- “Şuşa Bəyannaməsi strateji əlaqələrimizin tapusudur”
18 oktyabr- Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü xalqımızın tarixində mühüm əhəmiyyət daşıyan əlamətdar gündür. 1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyini bərpa edərək öz suveren inkişaf yolunu seçib.
Bu tarixi gün Azərbaycanın dövlətçilik ənənələrinin davam etdirilməsi, milli iradəsinin təcəssümü və müstəqil dövlət kimi gələcəyinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Müstəqilliyin bərpasından ötən 35 il ərzində Azərbaycan-Türkiyə münasibətləri də inkişaf edərək strateji tərəfdaşlıq və qardaşlıq səviyyəsinə yüksəlib. İki ölkə arasında siyasi, iqtisadi, hərbi və digər sahələrdə əməkdaşlıq türk dünyasının birliyi baxımından da mühüm rol oynayır.
Türkiyənin Azərbaycandakı sabiq səfiri, İMZA İB-nin Türkiyə nümayəndəsi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin Müvəkkillər Heyətinin üzvü Hulusi Kılıç Sherg.az-a 18 oktyabrın önəmindən və Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığından danışıb:
"Can Azərbaycanımızın müstəqilliyinin bərpasının 35-ci ildönümünü ən xoş arzularımla təbrik edirəm. Üçrəngli bayrağımızın dünya durduqca göylərdə dalğalanmasını arzu edirəm. Bu gün, 35 il əvvəl Azərbaycanımız yenidən müstəqilliyini elan etdi və Azərbaycanı ilk tanıyan ölkə qardaşı Türkiyə oldu. Müstəqilliyinin ilk günündən etibarən Türkiyə Azərbaycanımızın yanında olmağa başladı. Eynilə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulması zamanı olduğu kimi. Azərbaycan Xalq Cümhuriyyəti 28 may 1918-ci ildə qurulan, Şərqdə ilk demokratik hüquqi dövlət olmaq xüsusiyyətini daşıyır. Lakin bu dövlətin yaşamasına imkan verməmək üçün müstəqillikdən sonra ermənilər Azərbaycan torpaqlarını işğal etməyə başladılar. Həmin dövrdə Osmanlı rəhbərliyi də Qafqaz İslam Ordusu adı altında 11 min əsgərdən ibarət hərbi birliyi Azərbaycana göndərdi. 15 sentyabr 1918-ci ildə Bakı şəhərini düşmən işğalından azad etdi. Bakını xilas oldu. Burada ermənilərlə, bolşeviklərlə və ingilislərlə döyüşərək Bakını xilas etdi".
Sabiq səfir qeyd edib ki, Türkiyə-Azərbaycan qardaşlığının dünyada nümunəsi yoxdur:
"Bu gün Ulu Öndərin “Biz bir millət, iki dövlətik” prinsipi əsasında iki qardaş ölkə həm ikitərəfli, həm də çoxtərəfli sahələrdə əməkdaşlıq edir.
Bu əməkdaşlığın dünyada bənzəri yoxdur. Azərbaycanımızın suverenliyinin bərpasından sonra türk dünyasında yeni bir inkişaf baş verdi. Digər qardaş respublikaların da müstəqilliklərini elan etməsi ilə türk dünyasında yeni bir dövr başladı. Türkiyə Can Azərbaycanın olduğu kimi, digər qardaş respublikaları da ilk tanıyan ölkə oldu.
Azərbaycanımızın müstəqilliyinin bərpasından sonra yenə də erməni ordusu, ordusu olmayan Azərbaycana qarşı torpaqları işğal etməyə başladı. Birləşmiş Millətlər Təşkilatının dörd qətnaməsinə baxmayaraq, bu işğal 30 il davam etdi.
Bu dövrdə, 1993-cü ildə Türkiyə Azərbaycan torpaqlarının işğalına görə Ermənistanla sərhədini bağladı. Həmin sərhəd hələ də bağlıdır, artıq 33 ildir. Dünyada bunun bənzəri yoxdur . Bir dövlət bir dövlətə görə başqa bir dövlətlə sərhədini bağlamaz. Amma bizim qardaşlığımız o qədər dərin, o qədər güclüdür ki, bu həmrəylik bizi bu günə gətirib çatdırıb. Azərbaycanımızın müstəqilliyinin ilk illərində Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələnə qədər mühüm çətinliklər yaşadığını bilirik.
Daha sonra Ulu Öndər Heydər Əliyev Bakı-Tbilisi-Ceyhan layihəsinin müəyyənləşdirilməsi və həyata keçirilməsi üçün çox böyük mübarizə apardı. Bakı-Tbilisi-Ceyhan əvəzinə Supsa olsun deyənlərə qarşı müqavimət göstərdi".
Diplomat bildirib ki, nəticədə Azərbaycan Türkiyəyə böyük meqalayihələr çərçivəsində investisiyalar yatırmağa başladı:
"Ulu Öndərin vəfatından sonra Ali Baş Komandan, cənab İlham Əliyev də atasının yolunu davam etdirərək Türkiyəyə böyük meqalayihələr çərçivəsində investisiyalar yatırdı.
Bunlardan Bakı-Tbilisi-Ceyhan layihəsi 2006-cı ildə açıldı. Daha sonra Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Ərzurum təbii qaz layihəsi, Bakı-Tbilisi-Qars dəmir yolu, həmçinin TANAP- Trans-Anadolu qaz kəməri, PETKİM, İzmir Əliağa Petrokimya Kompleksi, STAR Neft Emalı Zavodu və PETLİM kimi böyük layihələr həyata keçirildi.
Beləliklə, Türkiyədə milyonlarla insana iş və məşğulluq imkanı yaradıldı.
İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Azərbaycana siyasi, diplomatik və informasiya dəstəyi verərək onun yanında oldu. Eyni zamanda, 44 günlük Qarabağ müharibəsindəki qələbədən sonra türk dünyasında yeni bir oyanış baş verdi. Azərbaycanımızın lideri, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusunun gücü ilə 44 gün ərzində 30 il işğal altında qalan torpaqların azad edilməsi dünyada böyük diqqət çəkdi.
Bu hadisə türk dünyasında da böyük məmnunluqla qarşılandı. Daha sonra, 16 iyun 2021-ci ildə Prezidentimiz, cənab Rəcəb Tayyib Ərdoğan Şuşaya səfər etdi".
Müsahibimiz dünyada Şuşaya səfər edən ilk dövlət başçısının məhz Prezident Rəcəb Tayyib Ərdoğan olduğunu da xatırladıb:
"Şuşada çox mühüm bir sənəd imzalandı.
Biz bunu Şuşa Bəyannaməsi adlandırırıq. Bu bəyannamə adi bir sənəddən daha artıq məna daşıyır.
Çünki iki ölkənin parlamentlərinin təsdiqlədiyi saziş xarakteri daşıyır. Bu Şuşa Bəyannaməsi strateji əlaqələrimizin bir növ çıxarışı, tapusudur.
Bu sənəddə çox mühüm bir maddə var. NATO-nun beşinci maddəsinə bənzər bir maddədir.
Belədir: Türkiyəyə qarşı hücum olarsa, Azərbaycan işə qarışır, Azərbaycana qarşı hücum olarsa, Türkiyə işə qarışır.
Yəni bu, bizim üçün mühüm əhəmiyyət daşıyır. Bundan başqa, Şuşa Bəyannaməsində çox mühüm müddəalar var. Bəyannamə 1921-ci il Qars müqaviləsinə istinad edir. Ulu Öndərin, Atatürkün və Ümummilli Liderin sözləri- siyasi, iqtisadi, hərbi, müdafiə və mədəni sahələrdə bizə yol göstərən bir sənəd xarakteri daşıyır.
Buna görə də Şuşa Bəyannaməsi ilə əlaqələrimiz yeni bir ölçü qazanıb. Hər kəsin bu sənədi oxuması lazımdır".
Hulusi Kılıç sonda vurğulayıb ki, bizim bu güclü qardaşlıq bağımız dağ kimidir:
"Qardaşlığımız kənardan gələ biləcək bütün təsirlərə qarşı dayanıqlıdır. Buna görə də bu gün Azərbaycanımız üçün çox mühüm gündür.
Bu mühüm gün təkcə Azərbaycanımızın deyil, Türkiyənin də mühüm günüdür. Türk dünyasının da mühüm günüdür.
Biz birlikdə güclüyük. Biz daha da güclü olacağıq.
Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı! Yaşasın birliyimiz!
Nə mutlu türküm deyənə!".