Ankarada keçirilən 36-cı NATO Zirvəsi beynəlxalq mediada geniş əks-səda doğurub. Xarici KİV-lər Türkiyənin artan strateji əhəmiyyətini, inkişaf edən müdafiə sənayesini və Prezident Rəcəb Tayyib Ərdoğanın diplomatik rolunu ön plana çıxarıblar.
Sherg.az xəbər verir ki, ABŞ-nin nüfuzlu "The New York Times" qəzeti yazıb ki, Ukrayna və İrandakı müharibələr, eləcə də Donald Trampın Ağ Evə qayıdışı Türkiyənin NATO müttəfiqləri arasındakı əhəmiyyətini artırıb. Nəşr Ankaradakı zirvədə Türkiyənin inkişaf etmiş müdafiə sənayesi və NATO-da ABŞ-dən sonra ikinci ən böyük orduya malik olması səbəbindən alyansın gələcəyi üçün vacib ölkə kimi qiymətləndirildiyini vurğulayıb.
"Politico" isə NATO Zirvəsinin sonunda “yalnız bir aydın qalibin” olduğunu yazaraq, bunun Prezident Ərdoğan olduğunu qeyd edib. Məqalədə Ərdoğanın yerli müdafiə sənayesi sahəsində təsirli danışıqlar aparan lider kimi önə çıxdığı bildirilib.
Müdafiə məsələləri üzrə ixtisaslaşmış Defence24 Avropanın yeni təhlükəsizlik arxitekturası qurarkən Türkiyəni kənarda qoya bilməyəcəyini vurğulayıb. Nəşr Ankara Zirvəsinin Türkiyənin müdafiə sənayesi və istehsal potensialını Avropa müttəfiqlərinə nümayiş etdirmək üçün strateji platformaya çevrildiyini qeyd edib.
Almaniyanın "Die Welt" qəzeti isə “Türkiyə yeni güc amilidirmi?” başlığı ilə dərc etdiyi yazıda Trampın zirvədə iştirakını Ərdoğanla münasibətləri ilə əlaqələndirib. Nəşr Ərdoğanın Trampın uzun illərdir yaxşı şəxsi əlaqələr saxladığı azsaylı liderlərdən biri olduğunu vurğulayıb.