə bir addım ata bilər:

ABŞ-nin milli təhlükəsizlik maraqları baxımından Türkiyəyə qarşı CAATSA sanksiyalarının və NDAA məhdudiyyətlərinin davam etməsinin ABŞ-nin öz maraqlarına zidd olduğunu əsas gətirərək, bu məhdudiyyətlərin aradan qaldırılması və ya Türkiyə üçün xüsusi istisna tətbiq edilməsi istiqamətində təşəbbüs göstərər.

O, Konqresi ABŞ maraqları naminə inandırmaq üçün müəyyən proses başladaraq bununla bağlı müsbət mesaj verə bilər. Əgər söhbət “müjdə”dən gedirsə, bəlkə də nəzərdə tutulan budur. Əgər söhbət F-110 mühərrikləri ilə bağlı müjdədən gedirsə, məncə bu o qədər də böyük məsələ deyil.

-Konqres üzvləri Türkiyəyə qarşı sanksiyalar çərçivəsində mühərrik məsələsini gündəmə gətirə bilərlər?

Türkiyənin bu mühərriklərə ehtiyacı var. Amma artıq 10 ədəd mühərrik alınıb və əlavə 80 mühərrikin alınması da zamanla danışıqlar yolu ilə həll edilə biləcək məsələdir.

Əslində F-110 mühərrikləri nə CAATSA-nın, nə də NDAA-nın birbaşa mövzusu deyil.

Bəli, Konqres üzvlərindən bəziləri Türkiyəyə qarşı sanksiyalar çərçivəsində bu mühərrikləri də gündəmə gətirə bilərlər. Bu isə Türkiyə üçün ciddi problem yarada bilər.

ABŞ hökuməti CAATSA və NDAA ilə bağlı çərçivəni tam dəqiq müəyyənləşdirmədiyi üçün, əgər bu qanunların əhatəsinə istənilən məsələ daxil edilərsə, Türkiyə-ABŞ münasibətləri ciddi zərər görə bilər. Əslində artıq müəyyən dərəcədə zərər görür də.

-Hazırkı hüquqi çərçivə daxilində Trampın Türkiyə ilə bağlı manevr imkanları məhduddurmu? Həll yolunu kim tapacaq- Tramp yoxsa Rubio?

-Tramp kimi praqmatik liderlər qanunları dəyişdirmədən də müəyyən manevr imkanları axtara bilərlər. Hazırda onun həm Konqresdə, həm də Senatda mövqeyi kifayət qədər güclüdür. Tramp ən azı 3 noyabr seçkilərinə qədər bu üstünlüyünü qoruyacaq.

Əgər Tramp CAATSA və NDAA ilə bağlı Türkiyə üçün istisna mexanizmi yaratmaq istiqamətində real təşəbbüs göstərərsə, bu, Türkiyə baxımından müəyyən mənada “müjdə” hesab oluna bilər.

Bunun xaricində isə, mövcud qanunlar dəyişmədiyi müddətdə, Trampın açıqlamaları Tom Barakın daha əvvəl səsləndirdiyi fikirlərdən ciddi şəkildə fərqlənməyəcək.

Yəni mənim qiymətləndirməmə görə, nə JD Vens, nə Rubio, nə də Tramp hazırkı hüquqi çərçivə daxilində bu məsələyə tam həll tapa biləcək vəziyyətdə deyil.