Bu cür görüşlər formaldır, yalnız icra nümayəndələrinin seçdiyi vətəndaşlar iştirak edir Hələ ki, bizim ölkədə məmur-vətəndaş münasibətləri demokratik görüş keçirib, vətəndaşların hər dərdini dinləmək səviyyəsinə gəlib çatmayıb
Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən hər ay fərqli şəhər və rayonlarda vətəndaş qəbulu keçirilir.
Yüksəkvəzifəli dövlət məmurları hər ay bölgələrdə insanlarla görüşlər keçirərək, onların problemlərini, şikayətlərini dinləyirlər. Bu görüşlərdə vətəndaşlara dövlətin hər zaman xalqın yanında olduğu mesajı verilir, insanların problemlərinin həll ediləcəyinə dair fikirlər səsləndirilir. Amma nədənsə, verilən vədlərə çox az dövlət quruma əməl edib, vətəndaşların probleminin həllinə kömək edir.
AVCİYA-nın eksperti, professor Məhərrəm Zülfüqarlı isə “Sherg.az"a açıqlamasında bu cür görüşlərin formal xarakterli olduğunu və görüşdə yalnız icra nümayəndələrinin seçdiyi vətəndaşların iştirak etdiyini deyib:

“Görüşlərdə təşkil olunmuş insanlar və əvvəlcədən əzbərlənmiş suallar verilir və ona görə də yerlərdəki bütün problemlər həll olunmamış qalır. Hələ ki, bizim ölkədə məmur-vətəndaş münasibətləri demokratik görüş keçirib, vətəndaşların hər dərdini dinləmək səviyyəsinə gəlib çatmayıb. Açığı, Azərbaycan xalqının nə icra başçılarına, nə də hansısa dövlət qurumunun rəhbərinə inamı var. Əksinə, vətəndaşlar hər zaman məmurların vətəndaşlara qarşı diqqətsizliyi, kobud şəkildə desəm, saymamazlığından şikayət edir. Problemi olan vətəndaşlar hansısa icra hakimiyyətinə gedib dərdini danışmağı vaxt itkisi sayıb, birbaşa Prezident Aparatına müraciət edir. Dəfələrlə Azərbaycanda icra hakimiyyəti strukturlarının özünü doğrultmadığını bəyan etmişik. Bu qurum ləğv olunmalı və ciddi islahatlar keçirilməlidir. Çünki məmurların əksəriyyətinin fəaliyyəti korrupsiya uğrayıb. Ölkə başçısı İlham Əliyev də dəfələrlə bu məsələyə toxunub və hər birinə xəbərdarlıq edib. Məmurların isə fəaliyyəti şəffaf olmadığı üçün xalqdan qorxur və bütün qapıları vətəndaşların üzünə bağlayıblar ki, əməlləri aşkar olunmasın. Bu xalq icra başçılarından, dövlət qurumlarının rəhbərlərindən nə istəyir!? İş, normal maaş... məmurlar da bu problemlərin həllinə nail ola bilmirlər. Çünki onlar yerlərdə iş yerlərinin açılmasından daha çox öz ciblərini doldurmağı düşünürlər”.
M.Zülfüqarlı deyib ki, cənab Prezident də dəfələrlə icra başçılarından tələb edir ki, rayonlara xarici investisiya cəlb etsinlər. Amma icra başçıları buna əməl etmirlər: “Onlar özlərini müvəqqəti hesab edirlər, ancaq şəxsi maraqlarından çıxış edirlər. Əlbəttə, investisiya cəlb olunsa, işsizlik aradan qalxar, insanların firavanlığı artar. Hansısa bir sahibkar bölgəyə investisiya yatırtmaq istəyəndə isə məmurlar ona bürokratik əngəllər yaradıb, fəaliyyətinə şərait yaratmaq üçün rüşvət istəyirlər. Bu da sahibkarların regionlara marağının azalmasına səbəb olur. Çünki investorlar sahibkarlıq fəaliyyəti risk yaradan faktorlardan çəkinirlər. Xarici ölkələrdə şəhər rəhbərliyi kiçik və orta sahibkarlar uğrunda mübarizə aparır. İnvestorları cəlb etmək üçün vergiləri azaldıb onların diqqətini çəkirlər. Bizim ölkənin şəhər rəhbərləri isə maraq göstərən investorları da ya küsdürür, ya da onlara aylıq haqq kəsirlər”.