Yeni müharibə İran xalqına da lazımdır - Asim Mollazadə

“Çünki molla rejimi ucbatından ölkənin iqtisadi və sosial durumu ağır vəziyyətə düşüb"

ABŞ və İran arasında dalana dirənən danışıqlar, tərəflərin sərt tələbləri ucbatından nəticəsiz qalıb. Rəsmi Tehran Pakistanın vasitəçiliyili ilə ABŞ-yə 7 maddəlik təklif paketi göndərib.

Təkliflərə İranın uranın zənginləşdirilməsi hüququnun tanınması, Livan da daxil bütün cəbhələrdə müharibənin dayandırılması, ABŞ-nin dəniz blokadasının aradan qaldırılması, dondurulmuş aktivlərin sərbəst buraxılması, İrana vurulan zərərin ödənilməsi, bütün sanksiyaların ləğvi və Amerika qüvvələrinin İran ətrafından çıxarılması daxildir. Tramp isə cavabında, Tehranın öncə razılaşma təklif etdiyini, daha sonra razılaşma ilə heç bir əlaqəsi olmayan sənəd göndərdiyini açıqlayıb. Diqqətçəkən məqamlardan biri də ABŞ liderinin mayın 16-da İrana hücumla bağlı açıqlama verdikdən üç gün sonra fikrini dəyişməsidir. "Al Mayadeen" telekanalının məlumatına görə Trampın İrana zərbə endirmə planlarından imtina etməsinin əsas səbəbi, Tehranın hərbi potensialını gücləndirilməsi ilə bağlıdır.

Mövzu ilə bağlı politoloq Asim Mollazadə Sherg.az-a bildirib ki, ərəb ölkələri danışıqlarda irəliləyiş gördükləri üçün Trampdan zərbələri bir neçə gün təxirə salmağı xahiş ediblər.

“Hazırda diplomatik təmaslar Qətər və Birləşmiş Ərəb Əmirliklərinin birgə səyi əsasında davam edir. Pakistan da fəal şəkildə tərəflər arasında vasitəçi ölkə olaraq rol oynayır. Hələ ki, hücum planı bir neçə günlük təxirə salınıb. İranın son 7 bəndlik təklifi qəti şəkildə ABŞ tərəfindən qəbul olunmayacaq. Çünki ABŞ öz tələb və maraqlarında israrlıdır. Əgər İran ABŞ-nin şərtlərinə əməl etməsə, Tramp bu dəfə heç kimin müraciətinə məhəl qoymadan birbaşa İrana hücum əmri verəcək”. 

Politoloqun sözlərinə görə yeni müharibə İran xalqına da lazımdır:

“Çünki molla rejimi ucbatından ölkənin iqtisadi və sosial durumu ağır vəziyyətə düşüb. Onlar isə yaranmış vəziyyəti öz səhvlərinin deyil, ABŞ və İsrail hücumlarının nəticəsi kimi qələmə verirlər. İran höküməti Orta Şərqdə əlaltısı olan Həşdi-Şəbi, Bədr, Hərəkət ən-Nücəba, Ənsarullah, Fatimiyyun şiə silahlı qruplarını silahlandırmaq məqsədilə milyardlarla dollar xərcləyib. İran xalqının sərvəti “terrorist şəbəkələri”nə ayrılan maddi vasaitə görə talanıb”. 

A.Mollazadə qeyd edib ki, molla rejimi ölkənin mövcud vəziyyəti oraya çıxmasın deyə ABŞ ilə oyunlara davam edəcək: 

“Rejim ölkənin iqtisadi və sosial vəziyyəti ilə məşğul olmaq əvəzinə, danışıqlar dövründə belə məkrli siyasətlərindən geri qalmırlar. Yeni Delhidə baş tutan iclasda, Abbas Əraqçi Birləşmiş Ərəb Əmirliklərini ABŞ və İsrailə yardım etməkdə günahlandırdı. İran rəsmilərinin aqressiv davranış və mövqeləri onların sonunu gətirəcək. Yalnız İranın ümidinə qalmaq çətin məsələdir. Əgər müharibə yenidən cərəyan edərsə, BƏƏ əlinə düşən hər bir imkandan istifadə edərək, regionda mövcudluğunu qorumağa çalışacaq”.