Xalqın dəstəyi İlham Əliyevin əsas siyasi gücüdür - Əkbər Qoşalı

  • “Azərbaycan cəmiyyətində dövlətçilik düşüncəsinin güclü dayaqları formalaşıb”

Medianın İnkişafı Agentliyi 2026-cı ilin birinci yarısında Prezident İlham Əliyevin fəaliyyətinə ölkə vətəndaşlarının münasibətini öyrənmək, bu sahədə dinamika və tendensiyaları təhlil etmək məqsədilə ictimai rəy sorğusu keçirib.

Sorğunun nəticələri Prezident İlham Əliyevin siyasi liderliyinə və strateji fəaliyyətinə ictimai dəstəyin yüksək səviyyədə olduğunu göstərib.

Nəticələrdə Prezident İlham Əliyevə respondentlərin etimad səviyyəsi ümumilikdə 87.7 faiz təşkil edir. Bu göstərici ölkədə hər 10 nəfərdən təxminən 9-nun Prezident İlham Əliyevə etimad etdiyini təsdiqləyir.

Bu göstəricilər yalnız statistik rəqəmlər deyil, həm də ölkədə formalaşmış ictimai-siyasi münasibətlərin, dövlətçilik düşüncəsinin və xalq-hakimiyyət birliyinin real ifadəsi kimi qiymətləndirilir.

Siyasi ekspertlərin fikrincə, bu etimadın əsas səbəblərindən biri Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən və praqmatik siyasətdir. Dövlət başçısının milli maraqları daim prioritet kimi qoruması, Azərbaycanın müstəqil mövqeyini qətiyyətlə müdafiə etməsi və ən mürəkkəb geosiyasi şəraitdə belə prinsipial xətt yürütməsi cəmiyyətdə ona olan inamı daha da gücləndirib.

Digər mühüm amil Prezident İlham Əliyevin siyasi gücünün mənbəyi kimi xalqın dəstəyinə söykənməsidir. Dövlət başçısının xalqla birbaşa ünsiyyəti, ictimai gözləntilərə həssas yanaşması və milli iradəni ifadə edən siyasət yürütməsi qarşılıqlı etimad mühitini möhkəmləndirən əsas faktorlar sırasında göstərilir.

CASCFEN İdarə heyətinin üzvü Əkbər Qoşalı Sherg.az-a bildirib ki, Medianın İnkişafı Agentliyinin sifarişi ilə keçirilən sosioloji sorğunun nəticələri hakimiyyətin hüquqi legitimliyi ilə ictimai legitimliyi arasında mühüm fərqin mövcud olduğunu bir daha ortaya qoyur. Onun sözlərinə görə, seçkilər siyasi hakimiyyətə hüquqi mandat qazandırsa da, uzunmüddətli ictimai etimad yalnız həyata keçirilən siyasətin real nəticələri, qəbul olunan qərarların səmərəliliyi və bu qərarların insanların həyatında yaratdığı müsbət dəyişikliklər əsasında formalaşır:

“Sorğuda Prezident İlham Əliyevə münasibətlə bağlı açıqlanan göstəricilər – yüksək etimad səviyyəsi, fəaliyyətinin əhalinin böyük əksəriyyəti tərəfindən müsbət qiymətləndirilməsi və respondentlərin mühüm hissəsinin onu alternativsiz siyasi lider kimi görməsi Azərbaycan cəmiyyətində dövlətçilik düşüncəsinin güclü ictimai dayaqlara malik olduğunu göstərən mühüm indikatorlardır.

Prezident İlham Əliyevin uzun illərdir həyata keçirdiyi siyasi kursun əsasını milli maraqların qorunması təşkil edir. Mürəkkəb geosiyasi coğrafiyada yerləşən Azərbaycan müxtəlif güc mərkəzləri ilə balanslı münasibətlər qurmaqla yanaşı, dövlət müstəqilliyini, suveren qərarvermə hüququnu və milli maraqlarını daim prioritet saxlayıb. Məhz bu siyasət Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi qəbul olunmasına və eyni zamanda heç bir xarici siyasi mərkəzdən asılı olmayan müstəqil mövqeyini qorumasına imkan yaradıb”.

Ə. Qoşalının fikrincə ictimai etimadın əsas dayaqlarından biri də xalqla hakimiyyət arasında formalaşmış qarşılıqlı güvən mühitidir:

“Dövlət idarəçiliyində inzibati resurslarla yanaşı, mənəvi dayağın da mühüm rolu var. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, onun əsas gücü Azərbaycan xalqının dəstəyidir. Cəmiyyət isə bunu ilk növbədə milli maraqları qətiyyətlə müdafiə edən siyasi iradədə, taleyüklü qərarlarda və ən mürəkkəb məqamlarda nümayiş etdirilən prinsipial mövqedə görür.

Müasir dünyada liderlik anlayışı yalnız səlahiyyətlə ölçülmür. Güclü lider eyni zamanda strateji düşüncə, hadisələri qabaqlamaq bacarığı, riskləri düzgün qiymətləndirmək və böhranları yeni imkanlara çevirmək qabiliyyəti ilə seçilir. Prezident İlham Əliyevin həm ölkə daxilində, həm də beynəlxalq platformalarda nümayiş etdirdiyi siyasi davranış modeli Azərbaycanın diplomatik mövqelərinin möhkəmlənməsində mühüm rol oynayıb.

İqtisadi inkişaf da ictimai etimadı formalaşdıran əsas amillərdəndir. Güclü dövlət yalnız siyasi bəyanatlarla deyil, möhkəm iqtisadi təməllərlə qurulur və inkişaf edir. Son illərdə nəqliyyat, energetika, logistika, rəqəmsal texnologiyalar, kənd təsərrüfatı, sənaye və infrastruktur sahələrində həyata keçirilən layihələr ölkənin iqtisadi dayanıqlığını əhəmiyyətli dərəcədə gücləndirib. Enerji təhlükəsizliyi, beynəlxalq nəqliyyat dəhlizlərinin genişlənməsi və qeyri-neft sektorunun inkişafı Azərbaycanın regional iqtisadi mərkəz kimi mövqeyini daha da möhkəmləndirib.

Şübhəsiz, çağdaş Azərbaycan tarixinin ən mühüm dönüş nöqtəsi 2020-ci ilin 44 günlük Vətən müharibəsi oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər nəticəsində ölkənin beynəlxalq hüquqla tanınmış ərazilərinin böyük hissəsi işğaldan azad edildi. Sonrakı mərhələdə dövlət suverenliyinin bütün ölkə ərazisində tam təmin olunması milli dövlətçilik tariximizdə yeni mərhələnin əsasını qoydu və milli həmrəyliyi daha da gücləndirdi”.

Ekspert qeyd edib ki, Azərbaycanın beynəlxalq nüfuzunun artması da ictimai rəyə təsir edən əsas amillərdən biridir:

“Regional əməkdaşlıq layihələri, enerji təhlükəsizliyi sahəsində oynadığı strateji rol, beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi və qlobal platformalarda nümayiş etdirdiyi fəallıq ölkəmizin dünya siyasətindəki çəkisini əhəmiyyətli dərəcədə artırıb.

Müasir dünyanın ən ciddi çağırışlarından biri təhlükəsizlik məsələsidir. Müharibələrin, geosiyasi qarşıdurmaların, terror təhdidlərinin və iqtisadi böhranların artdığı bir dövrdə Azərbaycanda sabitliyin və ictimai təhlükəsizliyin qorunması vətəndaşların gündəlik həyatına birbaşa təsir edən mühüm amildir. İnsan üçün sabitlik artıq yalnız siyasi anlayış deyil, ailəsinin təhlükəsizliyi, övladlarının gələcəyi, iqtisadi rifahı və sabaha inamı deməkdir.

Təbii ki, heç bir dövlət və siyasi sistem dəyişməyən şəraitdə fəaliyyət göstərə bilməz. Yeni dövr yeni çağırışlar, daha çevik idarəetmə modeli, daha güclü institutlar və daha məsuliyyətli qərarlar tələb edir. Dövlət idarəçiliyinin davamlı təkmilləşdirilməsi, hüquqi institutların möhkəmləndirilməsi, sosial rifahın yüksəldilməsi, iqtisadiyyatın şaxələndirilməsi və insan kapitalına yatırımların artırılması gələcək inkişafın əsas istiqamətləri olaraq qalır. Çünki yüksək ictimai etimad yalnız əldə olunan uğurların göstəricisi deyil, həm də gələcək məsuliyyətlərin ölçüsüdür.

Azərbaycan cəmiyyətində dövlətçilik düşüncəsinin əsas sütunlarından biri milli birlikdir. Dövlətlə xalq arasında qarşılıqlı etimadın qorunması, milli maraqlar ətrafında həmrəyliyin möhkəmləndirilməsi və islahatların ardıcıl şəkildə davam etdirilməsi ölkənin gələcək inkişafının əsas təminatıdır.

Xalq birliyi, güclü dövlət institutları və milli maraqlara söykənən siyasət dövlətçiliyin ən etibarlı dayağıdır. Tarix bunu dəfələrlə sübut edib”.