TRIPP layihəsi işə düşür: Cənubi Qafqazda yeni güc xəritəsi formalaşır - TƏHLİL

Yeni nəqliyyat marşrutları Azərbaycan üçün həm risk, həm fürsətdir

Hazırda TRIPP (Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu) layihəsi ilə bağlı sənədlərin razılaşdırılması mərhələsindəyik. Ermənistan mediası xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bildirib. Ermənistan XİN başçısı qeyd eidb ki, növbəti mərhələ müəyyən bir saziş imzalanmalıdır: ““Hazırda biz danışıqları davam etdiririk, məlumat mübadiləsi aparırıq və nəticədə bir növ hökumətlərarası saziş əldə olunmalıdır. Bu məsələ üzrə danışıqlar yavaşlamayıb. Biz məhz bu vaxtda planlaşdırdığımız mərhələdəyik və iş davam edir”.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın açıqlaması regionda yeni geosiyasi və iqtisadi konfiqurasiyaların formalaşdığını göstərir. TRIPP layihəsi üzrə sənədlərin razılaşdırılması mərhələsinə keçilməsi, Cənubi Qafqazda nəqliyyat-kommunikasiya xətlərinin gələcəyi ilə bağlı mühüm proseslərin başladığını deməyə əsas verir.

TRIPP layihəsi ətrafında danışıqların aktiv fazaya keçməsi ilk növbədə regionda alternativ nəqliyyat marşrutlarının formalaşdırılması cəhdlərinin gücləndiyini göstərir. Bu isə birbaşa olaraq Azərbaycanın təşəbbüsü ilə gündəmə gələn və artıq reallaşma mərhələsinə yaxınlaşan Zəngəzur dəhlizi ilə rəqabət və ya onun tamamlayıcısı kimi qiymətləndirilə bilər.

Azərbaycan üçün əsas məsələ regionda açılacaq bütün kommunikasiya xətlərinin ölkənin suverenliyi, təhlükəsizliyi və iqtisadi maraqları ilə uzlaşmasıdır. Əgər TRIPP layihəsi Ermənistanın regionda yeni tranzit rol qazanmasına xidmət edərsə, bu, Bakı üçün həm risk, həm də imkanlar yarada bilər. Risk ondan ibarətdir ki, alternativ marşrutlar Azərbaycanın strateji üstünlüyünü zəiflədə bilər. Lakin eyni zamanda, layihənin regional əməkdaşlıq çərçivəsində həyata keçirilməsi halında Azərbaycan bu prosesdə mühüm logistik və iqtisadi tərəfdaş kimi mövqeyini gücləndirə bilər.

Digər tərəfdən, Mirzoyanın “hökumətlərarası saziş” vurğusu layihənin beynəlxalq hüquqi baza üzərində qurulacağını göstərir. Bu isə Azərbaycanın maraqları baxımından vacib məqamdır. Çünki Bakı hər zaman regional layihələrin hüquqi təminatlar əsasında və qarşılıqlı öhdəliklər çərçivəsində reallaşdırılmasının tərəfdarı olub.

Nəticə etibarilə, TRIPP layihəsi Cənubi Qafqazda yeni güc balansı formalaşdırmaq potensialına malikdir. Azərbaycanın əsas vəzifəsi isə bu prosesdə həm öz strateji üstünlüyünü qorumaq, həm də mümkün əməkdaşlıq imkanlarını düzgün qiymətləndirərək regional liderliyini daha da möhkəmləndirməkdir.