Ermənistan əvvəl iddialardan imtina etməlidir, sonra normallaşma mümkündür
Son zamanlar Ermənistan qonşu ölkələrlə əlaqələrin gücləndirilməsinə maraq göstərməyə başlayıb. Ötən gün Baş nazir Nikol Paşinyan İrəvanda baş tutan "Avropa Siyasi Birliyi" sammitində Türkiyə ilə əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətindən danışıb.
Xarici işlər naziri Ararat Mirzoyan isə Ermənistan və Türkiyə arasında əlaqələrin normallaşması istiqamətində görülən texniki işlərə baxmayaraq, hələ də sərhədlərin bağlı qalmasından gileylənib. Qeyd edək ki, Ermənistan 1991-ci ildə müstəqilliyini qazandıqdan sonra Türkiyə tərəfindən tanınsa da, Qarabağda törətdikləri əməllər ucbatından sərhədlər bağlanmış və bütün diplomatik münasibətlər dayandırılmışdı. Tərəflər arasında əlaqələr 44 günlük müharibədən sonra normallaşma mərhələsinə qədəm qoyub.
Mövzu ilə bağlı tanınmış jurnalist, Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev Sherg.az-a bildirib ki, Ermənistan Azərbaycanla yanaşı, Türkiyə ilə də münasibətləri normallaşdırmağa can atır:
“Türkiyə yalnız Azərbaycanla Ermənistan arasında bütün məsələlər tam həll olunduqdan sonra İrəvana qapılarını açacaq. Çünki ortada hələ də həllini tapmayan problemlər var. Məsələn Ermənistan Azərbaycanın tələbini yerinə yetirməyib. 1995-ci ildə qəbul edilən Ermənistan Konstitusiyası Müstəqillik Bəyənnaməsinə istinad edir. Həmin sənəd Brest-Litovsk sülh müqaviləsinin şərtlərinə ziddir”.
Jurnalist Bəyannamədə Türkiyəyə qarşı qondarma iddiaların yer aldığını bildirib:
“1915-ci ildə Osmanlı İmperiyasında erməni əhalisinin kütləvi deportasiyası və ölüm halları 11-ci maddədə “soyqırım” kimi qiymətləndirilib. Bu fakt reallığı əks etdirmir. Belə olan halda, Paşinyanın Türkiyə ilə sərhədlərin açılmasından danışması hüquqi əsaslardan uzaq görünür. Onlar öncə ərazi iddialarının yer aldığı Bəyannaməni ləğv etməlidirlər. Türkiyə hələ ki, münasibətləri normal fazaya daşımaq üçün müəyyən addımlar atır. Lakin əməkdaşlıq əlaqələrinin genişləndirilməsi vacib məsələlərin həllini tələb edir”.