Trampdan İran açıqlaması: Dəli insanlardan xilas olmaq üçün buna dəyərdi

“Bir düyməyə basaraq ölkələri məhv edə biləcək nüvə silahlarına sahib dəli insanlardan xilas olmaq üçün buna (birjanın təsirlənməsinə) dəyərdi. Buna görə bunu etməli idim, çünki 47 ildir bu edilməmişdi. Başqa seçimimiz yoxdur və bunu etdiyim üçün çox qürur duyuram.”

Sherg.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən və kiçik bizneslərin inkişafına həsr olunan tədbirdə çıxış edərkən İran məsələsinə də toxunub.

Tramp İrana qarşı hücumların “doğru addım” olduğunu müdafiə edərək bildirib ki, bu addım əvvəlki prezidentlər tərəfindən atılmalı idi, lakin bu məsuliyyəti indi özü üzərinə götürüb.

İranın nüvə silahına sahib olmasına imkan verə bilməyəcəklərini vurğulayan Tramp deyib:

“Hazırda işlər çox yaxşı gedir. Onların donanması yoxdur, hava qüvvələri yoxdur, zenit silahları yoxdur, radarları və liderləri yoxdur, heç nəyi yoxdur.”

“Hazırda içində olduğumuz vəziyyəti kiçik müharibə adlandırıram” - deyən Tramp bu müharibənin uzun çəkməyəcəyi mesajını verib.

Prezident həmçinin qeyd edib ki, ABŞ təxminən 6 həftədir İranla müharibə vəziyyətindədir və Vyetnam, İraq, Əfqanıstan kimi ölkələrdə uzun illər davam edən müharibələrlə müqayisədə İranda çox sürətli hərəkət etdiklərini bildirib.

Tramp əlavə edib ki, müharibə bitən kimi ABŞ-da enerji qiymətləri sürətlə aşağı düşəcək.

Digər tərəfdən, Trampın çıxışı zamanı səsləndirdiyi bir ifadə zalda olan qonaqları güldürüb.

O, bizneslər üçün vergi üstünlüklərindən danışarkən belə deyib:

“Beləliklə, deyək ki, səkkiz və ya doqquz ildən sonra vəzifəmdən ayrıldıqda, mən də bunlardan istifadə edə biləcəyəm.”

Bu zarafat qonaqlar tərəfindən gülüşlə qarşılanıb.