- "Moskva ilə Ankara mövcud sabit dialoq kanalları vasitəsilə mövqelərini yumşaltmalı və konsensusa gəlməlidirlər"
Rusiyanın xarici işlər naziri Segey Lavrov Türkiyəni Ukrayna-Rusiya müharibəsində qərəzli mövqe tutmaqda ittiham edib. Nazirin sözlərinə görə, Türkiyə Avropa İttifaqı ilə yaxınlaşmağa çalışsa da, Qərb onu heç vaxt alyansa qəbul etməyəcək. Lavrov Aİ-nin Türkiyəyə yaşıl işıq yandırmayacağını izah etdikdən sonra Ankaranın Moskva ilə ortaq iqtisadi layihələrinə diqqət çəkib.
Buna misal olaraq Cənubi Qafqaz və Qara dənizi göstərib. Lavrov, Ukrayna tərəfindən Türkiyə və ABŞ-yə aid gənmilərin vurulmasına toxunaraq, Vaşinqton və Ankaranı Zelenskiyə qarşı vahid mövqe sərgiləməməkdə ittiham edib. Kreml Türkiyənin pərdəraxası diplomatik siqnallarla kifayətlənməsini tənqid edir. S.Lavrov onu da qeyd edib ki, Türkiyənin xəbərdarlığından sonra Zelenski yalnız Rusiya ilə əlaqəsi olmayan gəmilərə hücumları dayandıracağını vəd edib. Nazir Türkiyəni bu vədlə razılaşmaqda günahlandırıb. S.Lavrov hazırda Türkiyənin Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün Rusiya ilə razılaşma əldə etmək istədiklərini bildirib. Lavrov hücumları Rusiyanın başlatmadığını bildirməklə, təhlükəsizliyin Moskva tərəfindən pozulmadığını vurğulayır. Məsuliyyəti birbaşa Kiyevin üzərinə atır. Bu da Qara dəniz və Xəzər dənizində gərginliyin aktiv olduğunu göstərir.
Mövzu ilə bağlı politoloq Tofiq Abbasov Sherg.az-a bildirib ki, Lavrov bu bəyanatla Türkiyənin ikibaşlı oyun oynadığını göstərməyə çalışır:
“Həqiqətən də rəsmi Ankara gərək prinsipial məsələlərdə dəqiq mövqe ortaya qoysun. Əgər həqiqətən də Zelenski, onun silahlı qüvvələri qaydaları pozaraq xaosu genişləndirmək istəyirsə, buna göz yummaq olmaz. Çünki su akvatoriyalarında gəmilərin gediş-gəlişi və naviqasiya prosesində təhlükəsizlik tam qorunmalıdır. Bu işdə gərək bütün ölkələr həmahəng çalışsınlar. İndi biz Fars körfəzini və Oman dənizini kənarda saxlayırıq. Çünki Hörmüz boğazı ətrafında cərəyan edən dəniz müharibəsidir. Qara dənizə gəldikdə, isə burada da Rusiya-Ukrayna müharibəsinin ayrı-ayrı epizodlarını görürük. Bunlarla yanaşı, məsələyə Xəzər dənizini də əlavə edirlər. Rəsmi Kiyevin Xəzərlə bağlı tutduğu mövqe, özbaşınalıq təsiri bağışlayır”.
Politoloqun sözlərinə görə, Xəzəryanı ölkələr 2018-ci ildə Aktau şəhərində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalayıblar:
“Sənədə əsasən, dənizdə kənar dövlətlərin hərbi iştirakı qadağandır. Xəzər əlahiddə statusa malikdir və yalnız sahilyanı beş dövlətin məsuliyyət zonasındadır. İran da həmin sənədə imza atan tərəflərdən biridir. Bu səbəbdən, Xəzərdə hər hansı kənar müdaxilə cəhdi baş verərsə, Xəzəryanı dövlətlər vahid və kollektiv mövqe ortaya qoymalıdırlar. Ən vacibi regionda təhlükəsizliyin tam qorunmasıdır. Ona görə də Lavrovun bəyanatının xəbərdarlıq olduğunu düşünürəm. Yəni Türkiyənin son dövrlərdə Rusiya-Ukrayna böhranı fonunda sərgilədiyi ehtiyatsız addımlar diqqətdən yayınmır. Elə yaxın zamanlarda rəsmi Ankara bildirdi ki, Ukraynanın yaşadığı raket defisitini nəzərə alaraq, özündə olan ehtiyatları bu ölkəyə verməyə hazırdır. Çox güman ki, verəcək”.
Müsahibimizin fikrincə, Türkiyə açıq şəkildə Ukraynanı dəstəklədiyini büruzə verir və Rusiyanın maraqlarına zidd mövqe nümayiş etdirir:
“Doğrudur, Moskva həqiqətən də müharibənin meydana gəlməsində günahkardır. Müstəqil dövlətə təcavüz edib. Amma müharibə şəraitində Türkiyənin Qara dəniz vasitəsilə qonşusu olduğu Rusiya ilə bağlı belə sərt mövqe tutması Moskvanın ürəyincə deyil. Kreml çalışacaq ki, Türkiyəyə qarşı da adekvat tədbirlər görsün və ya cavab addımları atmaq məcburiyyətində qaldığını göstərsin. Ümumiyyətlə, Avrasiya məkanının qərb bölgəsində həqiqətən də vəziyyət çox gərgindir. Bu regionda münaqişələrin potensial iştirakçılarının sayı getdikcə artır. Məlum bir deyimdə bildirildiyi kimi, əgər kimsə hansısa prosesə münasibət bildirirsə, deməli, artıq onun da orada payı var. Qara dəniz bir neçə dövlətin - Rumıniya, Bolqarıstan, Rusiya, Türkiyə, Gürcüstan və digər sahilyanı ölkələrin ortaq akvatoriyasıdır. Əgər Xəzərdə beş ölkənin vahid mövqeyi mümkündürsə, Qara dəniz ölkələri də proseslərə adekvat münasibət bildirməlidirlər. Xüsusən də Azərbaycanın üzv olduğu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) çərçivəsində tərəflərin ortaq mövqe ilə çıxış etməsi tamamilə mümkündür”.
T.Abbasov onu da qeyd edib ki, hazırda həm Rusiya, həm də Türkiyə diplomatları daha fəal olmalı, ədavətin dərinləşməsinə imkan verməməlidir:
“Nəzərə almaq lazımdır ki, Türkiyənin öz ətrafında da vəziyyət gərginləşir. Yunanıstan və Cənubi Kipr tərəfindən açıq təhdidlər səslənir. Burada İsrailin də müəyyən rolu var. Türkiyə üçün eyni vaxtda bir neçə istiqamətdə gərginlik yaşamaq lazımsız yükdür. Bu baxımdan, Moskva ilə Ankara mövcud sabit dialoq kanalları vasitəsilə mövqelərini yumşaltmalı və konsensusa gəlməlidirlər".