Trampdan ard-arda yeni təhdidlər: Kolumbiya, Meksika, Kuba, İran...

ABŞ Prezidenti Donald Tramp prezident təyyarəsində Latın Amerikası ilə bağlı açıqlamalar verib. Tramp “Venesuelada neftə və digər resurslara tam çıxışa ehtiyacımız var” deyib. O, solçu xətt üzrə siyasət yürüdən prezident Qustavo Petro tərəfindən idarə olunan Kolumbiyanı da təhdid edərkən, Meksika və Kuba ilə bağlı da fikirlər səsləndirib.

Sherg.az xəbər verir ki, Tramp istirahətini keçirdiyi Floridadan Vaşinqtona qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

ABŞ Prezidenti Tramp Venesuelaya ikinci bir hücum üçün hər şeyin hazır olduğunu, lakin buna ehtiyac görmədiyini bildirərək, “Venesuela uyğun davranmazsa, ikinci hücumu həyata keçirəcəyik”, - deyib.

Kolumbiyadan da bəhs edən Tramp, solçu lider Qustavo Petroya işarə edərək ölkənin “xəstə bir adam tərəfindən idarə olunduğunu” söyləyib. Petronun Kolumbiyanı uzun müddət idarə etməyəcəyini düşündüyünü bildirən Tramp, “Kolumbiya əməliyyatı yaxşı səslənir” ifadəsi ilə gözdağı verib.

Amerika prezidenti Latın Amerikasının digər ölkəsi Meksikaya da diqqət çəkib: “Meksika ilə bağlı nəsə etməliyəm. Meksika öz hərəkətlərinə çeki-düzən verməlidir”, - deyə o vurğulayıb.

Tramp Kuba ilə bağlı isə “dağılmağa hazır kimi görünür” şərhini verib.

Digər tərəfdən Tramp İranda baş verən etirazlarla bağlı suala cavab verərkən, bu ölkə ilə bağlı əvvəlki açıqlamalarını təkrarlayıb.

Tramp bildirib: “Vəziyyəti çox yaxından izləyirik. Əgər keçmişdə olduğu kimi insanları öldürməyə başlasalar, ABŞ tərəfindən çox sərt şəkildə cəzalandırılacaqlarını düşünürəm”.