Ukrayna İranı hədəfə almaqla Xəzəryanı ölkələri təhlükə altına saldı - ŞƏRH

  • "Xəzərdə başlayan gərginlik Azərbaycana da təsirsiz ötüşməyəcək"

ABŞ və İran arasında qarşılıqlı hücumların dayanması əsasında bölgədə nisbi sakitlik hökm sürərkən, Ukraynanın Xəzər dənizində İranın ticarət gəmisini vurması münaqişəyə yeni ölçü qazandırdırdı. Rəsmi Tehran Kiyev rəhbərliyini bu addıma görə "Qərbin paraziti" adlandırıb. İlk növbədə ritorikanı sərt cavab tədbirləri üzərində quran İran rəhbərliyi, hazırda Ukraynadan dəyən ziyana görə təzminat tələb edir.

"The New York Times" qəzeti fəal diplomatik səylər sayəsində, İranın Ukraynaya zərbə endirmək fikrindən daşındığını yazıb. Lakin Avropa və Ukrayna tərəfi, İranı Rusiyaya hərbi dəstək göstərməkdə ittiham edir. Avropa diplomatiyasının rəhbəri Kaya Kallas, İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığında Tehranı Rusiyaya hərbi dəstəyi dayandırmağa çağırıb. Hazırda proseslərin hansı istiqamətə yol alacağı sual altındadır. 

Mövzu ilə bağlı politoloq Azad Məsiyev Sherg.az-a bildirib ki, Avropa İttifaqı Rusiya və Ukrayna arasında gedən savaşda Kiyevin yanında dayanıb, ona dəstək verməklə dolayı yolla münaqişədə iştirak edir:

“Qərb ölkələri Ukraynaya yalnız hərbi və maliyyə dəstəyi verməklə kifayətlənmir. Həm də Rusiya ilə gedən informasiya və psixoloji savaşın ön cəbhəsində yer alırlar. Hətta xüsusi təyinatlı hərbçilərini də oraya göndərirlər. Faktiki olaraq, bu savaş Rusiya ilə NATO arasında gedir. Ukrayna isə sadəcə poliqon rolunu oynayır. Məsələ burasındadır ki, Avropa Rusiyanı dünya iqtisadi sistemindən təcrid etmək istəyir. Rusiya ağır sanksiyalara məruz qalıb. Moskva ilə əlaqə saxlayan dövlətlərə də bu formada təzyiqlər göstərilir. Açığını deyim ki, Ukrayna Prezidenti artıq ölkəni idarə etmək iqtidarında deyil. Zelenski müstəqil siyasi aktordan ziyadə, Qərbin geopolitik maraqlarını icra edən fiqura çevrilib. O, birbaşa Qərbdən gələn təlimatlar əsasında fəaliyyət göstərir”. 

Politoloqun sözlərinə görə, Xəzər dənizində İrana məxsus gəminin vurulması bütün Xəzəryanı dövlətlərin milli təhlükəsizlik və iqtisadi maraqlarına ziddir:

“Suveren dövlətin gəmisini hədəf almaq isə dolayısı ilə İranın özünə hücum etmək deməkdir. İran-Kiyev toqquşması, Xəzər hövzəsində hərbi münaqişənin yaranmasına gətirib çıxara bilər. Təbii ki, Azərbaycan da bundan narahatlıq keçirir. Çünki Azərbaycana məxsus neft yataqlarının əsası Xəzər dənizindədir. Nəzərə alsaq ki, Azərbaycan gəmiləri Həştərxana, Qazaxıstan və Türkmənistan gəmiləri isə Bakı limanları üzərindən regional daşımaları həyata keçirir, Xəzərdə dronların tətbiqi birbaşa həmin gəmiləri təhlükə altına sala bilər. Ukrayna ABŞ və İsrailin İrana qarşı yürütdüyü siyasətdə neytral mövqe tutmadı. Açıq şəkildə, ABŞ və İsraili dəstəklədi. Baxmayaraq ki, Ukrayna dövləti özü də hərbi müdaxiləyə məruz qalıb və Zelenski dəfələrlə Rusiyanı işğalçı qüvvə kimi bəyan edib. Belə olduğu təqdirdə, Zelenski işğalçılıq siyasəti aparan İsrail və ABŞ-yə qarşı niyə İranı deyil, ABŞ-ni dəstəklədi? Bütün bunlar Zelenskinin Qərbin əlində alətə çevrildiyini göstərir”. 

A.Məsiyev onu da qeyd edib ki, İranın hərbi müdaxiləyə və təzyiqlərə məruz qaldığı dönəmdə, Rusiyaya dəstək vermə ehtimalı heç bir məntiqə uyğun gəlmir:

“Tehran müdafiə qabiliyyətini gücləndirmək üçün bütün hərbi resurslarını özünə sərf edir. Mövcud vəziyyətdə, onun Rusiyaya silah yardımı etdiyini söyləmək bəhanədən başqa bir şey deyil. Ukrayna rəhbərliyi gözəl bilir ki, Rusiyanın İrana məxsus silahlara ehtiyacı yoxdur. Çünki Rusiyanın kifayət qədər hərbi-sənaye kompleksi var. Ona görə də “İrandan Rusiyaya silah daşınır” iddiası yalnız və yalnız edilən hücuma bəraət qazandırmaq niyyətilə dövriyyəyə buraxılıb”. 

Analtikin fikrincə, Rusiya-Ukrayna savaşı regional münaqişədən qlobal müharibəyə çevrilib:

“Qeyd etdiyim kimi, bunu Rusiya-Ukrayna arasındakı münaqişə kimi göstərsələr də əslində, NATO ilə Rusiya arasında gedən savaşdır. Avropa münaqişənin episentrini genişləndirməyə və Xəzəryanı dövlətləri də bu münaqişəyə cəlb etməyə çalışır. Hesab edirəm ki, Ukrayna Prezidenti həddini aşan siyasət yürüdür. Onun Qərbin geosiyasi alətinə çevrilərək, Ukraynanı fəlakətə sürükləməsi azmış kimi, indi də Xəzər hövzəsində münaqişə ocağı yaratmaqla sahilyanı dövlətləri, xüsusilə də İranı təhdid etməsi açıq-aşkar avantürizmdir. Kiyev rəhbərliyi kənar güclərin iradəsinə təslim olmaqla, Ukraynanı bugünkü acınacaqlı reallıqla üz-üzə qoydu” .