Viktor Yuşenko: "Heydər Əliyev ən çətin işin - millətin formalaşmasının öhdəsindən gəlib”

“Azərbaycanın ümummilli lideri Heydər Əliyev ən çətin işin - millətin formalaşmasının öhdəsindən gəlib”.

APA xəbər verir ki, bunu Heydər Əliyev Mərkəzində keçirilən "Heydər Əliyev 100: Həyatı və irsi" adlı tədbirdə Ukraynanın sabiq prezidenti Viktor Yuşenko deyib.

O bildirib ki, Azərbaycan xalqının bəxti gətirib ki, çətin bir zamanda məhz Heydər Əliyev onun lideri olub: "O, ən çətin vaxtlarda bütün məsələlərdə tarazlığı qoruyub saxlaya bilib".

Yuşenko qeyd edib ki, Prezident Əliyevlə Ukraynada o, Ukrayna Mərkəzi Bankının rəhbəri olarkən görüşüb və Azərbaycanın ilk milli valyutasının çapına dair təlimat alıb.

Viktor Yuşenko Heydər Əliyevlə görüşü barədə təəssüratlarını bölüşüb:

"Bu gün biz Azərbaycanla strateji tərəfdaşıq. Ölkələrimiz arasında hər hansı fikir ayrılığı, münasibətlərimizdə hər hansı xoşagəlməz səhifələr yoxdur. Mən Azərbaycan xalqına rifah, çiçəklənən gələcək arzulayıram".