- Tramp Zelenskinin mesajına görə kursunu dəyişməyəcək
Qlobal müstəvidə alovlanan münaqişələr sanki «ötür-ötür» oyunu kimi geostrateji toqquşma xəttini mərhələli şəkildə bir cəbhədən digər cəbhəyə transfer edir. ABŞ və İran arasında qarşılıqlı hücumların dayanması əsasında nisbi sakitlik hökm sürərkən, Ukraynanın Xəzər dənizində İranın ticarət gəmisini vurması, gərginliyi başqa məcraya daşıdı.
Rəsmi Tehran Kiyev rəhbərliyini bu addıma görə "Qərbin paraziti" adlandırdı. İlk növbədə ritorikanı sərt cavab tədbirləri üzərində quran İran rəhbərliyi, hazırda Ukraynadan dəyən ziyana görə təzminat tələb edir. "The New York Times" qəzeti fəal diplomatik səylər sayəsində, İranın Ukraynaya zərbə endirmək fikrindən daşındığını yazıb. Lakin Avropa və Ukrayna tərəfi, İranı Rusiyaya hərbi dəstək göstərməkdə ittiham edir. Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Tehranı Rusiyaya hərbi dəstəyi dayandırmağa çağırıb.
Mövzu ilə bağlı Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Sherg.az-a bildirib ki, Zelenski dəfələrlə İranla bağlı narazılığını ifadə edib:
“O bir sıra platformalarda bildirib ki, Rusiyanın Ukrayna ərazisinə endirdiyi effektiv və dağıdıcı zərbələrin arxasında İrandan tədarük edilən "Şahid" dronları dayanır. Kiyevin qənaətincə, Tehranın Moskvaya verdiyi hərbi dəstək Ukraynanın daha böyük itkilər verməsinə səbəb olur. Lakin Ukraynanın İrana məxsus gəmini vurması birbaşa ABŞ amili ilə əlaqədardır. Ukrayna ilə Rusiya arasında davam edən şiddətli döyüşlərdə heç bir irəliləyiş yoxdur. Tərəflər mülki infrastrukturu və enerji təsisatlarını hədəf almaqla tükəndirmə siyasətini davam etdirirlər. Ukrayna cəbhədə strateji üstünlüyü ələ keçirməyə müvəffəq ola bilmir. Eyni şəkildə, Rusiya da ciddi irəliləyişlərdən məhrum olub. Hazırda Ukraynanı Rusiyaya qarşı hərbi və texniki imkanlarla təmin edən ana qüvvə Avropa İttifaqıdır”.
Analitikin sözlərinə görə, Rusiya-Ukrayna məsələsində həlledici rol ABŞ-yə məxsusdur:
“ABŞ Rusiya ilə diplomatik kanalları açıq tutmağa, dialoqu davam etdirməyə çalışır. Tramp hakimiyyəti dönəmində Vaşinqtonun siyasi kursu bundan ibarətdir. Digər tərəfdən, İran cəbhəsində yaranan mürəkkəb şərait, Ağ Evin xarici siyasət prioritetlərini köklü şəkildə dəyişir. Vaşinqton konqres seçkilərinə qədər İranla bağlı gərginliyi nəzarət altına almağa can atır. Çünki bu böhranın mövcud gedişatı Ağ Evin seçkiöncəsi hesablamaları ilə üst-üstə düşmür. Ona görə də ABŞ Ukraynaya tam dəstək vermək niyyətində deyil. Zelenskinin ABŞ-yə son səfərindəki intensiv cəhdləri də bu reallığı dəyişə bilmədi. Əslində, Zelenskinin bu addımı, yəni Ukraynanın İrana aid gəmini hədəf alması birbaşa Vaşinqtona ünvanlanmış geostrateji mesaj kimi dəyərləndirilməlidir. Kiyev bu həmlə ilə Vaşinqtona Rusiyanın tətbiq etdiyi dron zərbələri səbəbindən Ukraynanın böyük zərər gördüyünü çatdırmağa çalışır. Paralel olaraq, Moskva tərəfindən göstərilən kəşfiyyat və silah dəstəyi nəticəsində İran da Birləşmiş Ştatların Yaxın Şərqdəki hərbi bazalarına ciddi zərər vurmaqdadır”.
Ə.Zülfüqaroğlu onu da qeyd edib ki, Zelenski Vaşinqtona eyni geostrateji oxda mübarizə apardıqlarına dair mesaj ünvanlayır:
“Amma ABŞ üçün prioritetlər fərqlidir. Ona görə də bu addımın Trampın mövqeyində ciddi dəyişikliklərə gətirib çıxaracağını düşünmürəm. Aydındır ki, İranın diqqəti ABŞ-dən gələn təhlükələrə, Ukraynanın bütün resursları isə Rusiyanın hücumlarını dəf etməyə yönəlib. Mövcud reallıqda nə Tehran, nə də Kiyev güclərini bölərək ikinci hərbi cəbhənin açılmasına maraqlı deyil. Təbii ki, İranın əlində olan ballistik raketlər və kiberpotensial Ukraynaya zərbə endirməyə imkan verir. İran diplomatik müstəvidə cavab verməklə yanaşı, Ukraynaya simvolik zərbələr endirə bilər. Amma bunun Ukrayna-İran müharibəsinə gətirib çıxaracağı ehtimalı sıfıra bərabərdir. Digər tərəfdən, Avropa İttifaqının İranın Moskvaya hərbi dəstəyini məhdudlaşdırmaq cəhdləri də təsirsiz qalır. Qərbin təzyiqlərinə rəğmən, nə Vaşinqton və Moskva, nə də Tehran və Kiyev tutduqları geostrateji kursdan geri çəkilmək niyyətindədirlər”.