Türkiyənin Ermənistan üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç Ankaranın İrəvana yeni təkliflərini çatdırıb. Təklifə əsasən, 2026-cı il yanvarın 1-dən Ermənistan-Türkiyə sərhədi diplomatik pasportu olan şəxslər və üçüncü ölkə vətəndaşları üçün açıq olacaq. Amma Türkiyə yüklər üçün sərhədi açmağa hazır deyil.
Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” Ermənistan hökumətindəki mənbələrə istinadla məlumat yayıb.
Nəşrin yazdığına görə, aralıq mərhələ kimi bir addım da atılacaq:
“Bundan sonra Gürcüstan ərazisi ilə Türkiyədən Ermənistana gələn yüklərə dair sənədlərdə son təyinat məntəqəsi Gürcüstan yox, Ermənistan göstəriləcək. Əvvəllər belə deyildi.
Türkiyə ikitərəfli diplomatik münasibətlərin qurulmasına dair protokol da hazırlayıb. Amma Ankara bu sənədin imzalanması üçün Baş nazir Nikol Paşinyanın şəxsən Türkiyəyə gəlməsini tələb edir.
Kılıç dəmir yolu ilə bağlı daha bir tələb də irəli sürüb. İrəvandan tələb edilib ki, Ermənistan təcili qaydada Yerasxdan (Arazdəyən) Azərbaycan sərhədinədək və Axurikdən Türkiyə sərhədinədək olan hissələrdə dəmir yolunun tikintisinə başlamalıdır. Nikol Paşinyan isə dövlət büdcəsində vəsait olmadığından bu işin Rusiya tərəfindən görülməsini istəyir”.
Nikol Paşinyan dekabrın 25-də bu məsələ ilə bağlı belə bir açıqlama verib:
“Ümid edirik ki, rusiyalı tərəfdaşlar (dəmir yolunun yenidən qurulması ilə bağlı) işləri mümkün qədər tez yerinə yetirəcəklər. Məlumdur ki, həmin hissələr Rusiyanın balansındadır. Artıq bəyan etmişəm ki, Ermənistan hökuməti həmin hissələri balansdan çıxara və bərpa işlərini dövlət büdcəsi vəsaiti ilə həyata keçirə bilər, əgər Rusiyanın bu işi vaxtında həyata keçirməkdə problemi varsa və ya görürsə”.
“Hraparak” iddia edir ki, Ermənistan Baş nazirinin bir neçə gün əvvəl Rusiyaya səfərinin əsas səbəbi də məhz bununla bağlı olub:
“Əldə etdiyimiz məlumata görə, Paşinyan Prezident Vladimir Putini bu hissələrin Rusiya vəsaiti hesabına tikilməsinə razı sala bilib. Əlbəttə, Rusiya da öz əks tələblərini irəli sürüb, ehtimala görə, Paşinyanın razılığını alıb”.