Türkiyə NATO daxilində daha strateji mövqeyə yüksəldi - TƏHLİL

  • Əhməd Şahidov: “Ankara artıq alyansın təhlükəsizlik siyasətinin formalaşdırılmasında aparıcı aktorlardan biri kimi çıxış edir"

Türkiyənin paytaxtı Ankarada keçirilən NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvə Görüşü başlayıb.

Türkiyə KİV-nin məlumatına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və NATO-nun Baş katibi Mark Rütte dövlət və hökumət başçılarını qarşılayıblar.

Dahya sonra NATO liderləri ailə fotosu çəkdiriblər. Qeyd edək ki, NATO-nun Ankarada (Türkiyə) keçirilən sammiti çərçivəsində müdafiə sahəsində ən azı 50 milyard dollar (43,7 milyard avro) dəyərində yeni razılaşmalar əldə olunub. Onlar yeni çoxmillətli strateji hava nəqliyyatı donanmasının yaradılmasını və köhnələn təyyarələrin, Hava Hücumundan Müdafiə sistemlərinin və pilotsuz uçuş aparatlarının əvəzlənməsi planlarını nəzərdə tutur.

Siyasi şərhçi Əhməd Şahidov Sherg.az-a açıqlamasında Ankarada keçirilən NATO Zirvə Toplantısının alyansın son illərdə baş tutan ən mühüm siyasi və təhlükəsizlik tədbirlərindən biri olduğunu deyib. Onun sözlərinə görə, Zirvə çərçivəsində NATO-ya üzv ölkələrin dövlət və hökumət başçıları qlobal və regional təhlükəsizlik gündəliyini müzakirə ediblər:

“Görüşün əsas mövzuları Ukrayna-Rusiya müharibəsi, NATO-nun kollektiv müdafiə qabiliyyətinin gücləndirilməsi, müdafiə xərclərinin artırılması, hərbi sənaye əməkdaşlığının genişləndirilməsi, eləcə də Yaxın Şərqdə və Qara dəniz regionunda təhlükəsizlik vəziyyəti olub. Sammitdə həmçinin alyansın qarşıdakı illər üçün strateji hədəfləri və üzv ölkələr arasında müdafiə sahəsində koordinasiyanın daha da gücləndirilməsi məsələləri diqqət mərkəzində yer alıb”.

Ə. Şahidov bildirib ki, Ankara Zirvəsi NATO-nun yeni təhlükəsizlik strategiyasının formalaşmasında mühüm mərhələdir. Onun sözlərinə görə, sammit eyni zamanda Türkiyənin həm siyasi arenada, həm də hərbi sənaye sahəsində əldə etdiyi nailiyyətlərin beynəlxalq səviyyədə bir daha təsdiqlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır: “Son illərdə pilotsuz uçuş aparatları, müdafiə texnologiyaları və yerli hərbi sənaye sahəsində qazandığı uğurlar Türkiyəni NATO daxilində daha strateji mövqeyə yüksəldib və Ankara artıq alyansın təhlükəsizlik siyasətinin formalaşdırılmasında aparıcı aktorlardan biri kimi çıxış edir.

Sammitdə NATO-nun əsas prioritetləri sırasında kollektiv müdafiə imkanlarının genişləndirilməsi, üzv ölkələrin müdafiə xərclərinin artırılması, hərbi sənaye potensialının gücləndirilməsi, Rusiyadan qaynaqlanan təhlükələrə qarşı koordinasiyanın artırılması və Ukraynaya dəstəyin davam etdirilməsi yer alır. Fikrimcə, Ankara Zirvəsi yalnız qəbul olunan qərarlarla deyil, həm də Türkiyənin qlobal təhlükəsizlik arxitekturasındakı artan rolunu nümayiş etdirməsi ilə yadda qalacaq və qarşıdakı illərdə NATO-nun siyasi və hərbi fəaliyyət istiqamətlərinə mühüm təsir göstərəcək”.