Xocavənd rayonun Xanoba kəndinə ilk köç karvanı yola salınıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Xocavənd rayonunun Xanoba kəndinə ilk köç karvanı yola salınıb. Köç prosesi İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində davam etdirilir.
Xanoba kəndinə köç edən sakinlər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələridir. Dövlət tərəfindən yaradılan şərait nəticəsində onlar uzun illərdən sonra doğma yurdlarına qayıtmaq imkanı əldə ediblər.
Doğma torpaqlarına qayıdan sakinlər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.
Sakinlər həmçinin torpaqlarımızın işğaldan azad olunmasında böyük qəhrəmanlıq göstərən Azərbaycan Ordusunun əsgər və zabitlərinə minnətdarlıqlarını ifadə edib, bu yolda canlarından keçən şəhidlərə Allahdan rəhmət diləyiblər.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır və Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına mərhələli şəkildə qayıdışı davam edir.