Vaşinqton danışıqlarında razılaşma gözlənilir
ABŞ Ermənistanı mayın sonuna qədər sülh müqaviləsinin ilkin variantını imzalamağa məcbur edir
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ABŞ-də ikitərəfli görüşü davam edir. Vaşinqtona yaxın Arlinqton şəhərində keçirilən görüşdə XİN başçıları tərəfindən Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsinə dair müzakirələr aparılır. Məlumat üçün bildirək ki, mayın 1-də Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olub. Daha sonra Ceyhun Bayramov və Ararat Mirzoyan ikitərəfli görüş keçiriblər. ABŞ mediası tərəflər arasında bəzi məsələlərlə bağlı anlaşma sənədinin müzakirə edildiyini yazıblar. Ermənistanın hakim partiyasından olan deputat Sarkis Xandanyan da deyib ki, sülh sazişinin mətni ilə bağlı danışıqlar gedir. O bildirib ki, danışıqlar tamamlanana qədər nəticələr barədə danışmaq tezdir. Deputatın sözlərinə görə, Ermənistanın vəzifəsi regionda hərtərəfli sülhə və Azərbaycanla münasibətləri tənzimləməyə nail olmaqdır: “Bu məsələlər danışıqlar masası arxasında həllini tapmalıdır. Aydınlaşdırmaya ehtiyacı olan hüquqi ifadələr var. Sənəd siyasi müzakirələrin nəticəsidir. Sülh sazişinin etibarlı olması üçün buna təminat verən mexanizmlər lazımdır”. Xandanyan söyləyib ki, bu mexanizmlərin yaradılması beynəlxalq ictimaiyyətin fəal iştirakı ilə bağlıdır.
Politoloq Turab Rzayev bildirib ki, ABŞ Ermənistanın və separatçıların ümidlərini alt-üst edib. Onun sözlərinə görə, Vaşinqton Qarabağ ermənilərinin “müstəqillik” və ya “öz müqəddəratını təyin etmək hüququ” kimi tələblərini absurd sayıb, bunu da Ermənistan XİN-in nəzərinə çatdırıb: "Dövlət departamenti Azərbaycanda ərazisində yaşayan erməniləri sadəcə, Azərbaycan suverenliyi daxilində etnik azlıqlardan biri kimi görmək istədiyini rəsmi İrəvana bildirib. Azərbaycan XİN başçısı Ceyhun Bayramovla Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında başlayan Vaşinqton danışıqlarının bir neçə gün davam edəcəyi və tərəflərin razılığa gələcəyi görünür. ABŞ Ermənistanı mayın sonuna qədər sülh müqaviləsinin ilkin variantını imzalamağa məcbur edir. Vaşinqton planında “Daglıq Qarabağ” Azərbaycan suverenliyinin daxilindədir, onun tərkib hissəsidir. Azərbaycan ərazisində hansısa yeni erməni dövlətinin “müstəqilliyi”ndən, öz müqəddəratını təyinetmə hüququndan söhbət gedə bilməz. Erməni mətbuatının sızdırdığı məlumata görə, Qarabağdakı ermənilər Azərbaycanın tərkibində sadəcə etnik azlıq kimi tanınacaqlar".
Siyasi şərhçi Asif Nərimanlı isə bildirib ki, Vaşinqton görüşündə əsas məqam danışıqların bir gündən daha çox davam etməsidir. Analitik də hesab edir ki, tərəflər sülh sazişinin imzalanmasına yaxındır: "Ən azı sülh sazişi ilə bağlı “yol xəritəsi” üzərində anlaşma imkanı var. İstisna deyil ki, görüşün uzunmüddətli keçirilməsi Rusiyanın prosesə müdaxilə etməsi riskinə qarşıdır və ABŞ masadan razılaşma ilə qalxmaq niyyətindədir. Bundan öncə də yazmışdıq. Laçında sərhəd-keçid məntəqəsinin qurulması sülh müqaviləsində maneələrdən birinin, kommunikasiyanın “yol məntiqi” üzrə açılmasının aradan qalxması və ABŞ masasında irəliləyiş əldə etmək imkanı yaradıb. Vaşinqton danışıqlarında diqqətçəkən məqamlardan biri də Qarabağdakı ermənilərin Azərbaycan tərkibində “etnik azlıq” olaraq qəbul edilməsi və yalnız “hüquq və təhlükəsizliyinin qorunması” üzrə müzakirələrin aparılmasıdır. Müsbət gözləntilər artır, hərçənd, Rusiyanın prosesi pozmaq cəhdlərinin olacağı da aydındır. Peskov açıq şəkildə “münasibətlər yalnız üçtərəfli razılaşmalar çərçivəsində mümkündür” dedi və bununla razılaşmanı qəbul etməyəcəklərini öncədən elan etdi. Moskvanın rıçaqları hələ də var, xüsusilə Qarabağdakı separatçılar üzərindən problemlər yarada bilər. Eyni zamanda nazirlərin Vaşinqtondan sonra Moskvada planlaşdırılan görüşü Rusiyanın hər iki tərəf üçün məqbul ola biləcək təkliflər verə biləcəyi ehtimalını da önə çıxarır: mümkündür ki, bu, üçtərəfli razılaşmalarda korrektlərin edilməsi ola bilər, xüsusilə kommunikasiyanın açılması ilə bağlı məsələlərdə. Baş verənlər sülh sazişinin Bakı və İrəvandan daha çox, geosiyasi oyunçuların hansının qalib gələcəyindən asılı olduğunu göstərir".