- Telman Nüsrətoğlu: “Bir əsr əvvəl əkilən toxum bu gün nəhəng çinara çevrilib”
Elə bir millət düşünün ki, zülmün, təzyiqin və amansız repressiyaların ən ağır sınaqlarına məruz qalsa da, nə əqidəsindən, nə də milli kimliyindən bir addım belə geri çəkilməyib. Söhbət, Türk dövlətlərindən gedir. Bayraqlarımız fərqli, yaşadığımız coğrafiyalar ayrı olsa da, eyni kökdən gələn bağlar bizi bir millətin ayrılmaz parçasına çevirir.
1926-cı ildə Bakıda Azərbaycan və digər türk xalqlarının görkəmli ziyalılarının təşəbbüsü ilə əsası qoyulan Birinci Türkoloji Qurultayın 100 illik yubileyi bu ənənənin davamçıları tərəfindən doğma yurdunda qeyd olunub. Tədbirdə, 20 ölkədən 215 qonaq iştirak edir. Prezident İlham Əliyev, qurultay nümayəndələrinin 1930-cu illərdə amansız repressiyalara məruz qoyulduğundan bəhs edib. Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan isə bildirib ki, qurultayın miras qoyduğu idealları yaşatmaq və gələcək nəsillərə ötürmək Türk dünyasının ortaq məsuliyyətidir. Qeyd edək ki, iyulun 3-dək davam edəcək tədbirdə bir sıra beynəlxalq elmi və mədəni tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Mövzu ilə bağlı Türk İslam Araşdırmaları Mərkəzinin rəhbəri Telman Nüsrətoğlu Sherg.az-a bildirib ki, Türk dövlətlərinin qurultayın yubileyində bir araya gəlməsi, bir əsr əvvəl əkilən birlik toxumlarının bu gün möhkəm köklərə malik çinara çevrildiyini göstərir:
“Ortaq soykökünə malik dövlətlər ərsəyə gətirilən platformalar sayəsində, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə nail olurlar. Birinci Türkoloji Qurultayın tarixi sədalarını hələ də divarlarında yaşadan İsmailiyyə Sarayında yeni bir intibahın məşəli alışır. Bir əsr əvvəl ortaq əlifba dil və gələcək idealı ilə bir araya gələn ulu babaların ruhu, bu gün eyni məkanda "Türk Dünyası Həftəsi" ilə yenidən canlanır. Türk dünyasının müxtəlif coğrafiyalarını təmsil edən türkoloqların, ədəbiyyatçıların və TDT-yə bağlı rəsmi nümayəndələrin tədbirdə iştirakı atılan addımların arxasında dayanan dövlət iradəsini və sarsılmaz siyasi dəstəyi nümayiş etdirir. Bu vəhdət tədbirin tarixi əhəmiyyətini dərinləşdirir”.
T.Nüsrətoğlu qeyd edib ki, zəfərimizdən sonra formalaşan yeni regional reallıq Türk dünyasında özünəinam mərhələsinin başlanğıcını qoydu:
“Mötəbər qonaqların Qarabağa səfəri də nəzərdə tutulub. Azərbaycan, TDT daxilində dövlətlərarası etimadın və müştərək qərarların qəbul edilməsində əsas koordinator funksiyasını yerinə yetirir. Baş tutan hər bir görüş, Azərbaycan mərkəzli Türk dünyası vizyonunun ideoloji və geosiyasi aspektlərdən yenidən formalaşmasına töhfə verir. Əcdadlarımızdan bizə qalan zəngin irsin xatırlanması, xüsusilə həmin irsin verdiyi mesajların elmi müzakirələrdə gündəmə gətirilməsi keçmişimizi qorumaq və ona sahib çıxmaq baxımından çox vacibdir”.