- "Azərbaycan-Türkiyə ittifaqı isə bu prosesə ciddi şəkildə yön verən bir faktordur”
Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması istiqamətində proses davam edir. Türkiyə bölgədə davamlı sülhün və əməkdaşlığın bərqərar olmasını dəstəkləyir və Cənubi Qafqazın qarşıdurmalarla deyil, sülhlə xatırlanmasını istəyir. Ankara hesab edir ki, Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəliləməsi regionda yeni əməkdaşlıq imkanları yarada bilər.
Türkiyə-Azərbaycan münasibətləri isə bu prosesdə mühüm amillərdən biri kimi qiymətləndirilir. İki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasına mühüm töhfə verdiyi vurğulanır. Türkiyə Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəklədiyini dəfələrlə bəyan edib.
Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan Bakıda Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında bu məsələlərə toxunub. Nazir bildirib ki, Türkiyə-Azərbaycan qardaşlığının gücü Cənubi Qafqazda sülhün təmin olunması məsələsində açar rol oynamağa davam edəcək.
“Cənubi Qafqazın sülhlə anılmasını istəyirik”, – deyən Hakan Fidan Azərbaycan ilə Ermənistan arasında sülh prosesini dəstəklədiklərini vurğulayıb.
Politoloq Oqtay Qasımov Sherg.az-a bildirib ki, Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı və müttəfiqliyi Cənubi Qafqaz üçün olduqca mühüm faktordur:
“Məhz bu münasibətlər son 6 ildə bölgədə yeni reallıqların yaranmasına və davamlı sülh və sabitliyin təmin olunmasına ciddi töhfə verir. Türkiyə regional güclər içərisində yeganə güc kimi həqiqi şəkildə Cənubi Qafqazda sülh və əmin-amanlıqdan yana bir mövqe sərgiləyib. Məhz bu səylərin nəticəsində, qeyd etdiyimiz kimi, Cənubi Qafqaz yeni bir mərhələyə qədəm qoyub və artıq Azərbaycan-Ermənistan arasında normallaşma prosesi addım-addım irəliyə doğru gedir.
Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı Cənubi Qafqaz üçün, bir daha qeyd edirik, olduqca mühüm faktordur. Bölgənin bundan sonra inkişafı da onun gələcəkdə məhz bu ittifaqın davranışından və onun gücündən asılı olacaq. Hər iki ölkə bölgədə dayanıqlı sülhün və əməkdaşlıq formatının yaranmasına çalışırlar, səy göstərirlər və bu istiqamətdə kifayət qədər ciddi nəticələrin də əldə olunduğunu deyə bilərik”.
Analitik qeyd edib ki, Türkiyənin Ermənistanla münasibətlərinin inkişafı da məhz bölgədə sülhə töhfə verən amillərdən biridir:
“Doğrudur, Türkiyə bu münasibətlərin normallaşmasını və Ermənistanla sərhədlərin açılmasını Azərbaycanla münasibətlərin normallaşması ilə əlaqələndirir. Bu baxımdan, Türkiyənin bölgədə rolu çox mühümdür, vacibdir. Mən bir daha qeyd edirəm, regional güclər içərisində yalnız Türkiyə Cənubi Qafqazda səmimi şəkildə sülhün bərqərar olunmasını, əməkdaşlığın inkişaf etməsini, regional inteqrasiyanın dərinləşməsini istəyən bir gücdür. Yəni, Azərbaycan-Türkiyə ittifaqı münasibətləri isə bu prosesə ciddi şəkildə yön verən bir faktordur”.