“XXI əsrin rəqabəti sərhədlər yox, dəhlizlər uğrundadır” - Mehmet Gökhan Özçubukçu

  • “Bakı artıq təkcə enerji deyil, dəhlizlər üzərində də söz sahibidir”
  • “Azərbaycan Avrasiyanın yeni logistika qovşağı olmağa doğru gedir”

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən IV Qlobal Media Forumu bu il beynəlxalq media nümayəndələrini bir araya gətirən tədbir olmaqdan kənara çıxaraq Cənubi Qafqazın gələcəyinə dair strateji mesajların verildiyi mühüm diplomatik platformaya çevrildi.

Azərbaycan Prezidenti İlham Əliyevin forum çərçivəsində beynəlxalq jurnalistlərin suallarını cavablandırarkən səsləndirdiyi əhatəli qiymətləndirmələr Türkiyə-Azərbaycan münasibətlərindən Orta Dəhlizə, Zəngəzur Dəhlizindən Avropa İttifaqı ilə əlaqələrə, enerji diplomatiyasından regional təhlükəsizlik memarlığına qədər uzanan geniş perspektiv təqdim etdi. Prezidentin çıxışı təkcə cari hadisələrə dair siyasi qiymətləndirmələrdən ibarət olmadı. Həm də Azərbaycanın qarşıdakı illərdə həyata keçirəcəyi xarici siyasət vizyonunun əsas parametrlərini ortaya qoyan geniş strateji çərçivə xarakteri daşıdı.

Beynəlxalq münasibətlər üzrə ekspert Mehmet Gökhan Özçubukçu IV Şuşa Qlobal Media Forumunun əhəmiyyəti, Prezident İlham Əliyevin səsləndirdiyi strateji mesajlar və Azərbaycanın regional siyasətinin əsas istiqamətləri ilə bağlı Sherg.az-ın suallarını cavablayıb:

-Şuşanın IV Qlobal Media Forumuna ev sahibliyi etməsi hansı siyasi və strateji məna daşıyır?

-Şuşanın belə bir platformaya ev sahibliyi etməsi təsadüfi deyil. Şəhər İkinci Qarabağ müharibəsindən sonra yenidən Azərbaycanın suverenliyi altına qayıtdı. Şuşa tarixi və mədəni kimliyi ilə yanaşı, ölkənin ictimai diplomatiyasının və beynəlxalq görünürlüğünün simvol məkanlarından birinə çevrildi.

Bu gün Şuşada keçirilən hər bir beynəlxalq tədbir Azərbaycanın suverenlik anlayışını, yenidənqurma prosesini və regional vizyonunu beynəlxalq ictimaiyyətə çatdıran strateji kommunikasiya vasitəsidir. Bu baxımdan Qlobal Media Forumu media gündəmindən kənara çıxaraq, Bakının xarici siyasət prioritetlərini və regional hədəflərini birbaşa izah edə bildiyi mühüm diplomatik platforma funksiyasını yerinə yetirir.

-Prezident İlham Əliyevin forumdakı çıxışında əsas diqqət çəkən məqamlar nələr idi?

-Prezident İlham Əliyevin çıxışında diqqət çəkən ən mühüm məqam Azərbaycanın xarici siyasət yanaşmasının artıq klassik təhlükəsizlik mərkəzli yanaşmanı aşmasıdır.

Qarabağ Zəfərindən sonra ölkə ərazi bütövlüyünü yenidən təmin etmiş bir dövlətdən nəqliyyat dəhlizlərini idarə edən, enerji təhlükəsizliyinə istiqamət verən və Avrasiyanın mühüm layihələrində mərkəzi rol oynamağı hədəfləyən geoiqtisadi aktora çevrilməkdədir.

Bu transformasiya təkcə Azərbaycanın milli inkişaf məqsədləri baxımından deyil, həm də Cənubi Qafqazın gələcəyi nöqteyi-nəzərindən yeni dövrün başlanğıcına işarə edir.

Şuşada verilən mesajlar üç əsas istiqamət üzrə qiymətləndirilməlidir. Birincisi, Türkiyə ilə strateji tərəfdaşlığın regional təhlükəsizlik və sabitliyin əsas dayaqlarından biri kimi daha da gücləndirilməsi hədəflənir. İkincisi, Orta Dəhliz və Zəngəzur Dəhlizi kimi nəqliyyat layihələri vasitəsilə Azərbaycanın Avrasiya ticarətinin əsas mərkəz ölkələrindən birinə çevrilməsi strategiyası ön plana çıxır.

Nəhayət, Avropa, ABŞ, Rusiya və digər qlobal aktorlarla münasibətlərdə həyata keçirilən çoxşaxəli xarici siyasət yanaşması Bakının dəyişən beynəlxalq sistemdə daha müstəqil və daha təsirli mövqe formalaşdırmaq istəyini nümayiş etdirir.

Bu səbəbdən Şuşada səsləndirilən mesajları yalnız cari siyasi bəyanatlar kimi qiymətləndirmək kifayət deyil. Bu çıxış Cənubi Qafqazda formalaşan yeni geosiyasi nizamın, Avrasiyada meydana gələn geoiqtisadi rəqabətin və Azərbaycanın bu prosesdə üzərinə götürmək istədiyi rolun əhatəli yol xəritəsini ortaya qoyur.

-Prezidentin çıxışında Türkiyə-Azərbaycan münasibətlərinə xüsusi diqqət ayrılması nə ilə bağlıdır?

-Çıxışda ən güclü vurğulardan biri Türkiyə-Azərbaycan münasibətlərinə həsr olundu.

İlham Əliyevin qiymətləndirmələri bir daha göstərdi ki, iki ölkə arasında əməkdaşlıq artıq yalnız tarixi və mədəni bağlarla izah edilə bilməz. Bu gün Ankara ilə Bakı arasında formalaşdırılmış strateji tərəfdaşlıq müdafiə sənayesindən enerji təhlükəsizliyinə, nəqliyyat şəbəkələrindən diplomatik koordinasiyaya qədər geniş sahəni əhatə edir.

Xüsusilə 2021-ci il tarixli Şuşa Bəyannaməsi ilə institusional xarakter qazanan bu tərəfdaşlıq təkcə ikitərəfli münasibətlərin hüquqi əsaslarını möhkəmləndirməyib, eyni zamanda Cənubi Qafqazda yeni təhlükəsizlik memarlığının əsas sütunlarından birinə çevrilib.

Azərbaycan Türkiyə ilə münasibətlərini üçüncü tərəflərə qarşı yaradılmış ittifaq kimi deyil, regional sabitliyin tamamlayıcı elementi kimi təqdim edir.

Son illərdə enerji xətləri, nəqliyyat dəhlizləri və iqtisadi inteqrasiya layihələri göstərir ki, Ankara ilə Bakı arasında koordinasiya Türk dünyasından Avropaya qədər uzanan geniş coğrafiyaya strateji töhfə verir.

-İlham Əliyevin çıxışında ön plana çıxan digər mühüm məqam Cənubi Qafqazda davamlı sülhün bərqərar olunmasına dair mesajlar oldu.

-Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra formalaşmış yeni reallığın beynəlxalq aktorların qəbul etməsinin vacibliyini vurğulamaqda davam edir. Bakı hesab edir ki, regional normallaşma prosesi də məhz bu yeni reallıq əsasında inkişaf edə bilər.

Bu çərçivədə Ermənistan ilə aparılan sülh prosesi Cənubi Qafqazın uzunmüddətli sabitliyini müəyyən edəcək əsas amillərdən biri kimi qiymətləndirilir.

-Forumda Avropa İttifaqı, ABŞ və Rusiya ilə münasibətlər baxımından da bir çox məqamlara da diqqət çəkildi.

-Bəli. İlham Əliyevin Avropa İttifaqına dair qiymətləndirmələri diqqətəlayiqdir. Son illərdə Brüssel ilə Bakı arasında zaman-zaman siyasi fikir ayrılıqları yaşansa da, Azərbaycan Avropanın enerji təhlükəsizliyində oynadığı rolun artdığını vurğulayır.

Xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra Avropanın enerji mənbələrini şaxələndirmək istiqamətində atdığı addımlar Cənub Qaz Dəhlizi başda olmaqla Azərbaycan mərkəzli enerji layihələrinin strateji əhəmiyyətini artırıb.

Bakı siyasi məsələlərdə mövcud olan fikir ayrılıqlarını enerji, nəqliyyat və iqtisadi əməkdaşlıqdan tamamilə ayrı qiymətləndirən praqmatik xarici siyasət yanaşmasını davam etdirir.

ABŞ ilə münasibətlərə gəldikdə isə Vaşinqtonun Cənubi Qafqazda baş verən proseslərə və regional nəqliyyat layihələrinə artan marağını Azərbaycan diqqətlə izləyir.

Azərbaycan böyük güclər arasındakı rəqabətin tərəfi olmaq əvəzinə, çoxşaxəli xarici siyasət konsepsiyasına uyğun olaraq həm Qərb ölkələri, həm də regional aktorlarla balanslaşdırılmış münasibətləri inkişaf etdirməyə üstünlük verir.

-Yeri gəlmişkən Rusiyanın Ukrayna müharibəsindən sonra dəyişən regional və qlobal mövqeyi Cənubi Qafqazdakı güc balansına necə təsir edir?

-Rusiyanın Ukrayna müharibəsindən sonra Avrasiya geosiyasətində üzləşdiyi nisbi güc itkisi Cənubi Qafqazdakı güc balansına birbaşa təsir göstərir.

Keçmişdə əsasən Moskvanın təhlükəsizlik perspektivi əsasında formalaşan regional nizam bu gün daha çox çoxqütblü və rəqabətli bir struktura çevrilməkdədir. Azərbaycan isə bu yeni mərhələdə təkcə baş verən dəyişikliklərə uyğunlaşan aktor olmaqla kifayətlənmir, regional transformasiyanın istiqamətini müəyyən edən əsas ölkələrdən birinə çevrilməyi qarşıya məqsəd qoyur.

Şuşada verilən mesajlar da məhz bu strateji yanaşmanın əksidir.

İlham Əliyevin açıqlamaları göstərir ki, Azərbaycanın xarici siyasət konsepsiyası yeni mərhələyə qədəm qoyub. Qarabağ məsələsinin böyük ölçüdə həllindən sonra Bakı artıq təhlükəsizlik istehlak edən ölkə olmaqdan çıxaraq təhlükəsizlik yaradan, iqtisadi inteqrasiyanı təşviq edən və regional əməkdaşlığa istiqamət verən aktor olmaq iddiasını daha açıq şəkildə nümayiş etdirir.

-Orta Dəhliz və Zəngəzur Dəhlizinin forumda xüsusi vurğulanması hansı strateji məqsədlərlə bağlıdır?

-IV Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin üzərində ən çox dayandığı mövzulardan biri Orta Dəhliz və Zəngəzur Dəhlizi oldu. Bu, təsadüfi deyil.

Müasir beynəlxalq sistemdə dövlətlərin qlobal güc mövqeyi artıq yalnız hərbi və siyasi imkanlarla deyil, həm də ticarət marşrutlarına nəzarət etmək, enerji axınlarını istiqamətləndirmək və nəqliyyat şəbəkələrinin mərkəzində yer almaq qabiliyyəti ilə ölçülür.

Başqa sözlə, XXI əsrdə rəqabət yalnız sərhədlər üzərində deyil, həm də dəhlizlər üzərində gedir. Bu səbəbdən nəqliyyat layihələri eyni zamanda geosiyasi və geoiqtisadi güc amili hesab olunur.

Azərbaycan son illərdə xarici siyasətini klassik təhlükəsizlik anlayışının hüdudlarından çıxararaq geoiqtisadi mərkəzə çevrilmək məqsədi istiqamətində mühüm addımlar atır.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsi, Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi, Xəzər dənizi üzərindən keçən multimodal daşımaların gücləndirilməsi və rəqəmsal gömrük sistemlərinin inkişafı ölkənin Avrasiyanın əsas logistika mərkəzlərindən birinə çevrilmək hədəfinin konkret göstəriciləridir.

-Orta Dəhlizin artan əhəmiyyətini hansı amillərlə izah etmək olar?

-Çindən başlayaraq Mərkəzi Asiya, Xəzər dənizi, Cənubi Qafqaz və Türkiyə üzərindən Avropaya uzanan Orta Dəhliz son illərdə qlobal ticarət şəbəkələrinin mühüm alternativlərindən biri kimi ön plana çıxıb.

Xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra Şimal Dəhlizi ilə bağlı yaranan qeyri-müəyyənlik və Qırmızı dənizdəki təhlükəsizlik problemləri Orta Dəhlizin geoiqtisadi əhəmiyyətini daha da artırıb.

Bu proses Azərbaycanın coğrafi mövqeyini strateji üstünlüyə çevirməsi üçün yeni imkanlar yaradıb.

İlham Əliyevin çıxışında əsas vurğu Orta Dəhlizin mövcud potensialının qorunması və yeni bağlantılar vasitəsilə daha da gücləndirilməsi istiqamətində nümayiş etdirilən siyasi iradə idi.

-Zəngəzur Dəhlizi Azərbaycanın regional strategiyasında hansı rolu oynayır?

-Zəngəzur Dəhlizi xüsusi strateji əhəmiyyət daşıyır. Bu layihə uzun illər Azərbaycan-Ermənistan münasibətləri çərçivəsində müzakirə olunsa da, Bakı ona daha geniş geoiqtisadi perspektivdən yanaşır.

Azərbaycan baxımından bu dəhliz yalnız Naxçıvanla quru əlaqəsinin təmin olunması demək deyil. Eyni zamanda bu, Türk dünyasını fasiləsiz nəqliyyat şəbəkəsi ilə birləşdirəcək və Orta Dəhlizin səmərəliliyini artıracaq strateji həlqə kimi qiymətləndirilir.

Bu yanaşma Türkiyənin həyata keçirdiyi nəqliyyat və əlaqə siyasəti ilə də böyük ölçüdə üst-üstə düşür.

Ankaranın Orta Dəhlizi qlobal ticarət marşrutlarının mühüm alternativinə çevirmək məqsədi ilə Bakının logistika mərkəzi olmaq strategiyası bir-birini tamamlayan iki əsas istiqamət kimi çıxış edir.

Bu baxımdan Zəngəzur Dəhlizi yalnız Azərbaycan üçün deyil, Türkiyənin Mərkəzi Asiyaya çıxışı, Türk Dövlətləri Təşkilatı çərçivəsində iqtisadi inteqrasiyanın dərinləşdirilməsi və Avrasiya nəqliyyat şəbəkələrinin şaxələndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır.

-Zəngəzur Dəhlizinin qlobal aktorların diqqət mərkəzinə gəlməsi nəyi göstərir?

-İlham Əliyevin forum zamanı ABŞ-nin də Zəngəzur Dəhlizinin əhəmiyyətini dərk etməyə başladığını vurğulaması layihənin artıq yalnız regional nəqliyyat xətti kimi qiymətləndirilmədiyini göstərir.

Bu gün Vaşinqtondan Brüsselə, Pekindən Mərkəzi Asiya ölkələrinə qədər müxtəlif aktorlar Avrasiyada təhlükəsiz və fasiləsiz nəqliyyat şəbəkələrinin formalaşdırılmasını qlobal iqtisadi rəqabətin əsas elementlərindən biri hesab edirlər.

Bu isə onu göstərir ki, Zəngəzur Dəhlizi geosiyasi müzakirələrin hüdudlarını aşaraq, qlobal təchizat zəncirlərinin yenidən formalaşdığı dövrdə mühüm strateji dəyər qazanıb.

-Azərbaycanın enerji və nəqliyyat strategiyası necə bir-birini tamamlayır?

-Azərbaycanın nəqliyyat vizyonu yalnız dəhlizlərin inşası ilə məhdudlaşmır. Bakı enerji təhlükəsizliyi ilə nəqliyyat təhlükəsizliyini bir-birini tamamlayan iki əsas strateji istiqamət kimi qiymətləndirir.

Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə ilə Orta Dəhlizin Avropa-Asiya ticarətində oynadığı rol birlikdə nəzərdən keçirildikdə, Azərbaycanın həm enerji, həm də logistika sahəsində geoiqtisadi mərkəzə çevrilməyi hədəflədiyi aydın görünür.

Azərbaycan artıq yalnız enerji ixrac edən və ya tranzit keçid təmin edən ölkə olmaqla kifayətlənmir. Ölkə ticarət marşrutlarını istiqamətləndirən, nəqliyyat şəbəkələrini birləşdirən, regional iqtisadi inteqrasiyanı təşviq edən və Avrasiyanın yeni bağlantısallıq memarlığında əsas mərkəz ölkələrindən birinə çevrilməyi hədəfləyən strategiya həyata keçirir.

-Ümumilikdə IV Şuşa Qlobal Media Forumunun əsas strateji nəticəsini necə qiymətləndirirsiniz?

-IV Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər yalnız cari siyasi bəyanatlar kimi deyil, daha geniş strateji çərçivədə qiymətləndirilməlidir.

Şuşada keçirilən forum Azərbaycanın yeni mərhələdəki prioritetlərini beynəlxalq ictimaiyyətə çatdırdığı mühüm diplomatik platformaya çevrildi.

Təxminən otuz il ərzində beynəlxalq gündəmin mərkəzində ərazi bütövlüyü və işğal problemi ilə çıxış edən Azərbaycan bu gün enerji diplomatiyası, nəqliyyat şəbəkələri, əlaqə layihələri və iqtisadi inteqrasiya vasitəsilə regional nizamın formalaşmasına töhfə verən aktor kimi çıxış edir.

Türkiyə-Azərbaycan strateji tərəfdaşlığı isə yalnız iki ölkə arasındakı münasibətlərin səviyyəsini deyil, eyni zamanda Türk dünyasının iqtisadi inteqrasiyasını, Orta Dəhlizin inkişafını və Cənubi Qafqazda sabitlik perspektivlərini müəyyən edən əsas amillərdən biri kimi çıxış edir.

Bununla yanaşı, bu məqsədlərin reallaşdırılması üçün regional sülhün davamlı xarakter alması, normallaşma prosesinin inkişaf etməsi və nəqliyyat layihələrinin qarşılıqlı iqtisadi fayda prinsipi əsasında həyata keçirilməsi vacibdir.

Nəticə etibarilə, Şuşadan verilən mesajlar Azərbaycanın xarici siyasət prioritetlərini, Avrasiyada formalaşan yeni güc balansını və Bakının bu yeni düzəndə oynamaq istədiyi rolu ortaya qoyur.

Azərbaycan malik olduğu coğrafi mövqeyi, enerji ehtiyatlarını və çoxşaxəli diplomatik münasibətlərini geoiqtisadi üstünlüyə çevirməyə çalışan əsas regional aktorlardan biri kimi çıxış edir.

Forum Azərbaycanın Qarabağdan sonrakı dövrdə hansı regional vizyonu mənimsədiyini, Türkiyə ilə strateji tərəfdaşlığını hansı əsaslar üzərində qurduğunu göstərdi. Orta Dəhliz mərkəzli yeni Avrasiya düzənində necə bir rol oynamağı hədəflədiyini nümayiş etdirən mühüm platformaya çevrildi.