- Ermənistanın yolu Azərbaycan qazından keçir
Rusiya Ermənistana tədarük edilən təbii qazın qiymətini artırarsa, Avropa İttifaqı (Aİ) Yerevana kömək etməyə hazırdır.
Bunu Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Yerevanda Ermənistanın baş naziri Nikol Paşinyanla birgə brifinqdə bildirib.
Lyayen enerji məsələsində strateji yanaşmaya ehtiyac olduğunu bildirib: “Ermənistanın ticarətini şaxələndirməyə kömək etdiyimiz kimi, enerji təchizatını şaxələndirməyə də kömək etmək istəyirik. Aİ ekspertlərindən ibarət qrup gələn həftə Ermənistana səfər edəcək".
Onun sözlərinə görə, Aİ enerji təchizatının şaxələndirilməsində geniş təcrübə toplayıb və Cənubi Qafqazın enerji təhlükəsizliyinə investisiya qoymaq və yeni enerji mübadiləsi yolları açmaq niyyətindədir.
Mövzunu şərh edən araşdırmaçı- jurnalist Asəf Quliyev Sherg.az-a bildirib ki, Rusiyanın Ermənistana qarşı enerji təzyiqi bundan sonra da davam edəcək, hətta daha sərt xarakter ala bilər: 
“Moskva hələlik bu istiqamətdə radikal addımlar atmır. Çünki Kremlin sərt qərarları Ermənistanı tamamilə Rusiyadan uzaqlaşdıraraq Azərbaycana və Qərbə yaxınlaşmağa sövq edə bilər. Rusiya da bu riskin fərqindədir”.
Ekspert bildirib ki, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin səsləndirdiyi alternativ enerji təchizatı məsələsində əsas mənbə məhz Azərbaycandır. Onun sözlərinə görə, bunun reallaşması yalnız iqtisadi deyil, həm də regional sabitlik və davamlı sülh baxımından mühüm əhəmiyyət daşıyır:
“Bir neçə il əvvəl Türkiyədən Bakıya səfər edən ordu veteranları arasında Türkiyə Hərbi Hava Qüvvələrinin keçmiş komandanı Ərdoğan Qaraquş da vardı. Həmin vaxt Qaraquş mənimlə söhbətində Azərbaycanın Ermənistanı qazla təmin etməsinin vacibliyini vurğulamışdı. O qeyd etmişdi ki, Ermənistanın qaz təchizatı məhz Azərbaycandan asılı olmalıdır.
Hələ onda antiterror əməliyyatları keçirilməmişdi, Qarabağdakı separatizmin kökü tam kəsilmədiyi üçün arabir atəşkəs pozulurdu.
Ona görə bu təklif həm rəsmi, qeyri- rəsmi şəxslər tərəfindən birmənalı qarşılanmadı. Lakin bugünkü geosiyasi reallıq, Ursula fon der Lyayenin açıqlaması Ərdoğan Qaraquşun nə qədər uzaqgörən dövlətçilik düşüncəsinə malik olduğunu təsdiqləyir.
Mövcud şəraitdə Azərbaycanın Ermənistanı qazla təmin etməsi artıq real perspektivə çevrilib. Ermənistanla Rusiya arasında münasibətlərin gərginləşməsi və Moskvanın qaz təchizatını dayandırmaq ehtimalı Azərbaycanın bu məsələdə əsas alternativ kimi önə çıxmasına səbəb olur”.
A. Quliyev bildirib ki, Gürcüstan təcrübəsi də bu modelin mümkünlüyünü göstərir:
“Vaxtilə Azərbaycan qazının alış və satış qiyməti arasındakı fərqi Qərb maliyyələşdirirdi. Yəni Azərbaycan qazı bazar qiymətinə satır, Gürcüstan isə onu daha münasib şərtlərlə əldə edirdi. Ermənistanla bağlı da oxşar mexanizmin tətbiqi mümkündür. Bu halda Avropa İttifaqı Azərbaycan qazını yüksək qiymətlə alaraq, ödənişin müəyyən hissəsini subsidiya formasında qarşılayıb Ermənistandan daha aşağı tariflə geri ala bilər”.