Xanobada yandırılan tonqal: Xocavənddən dünyaya verilən mesajlar

Prezident İlham Əliyev Xocavənd rayonunun Xanoba kəndində sakinlərlə görüşdə deyib ki, Azərbaycan xalqı öz milli qürurunu bərpa edib.

"Biz öz milli qürurumuzu bərpa etdik, ədaləti, ərazi bütövlüyümüzü bərpa etdik, düşməni torpaqlarımızdan qovduq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Silahlı Qüvvələrimiz həm 2020-ci ildə, həm 2023-cü ildə böyük qəhrəmanlıq göstərmişdir. Bunun nəticəsində biz bu gün bu torpaqlardayıq və biz bu torpaqların əsl sahibləriyik. Çünki Ermənistan buranı viran qoymuşdu. Yəni bütün kənd, qəsəbə, şəhər - hamısını dağıtmışdı. Burada bir neçə daxma tipli ev qalmışdı, amma indi baxın. Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı nə gündə idi, yerlə-yeksan etmişdilər. Xaricdən gələn erməniləri Laçında, Kəlbəcərdə qanunsuz məskunlaşdırmışdılar, ora da bərbad vəziyyətdə idi. Yəni hamısını biz yenidən qururuq. Cəmi 5-6 il ərzində Qarabağda və Şərqi Zəngəzurda 80 mindən çox insan yaşayır, çalışır, təhsil alır. Demək olar ki, hər ay, bəlkə də hər həftə keçmiş köçkünlər "Böyük Qayıdış" Proqramı çərçivəsində öz doğma diyarlarına qayıdırlar".

Dövlət başçısının səsləndirdiyi fikirlər həm beynəlxalq, həm də yerli ictimaiyyətə ünvanlanmış mesajdır.

Məlum olduğu kimi, 2021-ci ildən etibarən dövlət başçısı hər il Novruz ərəfəsində Qarabağda olur, sakinlərlə görüşür. Bu səfərlər özü də bir daha göstərir ki, Azərbaycan Qarabağa birdəfəlik, əbədi qayıdıb.

2020-ci ildə İkinci Qarabağ müharibəsi, 2023-cü ildə isə bir günlük antiterror əməliyyatı nəticəsində Cənubi Qafqazda tamamilə yeni reallıq yaranıb. Bu yeni "oyun qaydalarınln" müəllifi Bakıdır.

İkinci Qarabağ savaşı və antiterror əməliyyatları nəticəsində təkcə beynəlxalq hüquq yox, həm də tarixi ədalət bərpa olundu.

Qarabağda yenidənqurma-bərpa işləri sürətlə davam edir. İnsanlar öz ata-baba torpaqlarına qayıdırlar. Sözsüz ki, beynəlxalq ictimaiyyət, o cümlədən Ermənistan hakimiyyəti bu prosesləri diqqətlə izləyir.

Rəsmi Bakı artıq qalib və oyun qaydalarını diktə edən tərəfdir.

2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında əldə olunan razılaşmalar regionda yeni tarixi mərhələnin- yenə də Azərbaycanın maraqlarına cavab verən dövrün əsasını qoydu. İndi Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır.

Bir neçə aydan sonra Ermənistanda keçiriləcək parlament seçkilərində baş nazir Nikol Paşinyan qalib gəlsə- onun şansları kifayər qədərdir- sülh prosesi daha da sürətlənəcək. Ermənistan hakimiyyəti vədinə uyğun olaraq Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən konstitusiyasınə dəyişərsə, cari ildə sülh sazişi imzalana bilər. Bu isə regiondakı sülh, sabitlik və rifahı daha da gücləndirəcək.

Kənan Novruzov