Türk dövlətləri inteqrasiyanı dərinləşdirməlidir  - TƏHLİL

Hələ çoxtərəfli əməkdaşlığın təhlükəsizlik istiqamətini əhatə edən kollektiv bir sənəd yoxdur
  Xəbər verdiymiz kimi, noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü keçirilib. Yekunda Astana aktı və Astana Zirvə görüşünün Bəyannaməsi imzalanıb. Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının (TDT) "Türk Əsri" çağırışı altında 10-cu yubiley Zirvə görüşünün keçirilməsi tarixi hadisə olmaqla yanaşı, türkdilli dövlətlər arasında əlaqələrin daha da inkişafı, genişləndirilməsi və möhkəmləndirilməsi istiqamətində mühüm addımdır. 
Ümumiyyətlə, son illərdə türk dövlətləri arasında əlaqələr bütün sahələrdə dinamik xarakter alıb. Dövrün tələblərinə, baş verən proseslərə uyğun olaraq sürətlə inkişaf edir. Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Qeyd etmək lazımdır ki, Azərbaycan Türk dünyasının sıx birləşməsində, həmrəyliyində xüsusi rol oynayır. Ölkəmiz bu istiqamətdə hər zaman öz töhfəsini verib və bu gün də eyni xətt üzrə fəaliyyətini daha aktiv şəkildə davam etdirir. Azərbaycanın Türk dünyasının birliyində mühüm töhfələrindən biri də Türk Şurasının yaradılması ilə bağlı sazişin məhz ölkəmizdə imzalanmasıdır. 2009-cu ildə Azərbaycanın Naxçıvan şəhərində keçirilən toplantıda imzalanan sazişə əsasən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) yaradıldı. O vaxt sazişi dörd ölkənin rəhbərləri - Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə prezidentləri imzalayıblar. Amma Azərbaycanın və Türkiyənin liderliyi ilə təşkilata üzv ölkələr arasında əməkdaşlıq genişlənib. 2021-ci ilin noyabrında Şura Türk Dövlətləri Təşkilatına (TDT) çevrilib və üzvlərinin sayı artıb. Hazırda TDT-də 5 əsas - Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və 2 müşahidəçi üzvü - Macarıstan və Türkmənistan var. TDT-yə üzv ölkələrin coğrafi mövqeyinə diqqət yetirsək görərik ki, onlar Şərqdən Qərbə tam bir nəqliyyat marşrutu - Orta Dəhliz təşkil edir. Heç şübhəsiz, Azərbaycan bu marşrutda aparıcı rola malikdir. Çünki Şərqlə Qərbin qovşağında yerləşən ölkəmiz mühüm tranzit mövqeyə sahibdir. Bu gün dünyada cərəyan edən hadisələr Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında təhlükəsizlik, müdafiə kimi sahələrdə əməkdaşlığın inkişafını da aktual edir. Azərbaycan Prezidenti Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə çıxışında deyib ki, dünyanın müxtəlif bölgələrində beynəlxalq hüquq normaları kobudcasına pozulur: "Müharibələr, qanlı münaqişələr alovlanır. Belə olan halda, ilk növbədə, ölkələrin müdafiə potensialı təhlükəsizliyin əsas zəmanətinə çevrilir. Hesab edirəm ki, üzv ölkələr arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlıq daha da artmalıdır". 
Millət vəkili Hikmət Babaoğlu deyib ki, Zirvə Görüşü TDT tarixində yeni bir hadisə olacaq: "Astanada keçirilən görüş 21-ci əsrin yeni çağırışları əsasında TDT-nin yeni vizyonunu təyin edəcək. Doğrudan da hazırkı beynəlxalq əlaqələr sistemi şəraitində, siyasi tarazlığın yenidən müəyyənləşdiyi yeni tarixi mərhələdə Turan etno-siyasi coğrafiyasının varisləri olan TDT-nin yeni nizamda özünə yeni vəzifələr təyin etməsi tarixi hadisədir. Bu təkcə TDT-yə üzv olan ölkələr üçün deyil, regionun bütün dövlətləri üçün sabitlik və təhlükəsizlik gətirən hadisəyə çevriləcək". 
Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı da Sherg.az-a bildirib ki, TDT həm bu dövlətlərin ayrı-ayrılıqda, həm də dövlətlərin əhatə etdiyi coğrafiyada regional təhlükəsizliklə bağlı töhfə verməyə qadirdir. Amma hələ qlobal təhlükəsizliyə töhfə vermək imkanları məhduddur:
 "Azərbaycanın apardığı 44 günlük müharibə, son antiterror tədbirləri, Qazaxıstanda ötən ilin əvvəlində baş verən hadisələr göstərdi ki, təşkilata üzv olan ayrı-ayrı dövlətlər öz təhlükəsizliyini təmin edəcək mərhələyə gəlib çatıblar. Hansı ki, bu imkanlar ötən əsrin 90-cı illərində və 2000-ci ilin əvvəllərində belə deyildi. İndi üzv dövlətlər ayrılıqda və ya əməkdaşlıq şəraitində, məsələn, Türkiyə-Azərbaycan əməkdaşlığı buna nümunədir, təhlükəsizliyə töhfə verə bilirlər. Siyasi Avrasiya miqyasında da töhfə verə bilirlər”. 
  Siyasi təhlilçi hesab edir ki, TDT-nin daha qlobal mənada təhlükəsizliyə töhfə verməsi üçün təşkilata daxil olan dövlətlər öz aralarında inteqrasiyanı dərinləşdirməlidir:
“Həm də qlobal məsələlərlə bağlı təşkilat çərçivəsində iddia olmalıdır. Türk dövlətləri qlobal məsələlərlə bağlı hələ çox da iddialı deyillər. Sadəcə, təşkilat üzvlərindən Türkiyə qlobal məsələlərə münasibət bildirir. Türkiyə həm də yaxın ərazilərdə və tarixi təsiri olan ərazilərdə məsələlərə diplomatik və ya hərbi şəkildə müdaxilə edir ki, hansısa məsələnin həllində müəyyənləşdirici rol oynasın. Ümumən TDT bu məsələlərdə iddialı deyil. Bu, onunla bağlıdır ki, təşkilat daxilində təhlükəsizlik əməkdaşlığı bir qədər də dərinləşdirilməlidir. Düzdür, müxtəlif güc nazirlikləri görüşlər keçirir. Amma hələ çoxtərəfli əməkdaşlığın təhlükəsizlik istiqamətini əhatə edən kollektiv bir sənəd yoxdur. Mədəniyyət, siyasi, iqtisadi, maliyyə əlaqələrini (Türk fondu) olsa da təhlükəsizlik sahəsi ilə bağlı kollektiv sənəd yoxdur ki, qlobal təhlükəsizliklə bağlı fikir formalaşdırsın”.