Vaşinqton yüksək xərcli regional münaqişəyə daxil olmaq istəmir - Sena Darbaz

  • "İran isə iqtisadi təzyiqi azaltmaq və daxili sabitliyini gücləndirmək niyyətindədir"
  • " Buna görə də qısa və orta müddətli perspektivdə münaqişə riskinin nəzərəçarpacaq dərəcədə azaldığını düşünürəm" 

İran və ABŞ arasında aparılan danışıqlar və imzalanan razılaşma regionda diqqətlə izlənilən əsas geosiyasi proseslərdən biri olaraq qalır. İran prezidenti Məsud Pezeşkyan 33-cü Respublikaçı Pul və Bank Siyasəti Konfransında etdiyi çıxışında bu müqavilənin Tehranın maraqlarına tam cavab verdiyini və nəticələrinin yaxın zamanda özünü göstərəcəyini bildirib. 

Eyni zamanda danışıqlar prosesi ilə bağlı diplomatik detallar da diqqət çəkir. Pakistan və Qətərin vasitəçiliyi ilə İsveçrənin Bürgenştok şəhərində keçirilən görüşlərdə İran nümayəndə heyətinin ABŞ tərəfi ilə əl sıxışmaqdan və birgə foto çəkdirməkdən imtina etdiyi bildirilir ki, bu da tərəflər arasında siyasi məsafənin hələ də saxlandığını göstərir.

Əsas məsələ isə imzalanan memorandumun davamlı və qalıcı sülhə yol açıb-açmayacağıdır. 

Jurnalist, FokusPlus-un müxbiri, siyasi şərhçi Sena Darbaz Sherg.az-a bildirib ki, mövcud mətn və tərəflərdən gələn açıqlamalar nəzərə alındıqda, saziş İran baxımından gözləniləndən daha müsbət bir çərçivə təqdim edir:  

"Xüsusilə İranın neft ixracına yenidən imkan yaradılması, dondurulmuş vəsaitlərin sərbəst buraxılması, iqtisadi sanksiyaların mərhələli şəkildə yumşaldılması və rejim dəyişikliyi ritorikasından uzaq durulması Tehranın uzun müddətdir danışıqlar apardığı əsas mövzular idi.

Lakin beynəlxalq münasibətlər perspektivindən baxıldıqda, bir sazişin uğuru onun mətninin məzmunundan daha çox, tətbiq oluna bilməsindən asılıdır. Burada üç əsas sual ön plana çıxır. Birincisi, İranın nüvə fəaliyyətlərinə dair texniki nəzarət mexanizmlərinin necə işləyəcəyi məsələsidir. İkincisi, ABŞ Konqresinin və Amerika bürokratiyasının sazişə nə dərəcədə dəstək verəcəyidir. Üçüncüsü isə İsrailin və regiondakı digər aktorların bu prosesə necə reaksiya göstərəcəyidir.

Bu gün etibarilə tərəflərin müharibə əvəzinə nəzarət olunan normallaşmanı üstün tutduğu görünür. Vaşinqton uzunmüddətli və yüksək xərcli regional münaqişəyə daxil olmaq istəmir. İran isə iqtisadi təzyiqi azaltmaq və daxili sabitliyini gücləndirmək niyyətindədir. Buna görə də qısa və orta müddətli perspektivdə münaqişə riskinin nəzərəçarpacaq dərəcədə azaldığını düşünürəm". 

Analitik qeyd edib ki, bu sazişi qalıcı sülh sazişi kimi xarakterizə etmək akademik baxımdan doğru deyil: 

"Daha çox, tərəflərin qarşılıqlı xərcləri azaltmağı hədəflədiyi strateji uzlaşmadan söhbət gedir. İran ilə ABŞ arasındakı əsas fikir ayrılıqları- nüvə proqramı, regional nüfuz mübarizəsi, raket potensialı və təhlükəsizlik memarlığı kimi mövzularda mövcudluğunu qoruyub saxlayır.

Dolayısıyla, mövcud konjonkturada ən real ssenari, hərtərəfli sülhdən daha çox, nəzarət olunan gərginlik və diplomatik təmaslar dövrünə daxil olunmasıdır. Əgər tərəflər iqtisadi və təhlükəsizlik sahələrində etimadı artıran addımları davam etdirə bilsələr, bu proses daha qalıcı normallaşmaya çevrilə bilər. Lakin Yaxın Şərqin yaxın tarixi onu göstərir ki, tək bir saziş regional rəqabətləri aradan qaldırmaq üçün kifayət etmir".